Yuxarı

Kişilər daha çox maaş alır və daha çox ölürlər

Kişilər daha çox maaş alır və daha çox ölürlər

Gender bərabərliyinin təmini dünyanın nəinki inkişaf etməkdə olan, hətta aparıcı iqtisadiyyata malik ölkələrində də problem olaraq qalır.

Ümumdünya İqtisadi Forumunun son hesabatına görə, dünyada qadın və kişilər arasında bərabər əmək haqqına nail olunması üçün hələ 170 il tələb edilir. Məsələn, Böyük Britaniyada rəhbər vəzifələrdəki qadınlar analoji vəzifələri daşıyan kişilərdən 12 min funt az maaş alır. "Cümhuriyət” qəzeti "Global Gender Gap Report” adlı sənədə istinadən xəbər verir ki, dünyanın 135 ölkəsində qadın və kişilərin əmək haqqı vəziyyəti öyrənilib. Siyahıda 15 ölkənin adı xüsusilə, hallanıb ki, həmin ölkələrdə əmək haqqının ödənilməsində gender bərabərliyi ən yüksək səviyyədə pozulur. 

Avropada da qadınlar iş tapa bilmir

Slovakiya. Bu ölkədə əməyin qiymətləndirilməsində gender bərabərliyi 7 ballıq sistem üzrə 3,75-dir. Reytinq cədvəlində121-ci yerdə olan ölkənin ümumi balı 0,679-dur. 5,5 milyon əhalisi olan ölkədə qız və oğlanların təhsil səviyyəsi eyni qiymətləndirilir. Ancaq maaş məsələsinə gələndə vəziyyət dəyişir. Qadın və kişilər arasında əmək haqqının ödənilməsində bərabərsizlik var. Buna görə də ölkə 7 ballıq sistemdə ancaq 3,75 bal toplaya bilib. 

Banqladeşdə bu rəqəm 3,75-dir. Ölkənin reytinq cədvəlindəki yeri 122 olub. Balı isə 0, 698-dir. Ölkədə qadınların savadlılıq dərəcəsi 58 faizdir. Qadın və kişilər arasında maaşın ödənilməsində bərabərsizlik hələ də qalır. Qadınlar kişi həmkarlarından daha az maaş alırlar. 

Marakko. Ölkədə maaşlaın ödənilməsində gender bərabərliyi 3,74-dür. Ölkə reytinqi 123 olaraq qiymətləndirilib. Ümumi balı isə 0,597-dir. Bu nəticələrlə ölkə 144 ölkənin arasında 137-ci yeri tutub. 

Polşa. Nə qədər qəribə görünsə də, bu ölkədə də vəziyyət yaxşı deyil. Əmək haqqının ödənilməsində gender bərabərliyi 3,72-dir. Reytinqi 124, balı 0,727-dir. 7 mümkün baldan cəmi 3,72 bal toplayan Polşanın 124-cü yerdə qərarlaşması ilə problemlərin olduğunu göstərib. Burda qadınlar kişilərdən əhəmiyyətli dərəcədə az maaş alır.

Cənubi Koreya. 7 ballıq sistemdə cəmi 3,67 bal toplamaqla reytinq cədvəlində 125-ci yeri tutub. Burdakı problem təkcə qadın və kişilər arasındakı maaş fərqində deyil.Burda həm də kişilər qadınlardan daha tez iş tapa bilirlər. 
Argentinada da vəziyyət yaxşı deyil. Bu ölkə 7 ballıq sistemdən ancaq 3,58 bal toplaya bilib. 144 ölkə arasında 126-cı yerdədir. Burada qadın-kişi bərabərliyi olsa da, maaşların ödənilməsində vəziyyət dəyişir. Kişilər qadınlardan daha çox maaş alır.

Nə qədər qəribə görünsə də, İtaliya da siyahıda var. Ölkə 7 ballıq sistemdə ancaq 3,58 bal toplayıb. 144 ölkə arasında 127-cı yerdədir, ümumi balı isə 0,719-dur. Bu ölkədə qadın və kişilərin təhsil səviyyəsi eyni deyil. Kişilərin 58, qadınların isə 74 faizi ali təhsil alır. Buna baxmayaraq, əmək haqqının ödənilməsində qadın-kişi bərabərliyi təmin edilmir. 

Meksika 7 ballıq sistemdə 3,55 nəticə ilə reytinq cədvəlində 128-ci yerdə qərar tutub. Ümumi balı 0,700-dür. 

Braziliyada da oxşar vəziyyətdir. 7 ballıq sistemdə cəmi 3,48 alan ölkənin reytinqi 129 kimi dəyərləndirilir. Ümumi balı isə 0,687-dir. Qadınlar hakimiyyət orqanlarında, parlamentdə və ya nazirliklərdə daha az təmsil olunur. Maaşları da kişilərə nisbətən daha aşağıdır.

Macarıstana nəzər salanda görürük ki, bu ölkə reytinq cədvəlində 130-cudur. Ümumi balı 0,699-dur. Ölkədə qadınlar kişilərədn 60 faiz az əməkhaqqı alır. Bu isə daha çox qadınların rəhbər vəzifələrdə təmsil olunmamasıyla bağlıdır.

Perunun reytinqi 131 olub, ümumi balı isə 0,687-dir. Parlamentdə hər 3 kişiyə ancaq 1 qadın deputat var. 

Boliviyada əməyin ödənilməsində gender bərabərliyi ancaq 3,42 həddində təmin edilir. Reytinq cədvəlində 132-ci yerdədir. Ümumi balı 0,746-dır. Bu ölkə ümumilikdə gender bərabərliyinə görə 32-ci yeri tutub. Amma söhbət əməyin haqqının ödənilməsindən gedirsə, bu nəticəni təkrarlaya bilməyib. 

Çilinin topladığı ümumi bal 0,699-dur və o, siyahıda 133-cü yerdədir. Bu ölkədə gənc qadınların 16 faizi iş tapa bilmir. Kişilərdə isə bu hədd 8 faizidr. 

Fransa. Yəqin ki, bu adı eşidəndə təəccübləndiniz. Bu Avropa ölkəsində vəziyyət heç də xoşagələn deyil. Gender bərabərliyi sahəsində dünyada 17-ci yerdə olsa da, söhbət pula gələndə durum dəyişir. Ölkə əhalisi hesab edir ki, burda kişi və qadınlar arasında ciddi fərq qoyulur.

Anqola dünya ölkələri arasında əmək haqqının bərabər ödənilməməsinə görə ən yüksək göstəriciyə malikdir. Bu ölkə 7 baldan cəmi 2,83 bal toplaıyb. Parlamentdə az sayda qadın var. 

Azərbaycanda dövlət qulluğu kişilərə "etibar edilir”

Qadınların sayının kişilərdə çox olduğu Azərbaycanda da gender bərabərliyinin təmini sahəsində çox işlər görülsə də, nəticə hələ tam qənaətbəxş deyil. 
Dövlət Statistika Komitəsinin məlumatına görə, dövlət qulluğu vəzifələrini tutan işçilərin əsas hissəsi 35-64 yaşda olanlardır. Onların arasında cins bölgüsü belədir: Ali-3 təsnifatı üzrə qadınların sayı 347, kişilərin sayı 867 nəfər. 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə 5044 qadın, 17888 kişi, dövlət qulluğunun yardımçı vəzifələrində isə 3216 qadın və 2728 kişi çalışır. 

Məhkəmə sistemi də "kişilərin əlindədir”

Hakimlərin cins bölgüsünə nəzər yetirək. 2015-ci ildə ölkədə 62 qadın, 451 kişi hakim olub. 2016-cı ildə isə rəqəmlərdə qadın və kişilərin sayı nisbətində cüzi azalma olub-61 qadın və 444 kişi. Ancaq faiz nisbəti özünü qoruyub saxlayıb. Belə ki, məhkəmə sistemində kişi hakimlər 88 faizlə üstünlüyü böyük ölçüdə qoruyub saxlayır. 2016-cı ilin statistik nəticələrinə əsasən, məşğul əhalinin 48,2 faizini qadınlar, 51,8 faizini kişilər təşkil edir. İşsizlər arasında isə bu rəqəm qadınların "xeyrinə" dəyişir: 57,5 faiz.

Amma...ölənlər də əsasən kişilərdir

Daha bir maraqlı nəticə iqtisadi fəaliyyət növləri üzrə istehsalatda ölənlərin sayı ilə bağlıdır. 2016-cı ilin nəticələrinə görə, kənd təsərrüfatında 1 kişi, mədənçıxarma sənayesində 17 kişi, elektrik enerjisi və təchizatı sahəsində 6 kişi, digər iqtisadi fəaliyyətlər üzrə 6 kişi-ümumilikdə 58 kişi istehsalatda ölüb. İstehsalatda ölən qadınların sayı isə 2016-cı ildə cəmi 7 nəfər olub. onlardan 2 nəfəri emal sənayesində, 5 nəfəri isə açıqlanmayan digər iqtisadi fəaliyyət növləri ilə məşğul olanlar olub. Faizlə götürdükdə istehsalatda ölüm faktlarının 89,2 faizi kişilərin, 10,8 faizi qadınların payına düşüb. 

Qadınlar Milli Məclisdə 

Ölkə parlamentində qadınların ən az xüsusi çəkisi (4,3%) 1990-cı ildə müşahidə olunub. Növbəti illər ərzində qadınların sayı praktiki olaraq dəyişməz qalsa da (11%) 2010-cu il seçkilərindən sonra parlament üzvü olanların sayının 16%, sonuncu- 2015-ci il seçkilərindən sonra isə 16,8%-ni təşkil edib. Beləliklə, 1990- 1995-ci illərdə parlamentdə 15, 2000- 2005-ci illərdə 13, 2006-2009-cu illərdə 14, 2010-2011-ci illərdə 20, 2012-2014-cü illərdə 19, 2015-ci ildə 21, 2016-cı ildə 20 qadın deputat olub. 

Kişilərə qadınlardan 2 dəfə çox maaş verilir

Qadın və kişilər arasında 2016-cı ildə orta aylıq nominal əmək haqqı cədvəlində də maraqlı göstəricilər var. Məsələn, mədənçıxarna sənayesində kişilər qadınlardan 2 dəfə daha artıq əmək haqqı alıb. Nisbət 1528 manata 3002 manat olub. Tikintidə muzdla işləyən kişilərin əmək haqqı 838 manat olduğu halda, qadınlarda bu rəqəm 480 olub. Maliyyə və sığorta bazarında da əmək haqqı kişilərə daha çox verilir. Burda kişilər 1385, qadınlar isə 914 manata işləyib. Peşə, elm sahəsində əmək haqqında fərq daha böyükdür. Kişilər 1270, qadınlar 427 manat alıb. Əyəncə, istirahət sektorunda muzdla işləyən qadınların əmək haqqı 212, kişilərinki isə 336 manat olub. Qadınlar ancaq kənd təsərrüfatında kişilərdən daha artıq maaş alıb. Bu rəqəm zərif cinsdə 269, kişilərdə isə 249 manat təşkil edib. Ümumilikdə isə qadınların orta aylıq əmək haqqı 316, kişilərin isə azı 2 dəfə artıq- 629 manat olub. Rəqəmlər də göstərir ki, Azərbaycanda qadın-kişi bərabərliyi üçün hələ çox işlər görülməlidir. Yuxarıda deyildiyi kimi, yəqin ölkəmizdə də azı 170 il tələb olunacaq.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları