Yuxarı

Sahibkarlara daha 4 il möhlət

Sahibkarlara daha 4 il möhlət

Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Ziyad Səmədzadə bildirib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif edilir.Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Ziyad Səmədzadə qeyd edib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir:

"Ona görə də qanunun vaxtı uzadılır. Həmçinin, qanun layihəsinə qida məhsullarının təhlükəsizliyi və dərman vasitələrinin keyfiyyət qaydalarına riayət edilməsi ilə bağlı yeni maddə əlavə edilir.İndiyədək belə yoxlamalar yox idi.Lakin əsassız yoxlamalar olmamalıdır".

Qeyd edək ki, 2015-ci ildə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun qəbul olunub.Sənəd sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır.Qanun 4 maddədən ibarətdir. Sənəddə yoxlamaların dayandırılmasının 2015-ci il noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir.Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Maraqlıdır, yoxlamaların 2 il müddətinə dayanmasının nəticəsi nə oldu? Yeni dəyişikliyə əsasən yoxlamaların müddəti daha 4 il müddətinə uzadılmasının xeyri nə olacaq?

İqtisadçı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, keçən 2 il müddətində ciddi nələrinsə dəyişdiyini müşahidə etmədik:

"Bu müddət ərzində qəbul edilmiş qanunun tələblərinə baxmayaraq qanunsuz bir çox yoxlama hallarının şahidi olduq. Hesab edirəm ki, qanunun etibarlılıq müddətinin daha 4 il uzadılması, heç nəyi dəyişməyəcək. Ümumiyyətlə, yoxlamalar zamanı yoxlayıcı orqanın səlahiyyətlərini aşmaması, eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması, yoxlamalar zamanı normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın və onun vəzifəli şəxslərinin məsuliyyət daşıması, yoxlayıcı orqanların fəaliyyətinə nəzarətin o cümlədən, daxili nəzarətin həyata keçirilməsi, yoxlanılan bütün sahibkarlıq subyektlərinə eyni prizmadan yanaşılması vacibdir. Məlumat üçün onu da qeyd edim ki, hazırda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir ki, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamalar yalnız bu sözügedən qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparıla bilər”. 

İqtisadçı qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişafı üçün ilk öncə ölkədə monopoliya aradan qaldırılmalıdır:

"Həmçinin dövlət öz sərhədləri daxilindəki kiçik və orta miqyaslı müəssisələrə, ticarətçilərə, kəndli-fermerlərə, yeni iş yeri açmaq istəyən sahibkarlara, işini genişləndirərək ölkə xaricində müəssisə qurmaq istəyənlərə bacardığı dəstəyi göstərməlidir. Qrantlar, güzəştli və ya faizsiz kreditlər, subsidiyalar, stimullaşdırıcı tədbirlər görülməlidir.Bu dəstək proqramlarının illərə, bölgələrə və sektorlara görə ayrılması və qruplaşdırılması məqsədə uyğundur.

İlkin olaraq işçi sayı 1-250 nəfər arasında dəyişən, ETT əsasında məhsul yaradan və ya xidmət göstərən innovasiya şirkətlərinə dəstək təmin olunmalıdır.Onlara geri ödənilməsi tələb olunmayan 50-75 faizlik qrantlar ayrıla bilər. Bundan əlavə, avadanlıq, material, təchizat, istehsal xərclərinin müəyyən hissəsi, ezamiyyət xərcləri, müəssisədə işləyən kadrlara 1 il və ya daha artıq müddətə çəkiləcək xərclər kompensasiya oluna bilər. Ölkə daxilindən və ya xaricdən alınacaq patentlərə sərf olunan xərclər, layihələrə çəkilən xərclər, proqram təminatına ayrılan xərclər, ölkədaxili və ölkəxarici reklam xərcləri maliyyələşdirilə bilər”.

Vüsalə Əhmədova yeni iş yerləri açmaq istəyən sahibkarlara da güzəştlərin tətbiq olunmasının vacibliyini vurğulayıb:

"Həmin sahibkarlara gəlir vergisi, gömrük vergisi, ƏDV və rüsumlarla bağlı bir sıra güzəştlər edilə bilər. Həmçinin, aşağı faizli kreditlər, sərmayə dəstəyi, müəssisənin yerləşəcəyi məkanın güzəştli qiymətlərlə satılması və ya icarəsi təmin olunmalıdır. Bundan əlavə, xarici ölkələrdə mağaza və ya ofis açmaq istəyən, sərgilər təşkil etmək istəyən şirkətlərə xarici bazarların araşdırılması, sərgi, tanıtım və kokteyllərin keçirilməsi, müxtəlif inventarların alınması, treninqlər, seminarlar və konfransların təşkili, markanın rəsmi qeydiyyatı və reklamı, tərcüməçilik xidməti, yol və otel xərclərinin qarşılanması kimi bir sıra köməkliklər göstərilməlidir.

Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olanlara, bütün növ bitkilərin becərilməsi və heyvandarlıq məhsullarının istehsalı üçün güzəştli kreditlərin verilməsi də vacibdir.Xüsusilə, kiçik və orta sahibkarlar üçün həyati önəm daşıyan Eximbankın ölkədə qurulması tövsiyyə olunur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları