Yuxarı

Burada hamı bir-birindən şikayətçidir

Burada hamı bir-birindən şikayətçidir

"Allah adamı aclıqla sınağa çəkməsin. Ölkədə vəziyyət gündən günə pisləşir. Dolanışıq çətinləşib, ət üzünə həsrət qalmışıq. Yaxşı ki, yarmarkalar var. Yoxsa halımız necə olardı...”

Bu sözləri Cebhe.info müxbirinə "Əhmədli" metrostansiyasının yaxınlığındakı kənd təsərrüfatı məhsullarının satış yarmarkasındakı alıcı Səmayə Məmmədova söyləyib. O, devalvasiyadan sonra yaşayışının xeyli ağırlaşdığını bildirib:

"Özüm müəlliməyəm. 280 manat əməkhaqqı alıram. Bununla həm kommunal ödəyirəm, həm yemək-ərzaq alıram, həm də əyin-baş... İndi özünüz camaatın vəziyyətini təsəvvür edin.”

Yarmarkada irəlilədikcə, gözümüzdən yayınmayan ilk məqam alıcı sayının azlığı olur. Halbuki, paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatı hər zaman yüksək olub, üstəlik də Bakının müxtəlif rayonlarında təşkil edilən bu yarmarkalarda mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar satışa çıxarılır.

Qubalı Fərman Fətəlyev alıcı qıtlığından şikayətlənir. Deyir ki, Quba almasının 3 kiloqramını 1 manata satdığı halda, yaxın duran yoxdur.

"Bu il məhsul bol oldu. Bu da qiymətin daha da ucuzlaşmasına zəmin yaratdı”, - deyə söyləyən müsahibimiz ötən illə müqayisədə almanın qiymətinin qalxdığını da söylədi:

"Alma bahalaşıb. Alıcılar çox zəifdir. Meyvənin yaxşısını burada onsuz da alan yoxdur, ona görə də Rusiyaya göndəririk. Pisini də yerli bazara çıxarırıq... İldən-ilə vəziyyət pisləşir. Qiymətlər qalxır, alıcılar azalır”.

Ağdamın Əfədli kəndindən olan Dilarə xala isə deyir ki, alıcı qıtlığı yaşamır:

"Soğanın kiloqramını 50 qəpikdən, kartofu isə 1 manata satıram. Şükür Allaha, malımız yerdə qalmır”. 

Gədəbəy kartofunun kiloqramını 1 manatdan satan Rasim Məmmədov isə söyləyir ki, alıcı kəskin azalıb:

"Millətdə pul yoxdur. Əvəllər  kartofu kisə ilə alan camaat indi 2-3 kiloqramla kifayətlənir. Yəni satdığımız məhsulun əziyyətinin pulunu çıxarmırıq, bunun gübrəsi var, suvarılması var... Çox çətindir”.

Bazarda Goranboy toyuğu 5 manat 50, çolpası isə 3.50 qəpikdir.

Satıcı deyir ki, keçən il 100 çolpa satdıqları halda indi alıcı çox azalıb:

"Bu il çox zəifdir. Keçən il 100 çolpa gətirirdik, hamısı satılırdı. Amma indi 100 toyuq gətiririk, heç 50 dənəsini sata bilmirik. Keçən ildən bu ilə azacıq bahalaşma var. Keçən il toyuğu 5 manata, bu il isə 5 manat 50 qəpiyə satırıq. Çolpalar 3.30. bu il islə 3.50 manatdır”.

Qəbələ çolpası 4 manat, toyuq isə 4.50 AZN-dir.

Bazarda badımcanın 1 kiloqramı 50 qəpik. Xiyarın 3 kiloqramı isə 2 manatdır. Kökün kiloqramı isə 80 qəpikdir. Pomidoru isə 1 manat 50 qəpikdən aşağı tapmaq mümkün deyil. Kələm isə 80 kiloqramdır. Balqabaq isə çox ucuzdur, cəmi-cümıətani 20 qəpik...

Ağartı məhsulları satan gədəbəyli Rafiq Elazarıyev də pendirin və yağın qiymətində artım olduğunu söyləyir:

"Ötən il 8 manata satdığımız nehrə yağının kiloqramını indi 10-a veririk. Keçi pendiri 8 manatdır. Ötən il isə 5-6 manata satırdıq. Onun da üzərinə 2-3 manat əlavə olunub. Əvvəllər bazara 150 kiloqram pendir gətirirdik. İndi isə 50 kiloqram pendiri sata bilmirik”.

Hacıqabuldan olan Əlizamin Şirəliyev isə iddia edir ki, qiymətlər çox münasibdir:

"Ötən illə müqayisədə əksinə, qiymət aşağı olub. Keçən il xiyarın ən aşağı qiyməti 70-80 qəpik olub. Bu il isə kiloqramı hətta, 20 qəpiyə düşmüşdü. İndi isə kiloqramı 50 qəpikdir. Ucuzluq isti ilə əlaqədar oldu. Kəskin istilər məhsulu yandırdı, vaxtından əvvəl yetişdi, bolluq oldu. Deməyim odur ki, alıcı həmin alıcıdır”.

Digər bir satıcı İlham Qulamlı fərqli düşünür. O hesab edir ki, qiymətlərdə artım var: "Qiymət artımı, istər-istəməz, kənd təsərrüfatı məhsullarında da özünü büruzə verir. Yazıq kasıb-kusubun canı çıxır. 5 qəpik pul qazanırdıq, bu da boğazımızdan kəsilir”.

Yarmarkada kənd yumurtası 20 qəpikdir. Qoyun əti 12 manat, mal əti siə 11 manatdır.

Növbəti yüksək artım dənli bitkilərdə müşahidə olunur. Belə ki, süfrələrdə gündəlik istifadə olunan qırmızı mərci 4 manat, noxudun kiloqramı 4 manat, müxtəlif çeşiddə olan və əvvəl 2.5-3 manata satılan lobyaların qiyməti də 4 manatdır. Satıcının sözlərinə görə, bahalaşmanın səbəbi bu məhulların xaricdən gətirilməsidir. Noxud Pakistandan, digərləri isə Türkiyədən idxal olunur.

Qərzəkli qoz-fındıqğın kiloqramı isə 4-5 manata satılır. Ləpələdən qoz ləpəsi 16-18 manata, badam ləpəsi 20 manata, fındıq ləpəsi isə 15 manatadır. Şabalıd 5 manata, kişmiş və digər meyvə quruları isə 5-7 manatadır. 

Alıcılar qiymətlərdən şikayətlidir. Sakinlər isə həm satıcılardan, həm də alıcılardan. Çünki ətrafda olan hər kəs alış-veriş üçün bura gəlir. Ətrafda yerləşən yaşayış binalarının önü isə tamamilə zəbt olunmuş durumdadır.

Yaxınlıqda yaşayan sakin İlhamə Qasımova deyir ki, yarmarka onların həyatını qara edib:

"Biabırçılıqdır, qiymətlər od tutub yanır. "Vosmoy” bazarı buradan ucuzudur. Satıcılıların çoxu "Vosmoy”dan gələnlərdir. Məhsulları oradan alıb, gətirib, burada satırlar. Burada yaşayan sakinləri əsəbləşdirirlər. Sıxlıq problemi yaranır. Camaat maşınlarını sürə, gəlib evlərinə girə bilmirlər. Blokların hamısını ayaqyolu ediblər... Heç bu bazar olmasın!”

Aytən





Həftənin ən çox oxunanları