Yuxarı

Azərbaycanlılar nə qədər qazanır?

Azərbaycanlılar nə qədər qazanır?

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə əhalinin real gəlirləri artıb.Bu məlumat komitənin 2016-cı ildə əhalinin istehlak büdcəsinə dair hesabatında yer alıb. Bildirilir ki, əhalinin kasıb təbəqəsinin 10 faizinin adambaşına aylıq gəliri 1 manat 50 qəpik, ən çox qazanan 10 faizinin aylıq gəliri isə 51 manat 70 qəpik artıb.

DSK-ya görə, 2016-cı ildə əhalinin sərəncamında qalan vəsaitlərin orta aylıq məbləği 257 manat 84 qəpik, əvvəlki ildəkindən 7,2 faiz çox olub. Buraya ödənilən vergilər, sosial sığorta və müxtəlif təşkilatlara üzvlük haqları daxil deyil. Gəlirin 1/3-i əmək haqqından, 25,9 faizi sahibkarlıq fəaliyyətindən əldə olunan vəsaitlərdir. Kənd təsərrüfatı məhsullarının satışından gəlirin payı 13,2 faizidir. Gəlirin təxminən bir o qədəri də (13,faiz) pensiyanın payına düşür. Azərbaycandan kənarda yaşayanların yaxınlarına göndərdikləri pul baratlarının gəlirlərdəki xüsusi çəkisi 2015-ci ildəki səviyyədə (2,6%) qalıb.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında əhalinin real gəlirləri ilə bağlı Statistika Komitəsinin verdiyi rəqəmlərin  düzgün olmadığını deyib. Onun sözlərinə görə, Statistika Komitəsi istənilən pozitiv adlandırıla biləcək rəqəmləri elə təqdim edir ki, sanki böyük bir uğurun nəticəsidir:

"Əslində isə Azərbaycanda nominal əmək haqqı, gəlirlər rəsmi rəqəmlərə görə 6, 9 faiz artıb. Bəli, nominal olaraq artım var. Amma real gəlirlər kifayət qədər sürətlə azalır.Real gəlirlər dünyanın bütün ölkələrində inflyasiyanı nəzərə almadan hesablanan gəlirlərdir. Nəzərə alsaq ki, nominal gəlirlər cəmi 6,9 faiz artıb, amma inflyasiya 14 faizdir. Deməli, real gəlirlər artmayıb, əksinə, azalıb.İnflyasiya həmin artımı da yeyib.Hələ obrazlı desək, insanların cibinə də girilib. Ona görə də dünyanın bütün ölkələrində gəlirlər, vətəndaşın gəlirinin artımı  hesablanarkən mütləq inflyasiyanın çıxmaq şərtilə hesablanır. Rəsmi inflyasiya rəqəmləri çıxılır və o zaman real gəlirlər nəzərə alınır.Azərbaycanda isə praktika təəssüflər olsun ki, yoxdur.Məsələn, keçən il indeksləşmə aparıldı, ona görə də müəyyən nominal rəqəm qeydə alındı”.

Ekspert qeyd edib ki, inflyasiya nəzərə alınarsa,o zaman real gəlirlərin artımı olmayacaq:

"İnflyasiyanı çıxsaq, belə çıxır ki, real gəlirlərdə 10 faizə yaxın azalma olacaq. Yəni reallıqda belədir.Əgər dünya standartlarına uyğun gəlir artımı formullarını tətbiq etsək, vəziyyət başqa cür olacaq.Bu formulu Gürcüstan, Türkiyə, hətta Rusiya da tətbiq edib.Azərbaycanda hələ ki, bu formula keçilmir.Bunun da səbəbi ondan ibarətdir ki, əgər dünyada qəbul olunmuş qaydalara uyğun hesablamalar aparsalar, o zaman artım haqqında danışmaq mümkün olmayacaq. Əksinə, insanların  gəlirlərinin azalmasını etiraf etmək lazım olacaq ki, bu da rəsmi təbliğatla və rəsmi mövqe ilə üst-üstə düşmür. Buna görə də nominal olaraq artım qeyd olunur, amma reallıqda hesablanmalar aparılmır”.

Alçina Amilqızı