Yuxarı

Məmurlara həm yoxlama, həm cəza...

Məmurlara həm yoxlama, həm cəza...

"Hesablama Palatası haqqında” yeni qanun layihəsi hazırlanır və bu quruma yeni səlahiyyətlərin veriləcəyi gözlənilir. Qeyd edək ki, Hesablama Palatası büdcədən ayrılan vəsaitlərin xərclənməsinə nəzarət edən qurumdur və apardığı yoxlamalar zamanı əldə etdiyi nəticələri aidiyyatı üzrə Milli Məclisə təqdim edir. Ancaq Hesablama Palatasının 2016-cı ilin yekunları üzrə apardığı araşdırmalar zamanı ictimaiyyətə açıqlanan nəticələrlə bağlı heç bir tədbir görülmədi. 

Məsələn, Hesablama Palatası bir sıra iri rayonların (Qaradağ, Sabunçu, Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba və Oğuz) icra hakimiyyətləri orqanlarında yoxlamalar aparmış və ciddi nöqsanlar aşkarlamışdı. Bununla yanaşı Palata Təhsil Nazirliyinin nəzarətində olan bir sıra müəssisələrdə aparılan araşdırmalarda təhsil müəssisələrinin yerli xərclərinin şəbəkəsində bir sıra nöqsanlar və uyğunsuzluqlar aşkar etmişdi. 2016-cı ildə aparılan araşdırmalar nəticəsində 64 şəhər və rayon üzrə 419 təhsil müəssisəsində normativdən artıq 665 ştat vahidinin mövcudluğu, 49 işçinin 0,25 ştat vahidi ilə, 1140 işçinin 0,25-0,5-dək ştat vahidi ilə, 5261 işçinin isə 0,5-0,75-dək ştat vahidi ilə işləməsi müəyyən edilib. Qeyd edək ki, bu yoxlamalardan öncə Təhsil Nazirliyi özü bu nöqsanlarla bağlı məlumat yaymışdı.

Mədəniyyət və Turizm Nazirliyində  isə Hesablama Palatası 305 milyon 650,8 manat yeyinti aşakarlamışdı. Digər büdcə təşkilatlarında da Palata eyni hal müşahidə etmişdi. Ancaq nəticədə heç bir cəza tədbiri görülmədi. Ekspertlər hesab edir ki, indiki şəraitdə, yəni büdcə xərclərinin azaldığı bir zamanda Hesablama Palatsının işi vacib və çox institusional xarakter daşımalıdır. Buna görə də Palatanın səlahiyyətlərinin artırılmasına ehtiyac duyulur. Məsələ ondadır ki, bu qurum aşkarladığı nöqsanlarla bağlı özü qərar vermək səlahiyyətində  olmalıdır. Hələ ötən ildən ekspertlər bu təkliflə çıxış edirdi. 

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Hesablama Palatasının demək olar ki, apardığı bütün yoxlamalar cinayət işlərinin açılması üçün əsas verir:  

"Hüquq-mühafizə orqanları Hesablama Palatası ilə bir yerdə bu yoxlamaların nəticəsində cinayət işi açmalı və sərt cəza mexanizmləri tətbiq olunmalıdır. Başqa yolla büdcə korrupsiyasının qarşısını almaq mümkün olmayacaq. Bir çox ölkələrin keçdiyi yol da bunu sübut edir. Yəni, dünya ölkələrində ən hörmətli, ən çox sözünə qulaq asılan orqanlardan biri Hesablama Palatasının funksiyalarını yerinə yetirən Büdcə Nəzarəti Komissiyalarıdır. Məsələn, Sinqapur islahatlara başlayanda həmin quruma çox böyük səlahiyyətlər verildi. Nəticədə isə büdcə korrupsiyasının qarşısını almaq istiqamətində çox böyük işlər görüldü. Ən yüksək vəzifəli məmurlar belə çox ciddi cəzalara məruz qaldılar. Ona görə də Sinqapur bu gün korrupsiyasız ölkələr siyahısında birinci yerdədir. Bu çox vacib bir institusional orqandır. Amma cəza mexanizmi olmasa, onların gördüyü işin heç bir effekti də olmayacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları