Yuxarı

Qafqazda dini radikalizm təhlükəsi

Qafqazda dini radikalizm təhlükəsi

Son vaxtlar bölgədə dini radikalizm təhlükəsinin artması ilə bağlı müzakirələr cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. İctimai müzakirələrin əsas mövzusu da  bununla bağlıdır. Suriya və İraqda strateji əhəmiyyətli mərkəzlərini itirdikdən sonra Orta Asiya, Şimali Qafqaz və dünyanın digər bölgələrində görünməyə başlayan İŞİD terror təşkilatının Azərbaycan üçün daha təhlükəli olduğu bildirilir.Ehtimallara görə, terror təşkilatlarının sərhədlərimizədək irəliləməsi, Azərbaycan daxilindəki radikalları fəallaşdıra bilər.

Yaxın günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev məsələ ilə bağlı verdiyi açıqlamada vəziyyətin narahatlıq yaradacaq səviyyədə olmasından xəbər verir.M.Quliyevin sözlərinə görə, müvafiq qurumlarla planlı şəkildə işlər görülür ki, azərbaycanlı gənclər yanlış yola düşməsinlər.DTX rəisi qeyd edib ki, idman, mədəniyyət, incəsənət artıq Azərbaycanı bütün dünyada tanıtdırır.Belə bir dövlətdə qara işlərlə məşğul olmaq təbii ki, yaxşı hal deyil.DTX rəisinin açıqlamasına görə Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub, 300-ü ölüb, 85-i həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.

Daxildəki radikallar kənar güclərin diqqətində

Təhlükəsizlik üzrə ekspertlər isə fərqi fikirdədirlər. Bir sıra ekspertlərin qənaətinə görə, İŞİD, "Ən-Nüsra” və digər radikal terror qruplaşmaları Azərbaycanın yerləşdiyi regiona - Şimali Qafqaza qədər uzansalar da, əsas təhlükə bu radikal qruplaşmalar yox, daxildəki radikal düşüncəli ayrı-ayrı şəxslərdir. Qruplaşmağa və təşkilatlanmağa meyilli olduqları bildirilən bu şəxslərə kənardan dəstəyin verilə biləcəyi də narahatlıq yaradan amillərdən biridir.Hesab olunur ki, bir sıra xarici kanallarla əlaqədə olan bu şəxslərdən müəyyən məqamlarda istifadə oluna bilər. Bu baxımdan hesab edilir ki, İŞİD və "Ən-Nüsra”nınŞimali Qafqazda möhkəmlənməsi yerli radikallara stimul verə bilər.

"Kənardan dəstəyin verilməsi mümkündür”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bir sıra kənar güclər Azərbaycan daxilindəki radikallardan öz məqsədləri üçün istifadə edə bilərlər. ADP sədri hesab edir ki, belə qruplaşmalara həmişə kənardan dəstək verilir:

"Ölkə daxilindəki radikallara kənardan dəstək verilə bilər. Yaxın Şərqdə gedən proseslər göstərdi ki, islamda olan radikal və terrorçu qüvvələr kənardakı dövlətlərdən verilən dəstəklə meydana çıxırlar.Həmişə belə qruplaşmaların rəhbərləri kənarda olurlar.Buna görə də Azərbaycandakı radikallar da öz dəstək mənbəyini kənardan tapa bilər.Yaxın Şərqdəki radikal və terror qruplaşmalarına Avropa və digər ölkələrdən dəstək verilib.Hesab edirəm ki, bu baxımdan kənar qüvvələr Azərbaycandakı radikallardan öz məqsədləri üçün istifadə edə bilərlər”.

"ABŞ - Rusiya toqquşması Qafqaza sırçraya bilər”

"Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan Qafqazda və regionda müəyyən dövlətlərin maraq kəsb etdiyi ölkədir və burada dini radikalizmə istənilən vaxt dəstək verilə bilər. Politoloq qeyd edib ki, zamanla ölkənin şimal bölgəsi Şimali Qafqazda fəaliyyət göstərən dini radikal silahlı qruplaşmaların diqqətini cəlb edib və bir sıra hallarda həmin qruplaşmaların burada fəaliyyətləri olub:

"Şimal bölgəsində müəyyən vaxt kəsimində fəaliyyət göstərmək istəyən "Meşə Qardaşları” və digər radikal dini qruplaşmalara kənardan dəstək verilirdi. Azərbaycanın təhlükəsizlik orqanlarının çevikliyi nəticəsində bu kimi radikallara qarşı əməliyyatlar həyata keçirildi, onlar zərərsizləşdirildi.Suriyada məzhəb donu geyindirilmiş savaşa yüzlərlə Azərbaycan vətəndaşı İŞİD-in sıralarında döyüşüb.Onların bir qisminin geri qayıtması, yaxud, Şimali Qafqazda məskən salması istisna deyil.Buna görə də Azərbaycanda dini radikalizm təhlükəsi həmişə var. DTX bunlara qarşı mübarizə aparır və kiçik silahlı insidentlər yaşanır.Bu onu göstərir ki, dövlət bu sahədə antiterror fəaliyyətini gücləndirməsə, dini radikalların fəaliyyət imkanları genişlənəcək. Bir neçə il əvvəl Azərbaycanda təhlükəli məzhəblərin nümayəndələri artdı və onlar açıq formada məscidlərdə fəaliyyət göstərməyə başladılar. Nəticədə Azərbaycandan İŞİD-in sıralarına qoşulanlar oldu.Hazırda dini radikallara qarşı mübarizə öz müsbət nəticələrini verib.Hesab edirəm ki, bununla kifayətlənmək olmaz.Çünki Yaxın Şərqdə gedən geosiyasi mübarizədə ABŞ - Rusiya toqquşması Qafqaza da sıçraya bilər.Şimali Qafqazda Rusiya əleyhinə terrorçu dini radikallara dəstək verilə bilər”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, bir sıra xarici dövlətlərin kəşfiyyat orqanları belə radikal qruplaşmalara dəstək verirlər:

"Şimali Qafqaz bu təhlükə ilə üz-üzədir. Dini radikalları dəstəkləyən məlum ölkələr var. Əvvəllər Körfəz ölkələri və Səudiyyə Ərəbistanı bu sahədə çox ciddi işlər görürdü.Məhz bu ölkələrin maliyyə və ideoloji dəstəyi ilə Şimal Qafqaz dini radikalizmin bir mərkəzinə çevrildi.Azərbaycanda da bu təhlükəli məzhəbin inkişafı ilə bağlı işlər görüldü.Hazırda da dövlətin bu sahəyə ciddi nəzarəti var”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları