Yuxarı

AMEA da biznesmenləri "yükləyir”

AMEA da biznesmenləri

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) biznes strukturlarına elmin inkişafı üçün maliyyələşməni üzərinə götürməyi və buna görə vergi ödəməyi təklif edib.

AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, hər bir ölkədə biznes elmin maliyyələşməsinin yarısını üzərinə götürür. Onun sözlərinə görə, büdcə elmin inkişaf maliyyəsini tam ödəmir və biznes bu sahənin inkişafı üçün maliyyəni öz öhdəsinə götürməlidir:

"Hesab edirik ki, bu gün dövlətimizdə biznes o qədər də yekdil deyil. Amma hər bir halda biznes strukturları elmə bir qədər daha çox diqqət etsələr, bu sahənin inkişafına böyük təkan verə bilər.Biznes bu gün dövlətə vergi verir, bir az da elmə vergi versin. Gərək vergilər naziri Fazil Məmmədovla danışıb bu istiqamətdə bir yol taparaq qanunvericilikdə dəyişiklik edək. Verginin məbləğini 0,1 faizlə başlaya bilərik”.

Akif Əlizadə qeyd edib ki, Azərbaycanda elmi inkişaf etdirmək üçün respublika məqsədli elmi proqramlar təşkil olunmalıdır. O qeyd edib ki, bu proqramlar çərçivəsində alimlərin hamısı birləşməlidir:

"Kim elmdə ayrı-ayrı çıxış edəcəksə, çətinlik çəkəcək. Bu gün akademiyada olan tövsiyələrə riayət edərək riyaziyyatçılar, biofiziklər, bioloqlar, tibb istiqamətində olan sahələr birləşərək sensor biologiya istiqamətində yeni bir proqram təklif edirlər”.

Bir müddət öncə müasir standartlara cavab vermədiyinə görə AMEA-nın ləğvi gündəmə gəlmişdi.Ekspertlər hesab edirlər ki, AMEA sovet dövründən qalmış bir qurumdur, özünü doğrulda bilmir.Onun gəlir gətirmək üçün dünyaya çıxara biləcək elmi nailiyyətləri yoxdur. Üstəlik, dövlət büdcəsindən quruma az vəsait ayrılır. Ekspertlər təklif edirdilər ki, Akademiyanın tərkibindəki bir sıra institutları ləğv etmək, qalanlarını isə ayrı-ayrı universitetlərin tərkibinə vermək lazımdır.Elmi, tədqiqat institutlarının universitetlərin tərkibinə verilməsi, həmin institutların elmi-texniki bazasının, kadr potensialının inkişafına kömək edə və onların maliyyələşmə imkanlarını artıra bilər.Dünya təcrübəsində də belədir ki, elmi tədqiqat institutları bir qayda olaraq müxtəlif universitetlərin tərkibində fəaliyyət göstərir.Onların araşdırmaları, elmi kəşfləri, ixtiraları dünya ölkələrinə satılmaqla gəlir əldə olunur.Azərbaycan Milli Elmlər Akademiyası isə sırf sovet dövründə qurulmuş strukturda qalır.Bu ənənə də heç vaxt gəlir gətirməyib.Hesab edirlər ki, dövlət büdcəsindən ayrılan vəsaitin həcmi bir neçə dəfə artırılmalı və yaxud da elmin, təhsilin maliyyələşməsinin yeni mexanizmi tapılmalıdır. Hər il dövlət büdcəsinə nəzər salsaq, görürük ki, büdcədən illik ən az vəsait ayrılan sahələrdən biri elmdir. Məlumat üçün bildirək ki, 2015-ci ildə dövlət büdcəsindən təhsil sahəsinə 1 711,2 milyon manat vəsait ayrılmışdı. 2016-cı ildə dövlət büdcəsindən təhsil sahəsinə 2015-ci illə müqayisədə 0,1 faiz çox, yəni 1 713,5 milyon manat vəsait ayrılmışdı. 2017-ci ilin dövlət büdcəsində elmə ayrılan xərclər 125.318.640,0 manat olub. Təhsilə ayrılan pulun məbləği isə 1.859.499.497,0 manatdır. Təhsil xərclərinin 165.211.728 manatı məktəbəqədər təhsil, 981.053.277 manatı ümumi təhsil, 33.761.406 manatı ilk-peşə ixtisas təhsili, 44.917.271 manatı orta ixtisas təhsili, 41.383.900 manatı ali təhsil, 3.779.189 manatı isə əlavə təhsil üçün nəzərdə tutulub. 

Vaxtilə Azərbaycanda "Təhsil haqqında” Qanun qəbul edilərkən elmin və təhsilin menecmenti üsulu təklif olunub, amma tətbiq edilməyib.Müxtəlif layihələr, qrantlar, müsabiqələr və əldə edilən elmi nailiyyətləri başqa dünya ölkələrinə, elm mərkəzlərinə təklif etmək yolu ilə gəlirlər əldə edə bilərlər.Bunun üçün də elmin və təhsilin menecmenti olmalıdır.Müasir mərhələdə ölkəmizdə mövcud olan elmi idarəetmə təcrübəsi göstərir ki, yeni təhsil menecerinin hazırlanmasına çox ciddi ehtiyac vardır.Təhsildə gedən sürətli dəyişikliklər şəraitində menecment üzrə yalnız akademik səriştəyə malik olmaqla kifayətlənmək yox, eyni zamanda həyata keçirilən dəyişikliklərin, yeniliklərin mahiyyətini və xarakterini, onların normativ-hüquqi təminatını, təhsilin idarə edilməsini tənzimləyən bütün qanunvericilik bazasını yaxşı bilməlidir.Başqa sözlə, Azərbaycan təhsilinin özünəməxsus spesifik menecmenti formalaşmalıdır.Lakin qrant haqqında qanuna məhdudiyyətlər qoyulduğundan həm universitetlər, həm elmi tədqiqat institutları menecment üsulunu tətbiq edə bilmir.Hazırda Azərbaycanda xaricdən qrant almaq imkanları çox məhduddur.Əvvəllər heç bir məhdudiyyət olmadığına görə QHT-lər rahat şəkildə qrantlar, ianələr ala bilirdi, amma elm, təhsil sahəsi üzrə qrantlar alınmırdı.Elmin və təhsilin qrant və donorlar hesabına maliyyələşmə məsələsi gündəmə gələndə artıq çox gec idi.Qrantlar, layihələr, müsabiqələr hesabına elmin və təhsilin özünümaliyyələşdirmə mexanizmi barədə təklifi ilk dəfə təhsil naziri Mikayıl Cabbarov təhsil haqqında konsepsiyada irəli sürmüşdü.Lakin qanunvericiliyə edilən dəyişiklik bu təklifin qarşısını aldı.

AMEA prezidentinin açıqlamasına gəlincə, demək olar ki, ümumiyyətlə, dünyanın heç bir yerində "elm vergisi” deyilən şey yoxdur.Dünyada biznes dövlət büdcəsinə vergilər ödəyir, dövlət də elmə vəsait ayırır.Şirkətlər özlərinin məhsul istehsalı ilə bağlı elmi araşdırmalara könüllü vəsait xərcləyir, özlərinin məqsədləri olur.Akademiya prezidenti qeyri-ciddi fikir səsləndirib.Akif müəllim deyir ki, Fazil müəllimlə görüşüb danışacaq.Amma prezident bilmir ki, vergilər naziri vergiləri müəyyən etmir, Vergilər Nazirliyi icraçı qurumdur.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, başqa ölkələrdə elmə biznesin münasibətləri vergi öhdəlikləri üzərində qurulmur:

"Biznes texnoloji cəhətdən yeni məhsullarla, istehsal sahələri yaratmaq sahəsində elmin nailiyyətlərindən istifadə edir. Bunun üçün elm ocaqları ilə birbaşa əlaqələr qurulur, müəyyən qrant proqramları ayrılır.Həmin proqramlar sayəsində araşdırmalar aparılır müəyyən işlər görülür.Elm idarələrinə, akademik çevrələrə qrant şəklində vəsaitlər ayrılır. Elmi maliyyələşdirmək adına biznesin üzərinə hər hansı vergi yükü qoymaq dünyada görünməmiş hadisədir. Elm sahəsində inkişaf vergi yükünün artırılması hesabına olmur.Kafe işlədən vergi ödəyicisi elmə niyə ayrıca vergi ödəməlidir?Elm ona nə verəcək?Toyuğu yeni üsullarla qızartmağı, bişirməyimi öyrədəcək?!Bu, tamamilə səhv yanaşmadır.Doğru olan yanaşma elmlə biznesin birgə fəaliyyətini həyata keçirdən, stimullaşdırıcı proqramlar qəbul etməkdir.Həmçinin, elmə pul, qrant ayıran kommersiya strukturlarına vergi güzəştləri tətbiq olunmalıdır.Onların bir çox vergiləri ləğv olunmalı və yaxud da azaldılmalıdır.Normal, sivil yanaşma bundan ibarətdir”.


Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları