Yuxarı

Dil polisi yaradılır, cərimələr yazılır...

Dil polisi yaradılır, cərimələr yazılır...

Möhsün Nağısoy: "Başqa ölkələrin təcrübəsindən istifadə edilərək cərimə tətbiq ediləcək”

Azərbaycanda dil pozuntularına görə cərimələr tətbiq edilə bilər. Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü və Nəsimi adına Dilçilik İnstitutunun layihəsi əsasında dil pozuntularına görə cərimələrin tətbiq edilməsi layihəsi hazırlanıb. Hazırda həmin layihə üzərində işlər gedir.  İnstitut rəsmilərinin dediyinə görə, xarici ölkələrdə dil qaydalarının pozulmasına görə cərimələrlə bağlı təcrübə var. Hətta elə ölkələr var ki, orada dil pozuntularını müəyyənləşdirmək üçün xüsusi olaraq dil polisləri yaradılıb. Onlar dil pozuntularına nəzarət edir və buna görə cərimələr tətbiq edirlər. 

Bu gün Azərbaycan dilinin istər televiziyada, istər mətbuat və ədəbiyyatda tətbiqi heç də ürəkaçan deyil.  Müşahidələrə görə, kütləvi informasiya vasitələrində, reklam lövhələrində, avtobusların gediş istiqamətini göstərən lövhələrdə dil normaları daha çox pozulur.  Bəzi ekspertlərin fikrincə, dil qaydalarının pozulmasının qarşısını almaq üçün cərimələrin tətbiq edilməsi effekt verə bilməz. Ona görə ki, dil qaydalarının pozulması hallarını müəyyənləşdirən mexanizm mövcud deyil. Mexanizm mövcud olsa belə bunu cərimələr şəklində tətbiq etmək mümkün olmayacaq. Nəticədə qeyri-şəffaflıq ortaya çıxacaq ki, bu da ictimaiyyətdə narazılıq yaradacaq. Bundan əlavə Azərbaycanda dil polisi yoxdur və belə bir postun yaradılması yaxın zaman üçün də nəzərdə tutulmayıb.  Digər maraqlı məqamlardan biri də dil qaydalarının pozulması hallarını sıravi vətəndaşlar arasında necə müəyyənləşdiriləcəyidir. 

Layihə müəlliflərinin bildirdiyinə görə, yol qaydalarının pozulmasına görə cərimələr olduğu kimi dil qaydalarının pozulmasına görə də cərimələr tətbiqi olunması vacibdir. Belə olarsa, öz dilimizdə təmiz danışacağıq.  

Maraqlıdır, dil pozuntularının cəzalandırılması mexanizmi necə həyata keçiriləcək və cərimə kimlərə şamil olunacaq?

Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy Cebhe.info-ya açıqlamasında deyib ki, hələlik layihə üzərində iş gedir: "Nəzərdə tutulub ki, bu məsələ müəyyən hüquqi şəxslərə həvalə edilsin və onlar dil qaydalarının pozulması hallarını müəyyən etsin. Hüquqi şəxslərə həvalə olunandan sonra dil polisinə də gərək qalmır. Daha doğrusu, cərimələrin tətbiqi reklam agentliklərinə, icra hakimiyyətlərinə həvalə olunacaq. Bizim institutda monitorinq şöbəsi var. O mütəmadi reydlər keçirəcək. Qeyd olunan halları gördüyü halda yuxarılara məlumat verəcək və qərar əsasında onlar cəzalanacaq.  Özünüz düşünün, ayrı-ayrı vətəndaşların yanında hüquqi şəxs və polis qoymaq mümkün deyil.  Bir nəfər Riqadan gəlmişdi, onunla söhbət edəndə dedi ki, onlarda bu məsələyə görə dil polisi fəaliyyət göstərir. Biz dil polisi məsələsini mərhələləli şəkildə həyata keçirəcəyik. İlk növbədə bizə hüquqi şəxslər lazımdır ki, onlara cavabdeh olanlar bununla bağlı məlumatlandırılsın”.

Dilçilik İnstitutunun direktoru onu da əlavə edib ki, dil qaydaları ilə bağlı ən çox pozuntulara telekanallarda, mətbuatda, reklamlarda, elan və afişalarda rast gəlinir: "İlk növbədə bunların qarşısını almaq lazımdır. Hətta ictimai nəqliyyatda da dil qaydaları pozulur. Onları da nəzərə alacağıq. Bu məsələdə həm də ictimaiyyətin bizə köməyi lazımdır. Mən tərəfdarıyam ki, dil pozuntuları ilə bağlı bizim qaynar xəttə məlumat verilsin. Biz də onların köməyindən istifadə edib fəaliyyətimizi səmərəli şəkildə davam etdirək”.  

Dil pozuntularına görə nəzərdə tutulan cərimənin məbləğinə gəlincə, Möhsün Nağısoy hələki bu istiqamətdə müzakirələrin getdiyini bildirib: "Başqa ölkələrin təcrübəsindən istifadə edərək öz təkliflərimizi verəcəyik. İlk  növbədə bu məsələyə Milli Elmlər Akademiyasında baxılacaq. Çünki təşəbbüs Akademiyanın Rəyasət Heyətindən gəlib. Sonra onlar vəsatətlə Milli Məclisə çıxacaq. Yəni, bununla bağlı mütləq yuxarı səviyyədə qərar olmalıdır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları