Yuxarı

Söz vəkillərdə...

Söz vəkillərdə...

Azərbaycanda nümayəndəlik institutunun ləğvinin gözlənilməsi barədə məlumatların yayılması dərhal məsələnin geniş dairədə müzakirəsini şərtləndirdi. Xatırladaq ki, məhkəmədə təmsilçiliklə bağlı ciddi müzakirəyə səbəb olan dəyişikliklərdən biri Cinayət Prosessual Məcəlləsinə 2014-cü ilin oktyabr ayında edilib. Həmin dəyişikliyə əsasən, cinayət prosesində zərər çəkmiş şəxsin nümayəndəsi qismində zərər çəkmiş şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və ya zərər çəkmiş şəxsin qohumları iştirak edə bilərlər. Bu dəyişikliyə qədər isə zərərçəkmişin məhkəmədə hüquqlarını onun notarial qaydada etibarnamə verdiyi istənilən şəxs müdafiə edə bilərdi. 

Məlumdur ki, cinayət işində tərəflərin müdafiəsi yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkilə etibar edilə bilər. Bu dəyişkliklik zamanında müəyyən dairələrdə etirazla qarşılansa da, cinayət işinin xarakterini nəzərə alaraq doğru qərar kimi qiymətləndirənlər də az olmadı. İndi isə daha bir dəyişiklik gündəmə gəlib- nümayəndəlik institutunun ləğvi. 

Ləğv yox, əvəzləmə...

Məsələ ictimailəşdirildikdən dərhal sonra ən müxətlif səviyyələrdə etirazlar səsləndi. Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov mətbuata müsahibəsində "Azərbaycanın mülki qanunvericiliyinə təklif olunan dəyişiklikdə nümayəndəlik institutunun ləğvi nəzərdə tutulmur” deməklə narahatlıqları müəyyən qədər aradan qaldırmağa çalışdı. Deputatın sözlərinə görə, layihədə ümumilikdə nümayəndəlik institutunun ləğvindən yox, bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsindən söhbət gedir:

"Elə məhkəmə prosesləri var ki, doğrudan da, vəkilin iştirakı zəruridir. Çünki hüquqi peşəkarlıq baxımından nümayəndə həmin işin öhdəsindən gələ bilmir. Nümayəndəlik institutu saxlanılır, yəni, hər bir hüquqi şəxs öz işçisini məhkəmə prosesinə nümayəndə kimi göndərə bilər. Dəyişiklikdə vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Nümayəndəlik institutunun ləğv edilməsindən söhbət getmir. Belə bir şey olsaydı, Azərbaycanın mülki hüququ şikəst olardı. Nümayəndəlik institutu ləğv olarsa, mülki fəaliyyət qabiliyyəti olmayanlar, məhdud fəaliyyət qabiliyyətli olanlar, mülki fəaliyyət qabiliyyəti məhkəmə qaydasında məhdudlaşdırılanlar, yetkinlik yaşına çatmayanların hüquqlarını kim müdafiə edəcək? Nümayəndəlik institutunun ləğv edilməsi məntiqi olaraq qanuni nümayəndəlik institutunun da ləğvinə səbəb olardı ki, bu da hüquqi baxımdan ağlasığmazdır. Doğrudan da, Azərbaycan mülki qanunvericiliyi şikəst edilərdi”. 

Ərizə də yaza bilmirlər

Nümayəndəlik institutunun ləğvi barədə xəbərlərin necə yayılmasına gəlincə, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihələrə baxılmasından dərhal sonra gündəmə gəlib. İclasda qeyd olunub ki, bu qanun layihələrində edilən dəyişikliklər bir-biri ilə bağlıdır və məhkəmə-hüquq islahatları çərçivəsində tərtib olunub. Məqsəd məhkəmə prosesində operativliyin artırılması və fiziki şəxslərin peşəkar hüquqşünas-vəkillərlə təmin olunmasıdır. İslas iştirakçıları vurğulayıb ki, məhkəmə təcrübəsi təqdim olunan ərizələrin çoxunda qeyri-peşəkarlıq diqqəti cəlb edir. Bu da prosesin uzanması, əlavə maliyyə vəsaitlərinin sərf edilməsi, iş yükünün artması ilə nəticələnir. Sosial şəbəkələrdə isə bu, nümayəndəlik institutunun tamamailə ləğv olunması kimi xarakterizə edilib. 

Ölkədə vəkil çatışmır

Bütün hallarda sözügedən dəyişklik layihəsi Azərbaycanda vəkillik institutunda dəyişikliyin zəruriliyini bir daha ortaya çıxarıb. Azərbaycanda uzun illərdir ki, vəkillərlə bağlı ciddi problemlər var. Vəkil Səməd Rəhimli sosial şəbəkədəki  səhifəsində ölkəmizdəki mövcud durumla bağlı maraqlı statistik məlumatlar paylaşıb. Vəkilin yaydığı materialdan da aydın olur ki, Azərbaycan Avropa Şurasına üzv olan ölkələr içində vəkillərin sayına görə sonuncu yerdədir. Səmərəli Ədliyyə üzrə Avropa Komissiyasının (CEPEJ) 2014-cü il tədqiqatına əsasən, Azərbaycan Avropa Şurası ölkələri arasında hər 100 min nəfərə düşən vəkillərin sayına görə sonuncu yerdədir. Vəkillər Kollegiyasının üzvlərinin sayı təxminən 900 nəfərə yaxındır. Bunlardan təxminən 200 nəfər regionlarda, qalanları isə Bakı şəhərində fəaliyyət göstərir:”Hazırda rəsmi mənbələrdən belə bir məlumat yayılıb ki, Hökumət nümayəndəlik institutunu ləğv etməyə hazırlaşır. Nümayəndəlik institutunun ləğv edilməsinin məqsədi kimi də fiziki şəxslərə keyfiyyətli hüquqi yardımın artırılması əsas gətirilir”. 

"Çoxlu problemli şəxslər peyda olur”

Vəkil hesab edir ki, düzəliş keyfiyyətli hüquqi yardımı artırmayacaq. Əksinə, hüquqi problemlər içərisində boğulan insanları daha pis vəziyyətdə qoyacaq. Vəkillər Kollegiyasında əsaslı islahatlar keçirilmədən, həmin qurumun müstəqilliyi təmin edilmədən, peşəkar hüquqşünasların həmin quruma üzvlüyü və çıxarılması barədə ədalətli mexanizm hazırlanmadan və vəkillərin sayı əhəmiyyətli dərəcədə artırılmadan nümayəndəliyin ləğv edilməsi Azərbaycan hüquqi sferası üçün faciə olacaq. Vəkilin fikrincə, Azərbaycanda keyfiyyətsiz hüquqi yardımın əsas səbəbi özlüyündə nümayəndəlik institutu deyil:

"Əgər belə olsaydı, nümayəndəlik institutunun olmadığı və müdafiəçi kimi ancaq vəkillərin çıxdığı cinayət işlərində keyfiyyətli hüquqi yardım olardı. Lakin nümayəndəliyin olduğu mülki və inzibati mübahisə işlərində hüquqi yardım cinayət işlərinə münasibətdə qat-qat keyfiyyətlidir. Səbəbi də odur ki, problem özlüyündə nümayəndəlik deyil. Problem sivil cəmiyyətin tərkib hissəsi olabiləcək müstəqil və peşəkar hüquqşünaslığın (vəkilliyin) yaradılmasına sistem iradə olmamasındadır. Belə iradənin olmaması isə həm nümayəndəlik, həm də vəkillik içərisində çoxlu "problemli şəxslərin” peyda olması ilə nəticələnir”.

Təkcə bir şəhərdə 32 min vəkil var

Statistikaya da nəzər salanda görürük ki, vəkillər baxımından bəxtimiz o qədər də gətirməyib. Azərbaycanda (10.000.000 əhaliyə) vəkil sayı 900-dən bir qədər çoxdur. Bu isə hər 10.000 nəfərə bir vəkil deməkdir.  Bu göstəricilərə görə, Azərbaycan Avropada 47 ölkə arasında 47-ci yerdədir.  Ölkəmizdə vəkil sayının azlığından danışan ekspertlər bir misal gətirir. Təkcə Türkiyənin bir şəhərində- İstanbulda 32.000-dən artıq vəkil var.

Azərbaycanda 0,05, Norveçdə 55,555 avro

Rəsmi məlumatlara görə, 2015-ci il üzrə rayon məhkəmələri prokurorluq orqanlarının təqdimatları əsasında cəmi 9580 iş üzrə həbs qətimkan tədbiri seçiblər və uzadıblar. Bu qərarların yanlız 266-dan apellyasiya şikayəti veriblər. Bu da həbs qətimkan tədbiri ilə bağlı işlərin cəmi 2,7 faizi edir. Vəkil Xalid Bağırov isə bildirir ki, 10 ilə yaxın vəkillik təcrübəsində vəkil olduğum cinayət işlərində  seçilmiş həbs qətimkanlarının 80-90 faizindən apellyasiya şikayəti vermişəm, daha son bu işlər üzrə Avropa Məhkəməsinə şikayət yazıb: "Avropa Məhkəməsi şikayətlərin heç birindən imtina etməyib. Belə çıxır ki, şikayətlərin azlığı işlərin xarakterinə yox, vəkil xidmətinin keyfiyyətinə bağlıdır.

Azərbaycan dövləti büdcədən hüquqi yardım almaq üçün adambaşına ildə 0,05 avro ayırır. Müqayisə üçün bu rəqəm Norveçdə 53,55 avro, Türkiyədə 1,1 avro, Rusiyada 0,48 avro, Gürcüstanda 0,32 avrodur. 
Avropa Şurası vəkillərə təlimlər seriyası keçirtsə də, bu Avropa vergi ödəyicilərinin pulunu havaya sovurmaqdan başqa bir şey deyil”.

"13.000 işin öhdəsindən gələ bilməyən vəkillər 150.000 artıq işin öhdəsindən gələ biləcəkmi?”

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə məhkəmələrə 13570 cinayət işi daxil olub,13758 nəfər şəxs isə cinayət törətməyə görə məhkum olunub: "Hazırda ölkədə olan vəkillər bu sayda işin öhdəsindən gələ bilmirlər. Üstəlik, vəkillərə mülki və inzibati mübahisələrdə iştirak etmək monopoliyası da verilir. 

Dövlət Statistika Komitəsi bildirib ki, 2016-cı ildə 98.636 mülki işə və 801.611 əmr icraatında işə baxılıb. 2011-ci ilin yanvarından fəaliyyət göstərən İnzibati ədliyyə üzrə əldə etdiyimiz statistikaya baxaq: 2011-ci ildə 6.818 iş, 2012-ci ildə 11.205 işdir. ATƏT-in monitorinq hesabatında bu barədə statistika yer alıb. Son illərin rəsmi statistikasını əldə edə bilməsək də hazırda qeyri-dəqiq məlumata görə işlərin sayı 30.000 çoxdur. İndi sizcə, 13.000 işin öhdəsindən gələ bilməyən vəkillər 150.000 işin öhdəsindən gələ biləcəkmi?”

Cavabı maraq doğuran və əslində məlum olan sualdır. İndi ümid ancaq nümayəndəlik institutunun tamamilə ləğvindən getmədiyi barədə  xəbərlərə qalır. 

Sevil Ağazadə






Həftənin ən çox oxunanları