Yuxarı

Qalmaqallı dərslik bazarına yeni iddiaçı gəlir

Qalmaqallı dərslik bazarına yeni iddiaçı gəlir

X sinif "Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma "Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı qalmaqal səngimək bilmir. Bu dəfə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası məsələyə qarışıb və Təhsil Nazirliyini ittiham edib. Tarix İnstitutunun Elmi Şurası dərslikdəki kobud yanlışlıqla bağlı bəyan edib ki, orta məktəblər üçün dərsliklər hazırlanmasının qüvvədə olan mexanizmi dəyişdirilməli və bu sahədə əsaslı islahatlar aparılmalıdır. 

Qüvvədə olan mexanizmə əsasən, bir qayda olaraq, tenderdə aparıcı qüvvə kimi nəşriyyatlar iştirak edirlər. Nəşriyyatlar isə öz ətrafına "münasib bildiyi” adamları toplayaraq dərslik layihələri hazırlayırlar. Beləliklə, tenderdə mübarizə nəşriyyatlar arasında gedir. Təəssüf ki, bu mübarizə dərsliklərin elmi məzmunu, milli dəyərlərin qorunması və azərbaycançılıq məfkurəsi naminə deyil, dərsliklərin nəşrinə sərf edilən dövlət vəsaitinə hansı nəşriyyatın sahib çıxması uğrunda gedir. Bu mübarizədə dərsliklərin elmi məzmunu deyil, "daha güclü nəşriyyat” və onun arxasında duran qüvvələr qalib gəlir. Əslində isə dərsliklər, o cümlədən, tarix dərslikləri bu sahədə səriştəsi olan görkəmli alimlərin qələmindən çıxmalıdır. Dərsliklərin metodiki işlənməsi və şagirdlərin yaş səviyyəsinə uyğun olması kimi prinsiplər isə ən təcrübəli metodistlərə etibar olunmalıdır. İndiki mərhələdə isə nəşriyyatlar onlar üçün münasib olan müəllifləri, başlıca olaraq orta məktəb müəllimlərini cəlb edirlər. Bu zərərli sistem davam etdikcə gələcəkdə də bu cür səhvlərə yol verilməsi qaçılmazdır”.

Şuranın bəyanatında o da qeyd edilir ki, dərsliklərin yazılmasının təsadüfi şəxslərə, hətta kütləvi informasiya vasitələrində dələduzluqda təqsirləndirilənlərə, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələyənlərə etibar edilməməlidir: "Təhsil sahəsində ali icra orqanı olan Təhsil Nazirliyi bu sahəni tamamilə öz əlinə almalı, dərslik müəlliflərini məhz nazirlik müəyyənləşdirməli, nazirlik birbaşa özü sifariş etməlidir. Bütün mərhələlərdə ekspertizadan keçirilməsinə nazirlik rəhbərlik etməlidir. Hazır olan dərslikləri məhz Təhsil Nazirliyi texniki imkanlarını nəzərə alaraq nəşriyyatlara özü sifariş verməlidir. Dərsliyin yazılmasında elmin təhsillə inteqrasiyası təmin olunmalı və elmdə əldə olunan bütün yeniliklər dərslik müəllifləri olan alimlər tərəfindən şagirdlərə çatdırılmalıdır. Metodika məsələləri isə təcrübəli metodistlər tərəfindən yerinə yetirilməlidir. 

İnstitut əmindir ki, əgər bütün dərsliklər, o cümlədən, tarix dərslikləri Akademiyanın elmi-tədqiqat institutlarında, o cümlədən, Tarix İnstitutunda ekspertizadan keçərsə, belə nöqsanlara yol verilməz. Təcrübəsiz və səriştəsi olmayan ekspertlər bu işdən kənarlaşdırılmalıdır. Təəssüf ki, bəzən belə "ekspertlərin” köməyi ilə elmi-tədqiqat institutlarını bu işdən təcrid etməyə cəhd göstərilir. Yeri gəlmişkən, haqqında bəhs olunan X sinif dərsliklərinin ekspertizası zamanı tanınmış tarixçi alimlər tərəfindən hazırlanmış "Azərbaycan tarixi” və "Ümumi tarix” dərsliklərinin layihələrinin ekspertizadan keçməməsi üçün müxtəlif strukturlara təzyiq göstərilməsi hallarına yol verilib. Təəccüb doğuran odur ki, X siniflər üçün "Azərbaycan tarixi” və "Ümumi tarix” dərslik layihələrinin Azərbaycan versiyaları tenderdə qalib elan olunduqdan sonra Tarix İnstitutunun əməkdaşları tərəfindən 28 səhifəlik irad və təkliflər Təhsil Nazirliyinə göndərilsə də, onların əksəriyyəti nəzərə alınmadan dərslik çap edilib. Həmin dərsliklərin rus dilində olan versiyaları isə ictimai müzakirəyə çıxarılmadan çap olunub.

Maraqlıdır, Tarix İnstitutu tələb edir ki, elmi-tədqiqat institutları dərsliklərə rəy verməlidir… Dərsliklərə kim rəy verməlidir?

Təhsil eksperti Nadir İsrafilov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hər fənn üzrə dərsliyin Elmi- Tədqiqat İnstitutu tərəfindən nəşr edilməsi düzgün deyil: "2013-cü ildən dərsliklər məsələsini nəşriyyatlar həyata keçirir. Sovet dönəmində dərslik məsələsi başqa formalarda həyata keçirilirdi. Sonradan isə bu tender vasitəsilə həyata keçirilməyə başladı. İstənilən şəxs, kollektiv o tenderin müsabiqəsində iştirak edir. Düzdür, bu dərslik ayrı-ayrı rəylərə göndərilə bilər, kimlərinsə fikirləri öyrənilə bilər. Təhsil Nazirliyi bilirdi ki, tenderin qalibi kim oldusa o da dərsliyin nəşr olunmasında iştirak edirdi. Ondan sonra nazirlik addım atıraq dərsliklərin ictimai müzakirəsini həyata keçirdi. O ki qaldı "dərslikləri fənn üzrə ayrı- ayrı institutlar yazmalıdır” ideyasına müvafiq qaydalara görə belə bir şey yoxdur. Şübhəsiz ki, razılaşdırmaq, hesablaşmaq kimi məsələlər öz növbəsində olmalıdır. Yeni qydalara görə nazirlikdə ehtiyat dərslik yaradılıb. Əgər tenderdə müvafiq dərslik müsbət rəy almırsa, hesab olunmursa, onda nazirliyin belə bir səlahiyyəti var ki, ayrı-ayrı mütəxəssislər tərəfindən hazırlanan dərsliklər qalib ola bilər”.

X sinif "Ümumi tarix” dərsliyində olan yanlışlığa gəlincə, ekspert bu məsələnin böyüdülməsinin tərəfdarı olmadığını deyib: "Belə bir ajiotajın yaranması xoşagəlməz idi. Bunu erməni və rus saytları da yazdı. Təhsil Nazirliyi də bəyan etdi ki, bu texniki səhvdi və düzəldildi. Dərsliklər yığışdırıldı və yenidən nəşr edildi. Bu məsələni bununla bağlamaq olar. Təəssüflər olsun ki, dərslik müəllifləri nazirliyin o mövqeyindən çıxış etmədilər. Bunlar bir növ qızışdırıcı mövqe tutdular.  Bu məsələdə konkret fikir də söyləmək çətindir. Çünki məsələ ilə bağlı birmənalı fikirlər səsləndirilmədi. Əvvəl Tarix İnstitutu bildirdi ki, dərslik nəşr olunanda onlarla razılaşdırılıb. Sonra Tarix İnstitutut dedi ki, bizim xəbərimiz yoxdu. Bu tərəfdən Dövlət İmtahan Mərkəzi bu məsələdən xəbərsiz olduğunu bildirdi. Yəni fikirlər haçalandı.

Bu məsələ dərslik siyasətimizdə böyük rol oynayacaq. İbtidai siniflər üçün yazılan dərsliklərin təsadüfi adamlar, mühəndislər tərəfindən yazılması fikirləri ortaya çıxır. Ona görə də tender məsələsində buna yenidən baxılmalıdır. Dərsliklərin yazılmasına çox ciddi yanaşılmalıdır. Əks təqdirdə, bu cəmiyyətimizə başucalığı gətirən deyil. Bədnam xəritə məsələsi dərslik siyasətində, nəşrində ciddi xəbərdarlıq rolunu oynamalıdır. Bununla yanaşı Təhsil Nazirliyində dərslikləri Qiymətləndirmə Şurası var. Heç olmasa şura bu dərsliklərə baxmalı idi.  Bu məsələ Təhsil Nazirliyi tərəfindən birdaha ciddi araşdırılmalıdır və gələcəkdə bu cür halların təkrarlanmaması üçün əsas səbəbkar üzə çıxarılmalıdır. Mən demirəm ki, həmin şəxs cəzalandırılmalıdır. Söhbət ondan gedir ki, bu kimi səhv nəyin ucbatından baş verdiyi bəlli olsun”.

Alçina Amilqızı