Yuxarı

Maşın bazarına bahalaşma gəlir

Maşın bazarına bahalaşma gəlir

Avtomobil vergilərinin artırılacağı yenidən gündəmə gəlib.Təklif olunan vergi mexanizmi isə digərlərindən nisbətən fərqlidir.Belə ki, bu dəfə təklif olunan vergi mexanizmində avtomobillərin qiymətlərinə uyğun vergi ödənilməsi nəzərdə tutulur.Əslində bu mexanizm bir çox dünya ölkələrində tətbiq olunur.Azərbaycanda isə hələ ki, avtomobil vergisi köhnə mexanizmlə işləyir.Qeyd edək ki, Azərbaycanda avtomobillər ildə 1 dəfə olmaqla yoxlanışdan keçir.Qiymətlər isə motorun gücünə uyğun hesablanır.

Ekspertlər hesab edir ki, əgər təklif olunan yeni vergi mexanizmi tətbiq olunarsa, bu avtomobillərin satış qiymətlərinə də ciddi təsir edəcək.Bu əsasən qiymətləri nisbətən ucuz olan avtomobillərin qiymətinin bahalaşmasına, qiyməti yüksək olanlarda isə əksinə, ucuzlaşmasına səbəb olacaq.Digər tərəfdən, avtomobil yanacağının bahalaşması da qiymətlərə təsir edən əsas amillərdən biridir.Ekspertlərin sözlərinə görə, hal-hazırda avtomobillərin bazar qiyməti real mənzərəyə uyğun deyil.Əslində son baş verən proseslər, yanacağın qiymətinin artması, iqtisadi aktivliyin olmaması və bununla yanaşı alıcılıq qabiliyyətinin aşağı düşməsi avtomobillərin satış qiymətlərinin ucuzlaşmasına səbəb olmalı idi.Ancaq gözlənilənlərin əksinə olaraq qiymətlər daha da bahalaşdı.Bu da avtomobil bazarında durğunluğa səbəb olur.Bir sıra ekspertlər avtomobil qiymətlərinin artmasını dolların bahalaşması ilə izah etsələr də, əslində bu amilin özü də ikinci əl avtomobillərin ucuzlaşmasına zəmin yaratmalıdır.Bu amil ancaq ölkəyə yeni gətirilən avtomobillərə şamil oluna bilər ki, bu da məhz bu cür tənzimlənir.Digər tərəfdən, ikinci əl avtomobillərin ehtiyat hissələrinin ölkəyə xarici valyuta ilə idxal olunduğunu nəzərə alsaq, bu da həmin avtomobillərin qiymətlərinin ucuzlaşmasına təsir göstərməlidir.

Yeni təklif olunan vergi mexanizminin də eynilə bu cür işləyəcəyi ehtimalı böyükdür.Yəni, əgər təklif olunan mexanizm reallaşarsa, bunun qiymətlərə təsir göstərəcəyi inandırıcı görünmür.Bu ancaq ölkəyə gətirilən yeni avtomobillərin qiymətinə təsir göstərə bilər ki, bu da hiss edilməyəcək dərəcədə olacaq.Çünki yeni avtomobillər ölkəyə xarici valyuta ilə gətirilir və gömrük rüsumu da məhz qiymətinə uyğun olaraq ödənilir ki, bu da həmin avtomobillərin kifayət qədər yüksək qiymətə satılmasına səbəb olur.

İqtisadçı-ekspert Fuad İbrahimov da "Cümhuriyət” qəzetinə açıqlamasında məhz bu amilə diqqət çəkərək, təklif olunan vergi mexanizminin avtomobillərin qiymətlərinə ciddi şəkildə təsir göstərməyəcəyini deyib:

"Hesab edirəm ki, avtomobillərin həm gücünə, həm də qiymətinə görə tutulan vergilər differensial qaydada tətbiq olunmalıdır. Ancaq hal-hazırda təklif olunan yeni vergi mexanizmi avtomobillərin qiymətində heç bir halda rol oynamayacaq.Çünki ümumiyyətlə, avtomobillərin gətirilməsində bu vergi növü heç bir rol oynamır.Vergi növlərinin Azərbaycanda heç bir xüsusi çəkisi yoxdur.Heç bir prosesə təsir göstərmir”.

Fuad İbrahimov təklif olunan yeni vergi mexanizminin sağlam cəmiyyət üçün normal olduğunu deyib:

"Hal-hazırda ölkədə makroiqtisadi tarazlığın pozulması nəticəsində sosial nöqteyi-nəzərdən çətinliklər yaranır. İnsanların xərci xeyli artıb.Bu baxımdan əlbəttə ki, bu vergi növü də artıq problemlər yaradır.Ancaq bu cür vergilərin tətbiq olunması, cəmiyyətin sağlam olduğu halda məqsədəuyğundur.Sosial baxımdan əmin-amanlıq olsa, bu vergi növü çox normaldır.Ancaq biz sosial əmin-amanlığı əldə edə bilmirik.Ona görə də hər hansı əlavə vergi tətbiq olunursa, bu artıq qıcıqlanmaya gətirib çıxarır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları