Yuxarı

Yol polisinin cərimə üsulları

Yol polisinin cərimə üsulları

Yol Polisinin müxtəlif növ cəza üsulları artır. Demək olar ki, hər kvartal sürücü və piyadaları cərimələmək üçün  yeni yollar, cərimə növləri fikirləşib tapılır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata müsahibəsində bildirib ki, sürücülərlə bağlı yeni cərimə növləri tətbiq edilə bilər.Onun sözlərinə görə, avtomobili idarə edərkən salondakı sərnişinlə söhbət edən sürücü cərimələnəcək.Bundan başqa sürücü cızılan, yəni xırda kosmetik təmirə ehtiyacı olan avtomobili təmir etdirmək üçün DYP-dən arayış almalıdır.Əks halda, 100 manat cərimə olunacaq.

Bu  və indiyə qədər gündəmə gətirilən digər bəzi qaydalar Ramiz Zeynalovun rəhbərlik etdiyi qurumun - Baş Dövlət Yol Polisi İdarəsinin daha bir yeni üsuludur. Maraqlıdır, DYP-nin absurd cərimə təklifləri  nəyə hesablanıb?

Yollarda təhlükəsizliyin təmini, tıxacların aradan qaldırlması vacib olanda yoxa çıxan, vəzifəsini ancaq sürücü və piyadaları cərimələməkdə bilən, müxtəlif cərimə növləri düşünüb tapan  DYP nədənsə öz qanuni işini - maarifləndirməni də unudub. İllərdir piyadalar arasında maariflənmə işləri aparılmır.Bunun nəticəsidir ki, Bakıda baş verən yol qəzalarında ölənlərin böyük əksəriyyəti piyadalardır.

Haşiyə: Təkcə bu ilin yanvarın 1-dən avqustun 26-na qədər Bakı şəhəri üzrə baş vermiş yol qəzalarının 62 faizi məhz piyadaların vurulması ilə nəticələnib. Qeyd olunan müddətdə Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində avtomobil sahibləri ilə bağlı 451 978, piyadalarla bağlı isə 80 187 inzibati protokol tərtib edilib.

Vaqif Əsədov ötən gün verdiyi açıqlamasında həmçinin bildirib  ki,  nəqliyyat vasitəsini idarə edərkən su içmək, musiqiyə qulaq asmaq da qadağandır. Əlbəttə, bu açıqlama da düşünülmüş deyimdir və nəticə cəriməyə hesablanıb.Yəni, Vaqif müəllim bu açıqlama ilə yol-patrul xidmətinin əməkdaşlarına bir növ "pas” ötürür.Maraq doğuran suallardan biri də budur ki, DYP əməkdaşı nəyə əsasən müəyyən edəcək ki, sürücü məhz söhbət etmək üçün başını sağa çevirib.Sükan arxasında əyləşən sürücü robot deyil.Sürücü də nəqliyyat vasitəsini idarə edərkən gülümsəyə, danışa bilər.Olmaya DYP nəqliyyat vasitəsini idarə edərkən yerindən tərpənməməsi üçün sürücüyə əlavə vasitələr təklif edəcək?

Bir müddət öncə DYP-nin bu ancaq cəriməyə və sürücüləri hökumətdən narazı salan addımlarını tənqid edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev bu qurumun ləğvinin zəruri olduğunu demişdi. R.Nurullayev yol polislərinin reketçiliyini də xatırlatmışdı:

"Yol polisi özünü vətəndaşa yardımçı, köməkçi, yola nəzarət və qayda pozuntusunun qarşısını almağa çalışan kimi yox, bir sıra hallarda yol reketi kimi göstərir. Axı, yol polisi cərimə yazmaq, sürücünü qovmaq, kobud səslə mirkrafonla dayanmağı əmr etmək, kol dibindən çıxmaq, küncdə-bucaqda gizlənib sürücüləri ilişdirməyə çalışmaq vəzifəsi daşımamalıdır. Yol polisi əslində  sürücünü vaxtında xəbərdar etməlidir ki, qaydanı pozmasın. Yoxsa, gözaltı və bığaltı süzərək, qayda pozuntusunu etməyə imkan yaratmaq və sonra qırğı kimi sürücünün başının üstünü almaq yolverilməz, həm də qanundankənar hərəkətdir”.

Bu gün qayda pozuntuları  yalnız piyadalar tərəfindən törədilmir. Bəzən piyadanın ödədiyi cərimə belə hesaba vaxtında  yatırılmır. Buna görə də piyadalar cəriməyə görə əlavə məbləğ ödəməli olurlar.DYP rəsmiləri də bunu texniki xəta ilə əlaqələndirirlər. Bir yolda qarşı-qarşıya olan, biri sürücü, digəri isə piyada üçün nəzərdə tutulan işıqforlarda eyni anda yaşıl işığın yanması kimi "texniki”xətalar da yollarda faciələrin sayını artırır. Təəssüflər olsun ki, yol polisi daha çox cərimələməklə məşğul olduğu üçün bu cür nüanslar "gözdən qaçır”.

Millət vəkili Fazil Mustafa Cebhe.info-ya açıqlamasında DYP-nin cərimələrinə münasibət bildirərək deyib ki, bununla bağlı müzakirələrə ehtiyac var:

"Ola bilər ki, hüquqi prosesləri nəzarətə götürmək baxımından bu cür addım atılır. Düzdür, bəzi cərimələr vətəndaşlar üçün çətinlik yarada bilər.Lakin telefonla danışmağa qadağa qoyulursa, bunu normal qarşılamaq lazımdır. Ümumilikdə, dəyişikliklər qəzaların baş verməsinə səbəb ola biləcək halların qarşısını almaq məqsədi daşıyır. Digər cərimələr də müzakirə olunmalı, əsaslandırılmalıdır.Yalnız bundan sonra məsələyə münasibət bildirmək olar”.

F.Mustafa avtmobil cızığına görə arayış almayan sürücülərin 100 manat məbləğində cərimə olunmasını birmənalı qarşılamayıb:

"Ola bilsin ki, kriminal hadisənin qabağını almaq üçün arayış lazımdır. Düşünürəm ki, 100 manat yox, cərimənin daha  yüngül variantı təklif olunar. Əks halda, bütün vətəndaşlara bu cərimənin şamil edilməsində problemlər yarana bilər”.

Nigar Məhərrəm