Yuxarı

Palata işsizlər ordusu yaradır

Palata işsizlər ordusu yaradır

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyəti qənaətbəxş hesab olunmur.Belə ki, Palatanın verdiyi qərarlardan sonra çox acınacaqlı mənzərənin yaranması bu quruma olan etimadi sarsıdır.Ümumiyyətlə, Palata yeni yarananda hər kəs maliyyə bazarında yaranan problemlərin həll olunacağını düşünürdü.Ancaq bu, baş vermədi.Əksinə, maliyyə sektorunda yaranan problemlər bu gün daha da dərinləşib.Bankların və bir sıra maliyyə qurumlarının bağlanması ilk növbədə işsizliyin artmasına rəvac verir.

Digər tərəfdən bəzi hallarda Palata banklarla bağlı qanunüstü qərarlar verir ki, bu da ciddi narazılıqlara səbəb olur.Ekspertlər hesab edir ki, Palatanın apardığı proseslərdə ciddi pozuntular mövcuddur.Bu baxımdan da Palata fəaliyyəti dövründə kifayət qədər tənqid olunub.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında Palatanın daha sərt addımlar atmasının vacib olduğunu deyib:

"Qanun pozuntusu ilə qeyri-stabil fəaliyyət göstərən maliyyə qurumları-banklar, bank olmayan kredit təşkilatları, sığorta, investisiya şirkətlərini bir qayda olaraq bağlamağın tərəfdarıyam. Əgər hansınınsa xilas olmaq şansı var, ancaq onlara şans vermək olar.Çünki maliyyə bazarında fəaliyyət göstərən bütün qurumlar bir-birilə sıx bağlıdır.Birində "xəstəlik” olanda, digərlərinə də yayılır.Bu baxımdan da tərəfdarıyam ki, ümumi olaraq maliyyə bazarının sağlamlığı üçün "xəstə” olanları bağlamaq lazımdır.Bağlanan maliyyə qurumlarında çox acınacaqlı vəziyyət olur.Başa düşürəm ki, bu işsizliyin artması deməkdir. Ancaq "xəstə” qurumların fəaliyyəti, digər sağlam təşkilatların da bağlanmasına səbəb ola bilər. Maliyyə sektoru iqtisadiyyatın digər qollarından daha çox etimada söykənir.Yəni, etimad sarsılırsa, artıq fəaliyyət göstərmək mümkün olmur.Bu gün bank sektoruna etimad niyə sarsılıb?Çünki Mərkəzi Bank zamanında lazımlı addımlar atmadı, Maliyyə Bazarlarına Nəzarət Palatası atdı.Hesab edirəm ki, Palatanın bu addımları hələ daha da sərt olmalı idi”.

Maliyyə qurumlarının bağlanmasının işsizliyə rəvac verməsinə toxunan Əkrəm Həsənov hesab edir ki, bu problemin qarşısını müəyyən qədər almaq mümkündür. Ekspertin sözlərinə görə, bu məsələdə əsas məsuliyyət Miqrasiya İdarəsinin üzərinə düşür:

"Maliyyə sektorunda kifayət qədər savadlı mütəxəssislər var ki, işsiz qalıblar. Təəssüf ki, bunun qarşısını tam şəkildə almaq olmur.Amma bunun qarşısını qismən almaq olar.Azərbaycanda maliyyə sektorunda çalışan xarici vətəndaşlar çoxdur.Miqrasiya Məcəlləsinə görə isə xarici vətəndaş o, zaman cəlb oluna bilər ki, yerli kadr yoxdur. Onlar üçün də hər il 1 illik işləmək icazəsi alınır. Təəssüflənirəm ki, Miqrasiya Xidməti niyə hər il bunlara icazə verir? Axı son illərdə kifayət qədər yerli maliyyə mütəxəssisləri işsiz qalıb.Bu baxımdan hesab edirəm ki, xarici vətəndaşların maliyyə sektorunda işləməsinin qarşısı alınmalıdr.Çünki kifayət qədər yerli kadrlar var ki, onlar işlə təmin olunmalıdır.Təbii ki, bu yolla bütün problemlərin həll olunacağını demək çətindir.Amma heç olmasa bu problemi qismən  həll etmək mümkündür”.

Vilayət Muxtar