Yuxarı

Mötədil İslam modeli

Mötədil İslam modeli

Səudiyyə Ərəbistanı köklü dəyişikliklər astanasındadır. Krallığın təməli qoyulandan bəri onun həyatında başda duran İslamın ultra-mühafizəkar variantı vəhabiliyin yerinə "mötədil islam” gəlməlidir. Yəni, yumşaq islama keçir. Bu haqda əcnəbi yatırımçılar üçün forumda Səudiyyə Ərəbistanının şahzadəsi, kralın varisi Muhəmməd bin-Salman əl-Səud bildirib. Taxt varisi zalda alqışlar dalğası altında bəyan edib: "Biz olduğumuz yerə - ətraf aləm, qalan bütün dinlər üçün açıq mötədil islama doğru getmək istəyirik”. O, əlavə edib ki, Səudiyyə Ərəbistanı əhalisinin 70%-i 30 yaşdan kiçikdir və dövlət radikal islam ideyaları və ekstremizm üzündən hələ bir 30 il də itirmək istəmir. Varis vəd edib ki, bu ideyaların kökünü kəsəcək.  

Bu, şahzadənin yeganə cürətli vədi deyil. Şahzadə Muhəmməd "Görüntü-2030” iqtisadi islahatlar proqramını təqdim edərək həm də Qırımız dəniz sahilində "sıfırdan” NEOM adlı şəhər salmaq planları haqda da məlumat verib. Onun dəyəri, ən azı, 500 milyard dollar qiymətləndirilir, gələcək şəhərin "gözü” isə Misirlə Səudiyyə Ərəbistanını Qırmızı dəniz üzərindən birləşdirəcək körpü ola bilər. Başlıcası isə, şəhər futuroloqların arzusunun gerçək təcəssümü olacaq. Şahzadənin sözlərinə görə, məsələn, orada robotların sayı adamların sayından çox olacaq. Robotlar orada bütün fiziki və yaxud yorucu işləri görəcək.

"Qadını qapadıb cəhalətin simvoluna çeviriblər”

Millət vəkili Fazil Mustafa "Cümhuriyət” qəzetinə bildirib ki, Səudiyyə Ərəbistanında yeniləşmə izləri var:

"Amma yeniləşmə hələlik bir deyimdir. Deyim praktikada tətbiq olunmayınca buna fikir bildirmək doğru deyil. İslahatlar barədə fikir səsləndirilib, amma bu, yeniləşmə üçün əsas sayılmır. Ola bilsin ki, heç bir dəyişiklik baş vermədi. Doğrudur, qadınlara müəyyən imtiyazlar tanındı, amma bu, hələ yetərli sayıla bilməz. O baxımdan bir qədər gözləmək lazımdır. Ən azı bu istiqamətdə ilkin qərarlar olarsa, onda daha rahat fikir bildirmək olar. Amma müəyyən yumşalma var və bu, müsbətə doğrudur. Hesab edirəm ki, bu, müsbətə doğru ciddi dəyişikliklər üçün əsas verəcək”.

Deputat hesab edir ki, "mötədil islam” modeli yoxdur: "İslamın özü özlüyündə yumşaqdır. Sadəcə olaraq İslamı qatil, vəhşi, zəncirvuranların dininə insanlar, rejimlər çevirib. Məhəmməd peyğəmbərin dediyi İslama qayıtsalar, yəni, insanın haqqına hörmət edən, başqasının haqqına hücum etməyən islama o möhtədil islam sayılır. İnsanlar özlərindən kəşf ediblər ki, qadını qapatmaq, məhv etmək lazımdır. Peyğəmbərin dövründə ən aydın, savadlı iki xanım olub:  həyat yoldaşları həzrəti Xədicə və İslamın ən savadlı qadını həzrəti Ayişə olub. Savadlı qadın obrazı peyğəmbər dövründə olub. Qadını sonradan qapadıb cəhalətin simvoluna çeviriblər. Burda gerçək İslamın günahı yoxdur ki?! Ümumiyyətlə, bu, rejimlərlə bağlı məsələdir. Bunu dəyişsələr, rahat şəkildə İslam dünyanın özlüyündən normal, mədəni və modern dininə çevriləcəkdir”.

AXCP sədrinin müavini Tural İrfan "Cümhuriyət” qəzetinə açıqlamasında Səudiyyə Ərəbistanı şahzadəsinin "mötədil islam”a keçid haqda dediklərini onun öz sözü hesab etmədiyini deyib. O hesab edir ki, bu, Səudiyyəni quran və hələ də təsir altında saxlayan böyük güclərin təşəbbüsü ola bilər:

"Reallıqda Səudiyyə Ərəbistanı Osmanlı dövlətini parçalamaq məqsədilə yaradılıb. İngiltərə kəşfiyyatının məşhur agenti Mister Henfer bu amalla hərəkətə keçərkən orada radikal fikirləri ilə ənənəvi islamdan fərqlənən fikirlərə sahib Məhəmməd bin-Abdulvəhhab adlı şəxslə tanış olur və onu öz əlində alətə çevirərək mövcud vəhhabiliyin təməlini qoyur. Beləliklə, Osmanlını dövlət kimi dağıtmaqla yanaşı, onların mənsub olduğu dini də parçalamağı düşünmüşdülər ki, yaranacaq dövlətləri də lazım gələndə üz-üzə qoyub təsir edə bilsinlər. Buna da nail olmaq üçün İbn Əbdülvəhhab hazırca kadr idi. Onun çöl ərəblərinin vəhşi adətlərinə əsaslanan qondarma və radikal əqidəsini Henfer əsl islam kimi qələmə verib ətraflarına qəddar düşüncəli adamlar toplamağa başladılar. Nəhayət indiki Səudiyyə dövləti quruldu. Ancaq Abdulvəhhabın qatı və ciddi-cəhdlə müdafiə etdiyi şəriksiz məbuda sitayiş və təkallahlılığa çağırmasına, başqalarının, hətta peyğəmbərin də müqəddəsliyini qəbul etməməklərinə, hər şeyin yalnız Allaha məxsus olub onun adı ilə adlanmasını dilə gətirdiyinə rəğmən dövlətin adı Allahiyyə Ərəbistanı deyil, Məmləkətil Ərəbiyyəti Suudiyyə, yəni, Səudilər ailəsinin şəxsi mülkiyyəti adlandırıldı. Elə buradan da aydın olur ki, vəhabilikdən silah kimi istifadə edərək din adı ilə mövcud sümürücülər istəklərinə nail oldular. Vəhabilik Yəhudi dini ilə eynidir. Talmuda əsaslanan bir cərəyandır. Necə ki, Talmudda digər insanlara, dinlərə, xalqlara mənfi və alçaldıcı fikirlər varsa, vəhhabilikdə də qatı, qəddar, amansız, ərəb şovinizmi, başqa məzhəb və dinlərə qarşı barışmazlıq vardır. Konkret olaraq vəhhabiliyi XVIII əsrin əvvəllərində Qərb yaratdı Şərqə qarşı istifadə etdi. İndi də bu silahın kontroldan çıxdığını, özünə tərəf çevrildiyini görür və onu başqa cərəyanla əvəzləmək istəyir”.

"Səudiyyədəki İslam Talmud islamıdır” 

İlahiyyatçı hesab edir ki, mötədil islam Azərbaycandakı, eləcə də Türkiyədəki kimi normal islam sayılır: 

"Ancaq Səudiyyədəki əslində İslam deyil, İslam adı altında ərəb iudaizmidir. Düşünmürəm ki, hazırkı cərəyanı mötədil islamla əvəz edəcəklər. Sadəcə, bu, radikal cərəyan hökmran güclər üçün yerini başqa və bundan fərqli yöndə istifadə etməyə yararlı bir cərəyana verəcək. Bu gün dünyada islamın vahid bir modeli yoxdur. Ola bilsin vəhabiliyi Səudiyyədə yaradıb dünyanı qana boyayanlar Suriyanı, İraqı, Əfqanıstanı və digər Avropa ölkələrini də "öz yaratdıqları" silahın qurbanı olduğunu dərk etdilər. Öz qazdıqları quyuya özlərinin düşmə ehtimalını anladılar ki, bu təriqətin tədricən ləğv edilməsinə qərar verdilər. Mötədil islam Qurandakı İslamdır. Ancaq Səudiyyədəki İslam Talmud islamıdır. Onlar Quranı ancaq oxuyurlar, amma Talmuda əməl edirlər. Çünki bütün islami cərəyanlardan fərqli bir yön tutublar və bu da onların digər dövlətlərlə, dinlərlə, məzhəblərlə əlaqələr qurmasında müəyyən problemlər yaradır. Vəhabilik İslam dünyasının kürəyinə sancılan paslı bıçaq idi. İndi başqa bıçaqlar hazırlayıblar, ona görə də köhnə bıçağa gərək qalmayıb. Artıq vəhabilik ifşa olunub. Bu cərəyanın dini təriqət yox, siyasi amallara alət edilən bir silah olduğunu dünya bilir. Dünyada terrorun, radikalizmin mənşəyi kimi qlobal problemə çevrildiyini dərk edirlər. Hazırda dünyadakı bütün vəhabi əqidəli terrorçular, təbliğatçılar, araqarışdıranlar, təkfirçilərin hamısı ideoloji xəttin əsasını Səudiyyədən götürür. Bu da Səudiyyənin imicinə xələl gətirir. Artıq Səudiyyədə uçurulmalı, dağıdılmalı bircə dənə də tarixi abidə qalmayıb. Ümumiyyətlə, Kəbə və peyğəmbər qəbrindən başqa müqəddəs ziyarətgah yoxdur. Bircə nəfər də vəhhabi əqidəsinin suyu sıçramayan, onlardan sitəm görməyən, beyni zəhərlənməyən adam qalmayıb. Deməli, xarici güclərin nəzərincə, artıq istəyə nail olunub. İslamın ilk yarandığı bir ocaqda həmin tarixə aid bir şey qalmayıb, əsl peyğəmbər dövrünün islamının əqidəsini daşıyan bircə nəfər də qalmayıb. Deməli, bu cərəyan öz missiyasını başa vurub”.

Tural İrfanın fikrincə, vəhabi ideologiyasında olan şəxs heç zaman mötədil islama qail olmayacaq. O deyib ki, bu, sadəcə, ad dəyişməkdir, dünyanın simpatiyasını qazanmaq üçündür: 

"Bu fikri səmimi hesab etmirəm. Əgər həqiqətən də mötədil islama qayıtmaq istəyirlərsə, yenə də özlərinin mötədil saydığı islama qayıdacaqlar. Bütün məzhəbləri kafir və yanlış sayan bir cərəyan bu gündən sonra şiəmi olacaq, sünnimi? Dağıtdıqları tarixi abidələri və qəbirləri qaytarıb bərpa edəcəklərmi ki, o müqəddəslərin əhli tərəfindən də bağışlanalar? Artıq bütün dünya bilir ki, vəhabilik Səudiyyə Konstitusiyasında rəsmi dövlət dinidir və bütün dünyaya da oradan yayılıb. Əgər ixtiyarı özündə olan bir ölkənin təmsilçisinin səmimi sözü kimi qəbul edəsi olsaq, müsbət olardı. Mötədil islam odur ki, bütün dinlərə və əqidələrə yer verəsən, hörmətlə yanaşasan. Heç bir müsəlmanı kafir saymayasan. Şəriət adı ilə insanları daş-qalaq edib, əl-ayağını doğramayasan. Dünya alimlərinin əksinə olaraq, cəngəllik insanının düşüncəsiylə "Yer yumru yox, müstəvidir", " Yer fırlanmır, sabitdir", "Qadınlar insan yox, məməlilər sinfinə aid heyvandır" kimi sərsəm düşüncələrdə olmasalar, radikal şeyxləri də öz üslubları ilə susdursalar, vəhabilikdən rəsmən imtina edib Qurana tabe olsalar, mülayim və müasir fətvalar versələr, bəlkə nəyəsə nail ola bilərlər. Ancaq yüngül islahatlarla dünyanı qana çalxayan bir radikal cərəyanın məcrasını dəyişmək çətin olar. Bu gün bütün dünya vəhabilikdən əziyyət çəkir. Hətta Səudiyyənin özü də başqa vəhabi güclərdən özlərinə təhlükə olduğunu görürlər. Onsuzda onlar vəhabilikdən imtina edəcəklər. Ancaq o öz ixtiyarlarında deyil”.

Ekspertin sözlərinə görə, mötədil islama gəlmək üçün ya dünyəvi quruluş olmalıdır, ya da konstitusiya dəyişməlidir: 

"İndi deyəcəklər ki, filan hədis saxta və ya uydurma olduğuna görə filan hökmü qüvvədən salırıq? Hesab edirəm ki, mötədil islama keçid üçün ilk öncə bu "islamın" modeli hazırlanmalı və dünya ictimaiyyətinə, islam ölkələrinə təqdim olunmalı və dünyada mövcud olan mötədil və ənənəvi islamla eyniliyi nəzərdən keçirilməlidir. Çünki heç olmasa, bu dəfə Qərbin yaratdığı yox, Şərqin yaratdığı model olsun. Ona görə ki, indiki mövcud vəhabilik Səudiyyəni Qərb ölkələri ilə dost, əksər Şərq ölkələri ilə isə düşmən etdi. Ona görə ki, cərəyan vaxtilə Qərb tərəfindən yaradılmışdı. Ancaq indi müsəlman dövlətləri ilə həmrəyliyin və yaxın münasibətlərin lüzumuna daha çox ehtiyac duyurlar. O baxımdan da indi hazırlanacaq modelə gərək diqqət olunsun”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları