Yuxarı

Facebook erası bitir

Facebook erası bitir

İki milyarda yaxın üzvü olan Facebook artıq əhəmiyyətini və populyarlığını itirir.İstifadəçilərin qənaətinə görə bu sosial şəbəkə öz sosiallığını itirib.İstifadəçilərin bu sosial şəbəkədən imtina etmələrinə əsas səbəb Facebook tərəfindən onların fəaliyyət və maraqlarına ciddi məhdudiyyətlər qoyulmasıdır. Sosial şəbəkədən uzaqlaşmaq istəyənlər fikirlərini belə əsaslandırırlar ki, iş fəaliyyətlərini genişləndirməyə imkan verəcək müəyyən reklam və paylaşımlara məhdudiyyətlər qoyulursa, o zaman bu şəbəkədə yazışma və digər məsələlər qalır ki, bunları da alternativ şəbəkələrdə etmək mümkündür. İstər-istəməz vaxtaşırı məhdudiyyətlər insanı bezdirir və qeydiyyatda olduğu sosial şəbəkədən narazı salır.

Son vaxtlar ümumiyyətlə, Facebook öz üzərindən xəbər yaymaq, ictimaiyyəti maraqlandıran paylaşımlar etmək, reklam və digər fəaliyyətlərlə bağlı istifadəçilərinə qadağalar qoyur.Qoyduğu qadağalara isə xəbərin və ya paylaşımın təhlükəsiz məqamlara söykəndiyini əsas gətirir.Halbuki çox hallarda həmin paylaşım, məlumat və ya reklamların cəmiyyət, ümumilikdə dünya üçün hər hansı təhlükə saçacağı ehtimalı belə yoxdur.Müşahidələrə görə sözügedən sosial şəbəkənin istifadəçiləri narazı salması problemə çevrilib və bu şəbəkədən imtina edənlərin sayı artıb.Narazı istifadəçilər isə heç düşünmədən Facebookdan imtina etməyə qərar verirlər.Belə getsə, həmin sosial şəbəkə əhəmiyyətini və aktuallığını itirəcək, onun yerini digər alternativ sosial şəbəkələr alacaq.

Sosial media mütəxəssisi Orxan Rzayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, facebook hazırda dünyada olduğu kimi Azərbaycanda da ən aktiv sosial şəbəkədir:

"Sadəcə olaraq cüzi faiz nisbətləri bəzi aylarda düşür və ya qalxır. Amma o da düzdür ki, artıq bəzi istifadəçilər üçün facebook bezdirici, bəzi hallarda isə faydalı olmayan sosial şəbəkə halına gələ bilir.Bu haqda statuslarda paylaşır və ya müzakirələrdə qeyd edirlər.Facebook təbii ki, bütün bunları başa düşür.Uzun müddət eyni şey qalanda insan ondan bezir.Bu insanların yaradıcılığında var. Amma tək facebook yox, digər sosial şəbəkələr də mütəmadi olaraq müəyyən dəyişikliklər etməyə çalışırlar.Facebook da onların ən öndə gələnidir və məhz dünyada, regionda aktuallığın qorunmasının səbəbi də elə bu yeniliklərlə bağlıdır.Həm istifadəçilərin rahatlığı baxımından texniki, həm də funksionallıq baxımından dəyişikliklər edir.Hazırda videolarla bağlı dəyişikliklər edir.Həmçinin Facebooka aid olan İnstaqram platformasında da video kantinlər üstünlük təşkil edir.Bunların hamısı ona hesablanıb ki, istifadəçilər bu platformaya mümkün qədər maraqlı olsunlar, bezməsinlər və yeniliklərdən istifadə etsinlər.Fikrimcə, hansısa sosial şəbəkənin Facebooka rəqib olacağını düşünmürəm.Yalnız instaqramdır ki, Facebookla rəqabət aparır ki, o da Facebooka aiddir”.

Mütəxəssisin sözlərinə görə, sosial şəbəkə istifadəçiləri müəyyən qədər hüquqlarını qorumağa və onlara yaxın platformalar seçməyə çalışırlar:

"Zaman keçdikcə qadağaların, məhdudiyyətlərin çoxalması bununla bağlıdır. Əvvəllər saxta profillərlə fəaliyyət göstərmək daha rahat idi.İndi Facebookda elə bir sistem var ki, saxta profilləri tapır, silir, yaxud da aktiv olmayan profilləri ləğv edir.Məsələn, sizin bir səhifəniz varsa, orada hər şeyi paylaşa bilməzsiniz.Tutaq ki, tütün məhsulları ilə bağlı hansısa şəkil paylaşdıqda, siz onun reklamını qoya bilmirsiz.Bəzi hallarda səhifənizə qadağa gəlir ki, hansısa təhlükəli bir maddə, zorakılıq halları, Facebookun tuta biləcəyi təhlükəli məqamlara qadağalar qoyulur.Son vaxtlar bunlar artıb deyə bizə də tez-tez müraciətlər olur ki, səhifəmizə qadağalar qoyuldu, reklam yerləşdirə bilmirik.Bütün bunlar isə son nəticədə istifadəçilərin rahatlığı və təhlükəsizliyi ilə bağlıdır.Sadəcə olaraq, ona görə bu problemlər çıxır ki, istifadəçilərimiz təəssüflər olsun ki, reklam yerləşdirərkən və ya Facebookdan istifadə edərkən qayda-qanun necədir, nələrə icazə var, nələrə yoxdur kimi tələblərə əməl etmirlər.Bir restoran vardı, onun Facebookdakı səhifəsi bağlandı.Ona görə ki, lazım olmayan paylaşımlar etmişdi.Hansı ki, onun paylaşdığı məsələ təhlükəli məqamdan xəbər verirdi.Yəni istifadəçilər həmin qaydaları əvvəlcədən oxumurlar, sonra hansısa reklam və ya paylaşımlar edəndə onlara gələn qadağa bildirişlərindən şikayətlənirlər.Facebook yardım mərkəzi var. Orada Facebookun qayda-qanunları, nə paylaşmaq olar, nəyi reklam etmək və ya etməmək olar, hansı ölçülərə diqqət etmək lazımdır kimi tələblər detallarına qədər verilib”.

Alçina Amilqızı







Həftənin ən çox oxunanları