Yuxarı

Tikinti şirkətlərindən şəxsi mülkiyyətə "hücum”

Tikinti şirkətlərindən şəxsi mülkiyyətə

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi 69 ünvanında yerləşən 48 mənzilli yaşayış binasının sakinləri "Pilot İnşaat-A” şirkətini qanunsuz söküntüdə ittiham edirlər. Şikayətçilərin sözlərinə görə, binada 200 sakin yaşayır. Onlar qeyd edib ki, 1970-ci ildə tikilən və  sakinlərin mülkiyyətində olan 7 mərtəbəli daş bina şəhərin xarici görünüşünə xələl gətirmir və qəzalı vəziyyətdə deyil: "Lakin sakinlərin razılığı olmadan, hətta onların binada yaşamasına baxmayaraq "Pilot İnşaat-A” şirkəti (ünvan: Mərdənov Qardaşları küçəsi, ev 41/47) heç bir qanuni əsası olmadan mülkiyyəti sökməyə başlayıb. Həmin firmanın işçiləri mənzilləri və binanın üzlüyünü dağıdır, binanı yararsız və qəzalı vəziyyətə salırlar”.

Narazı sakinlərin sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən yaşadıqları bina, sökülməyi nəzərdə tutulan binaların siyahısında deyil. Əlavə olaraq bildiririk ki, "Pilot İnşaat-A” firması bu əməllərini həyata keçirərkən dövlət adından istifadə edir. Vətəndaşlar dəfələrlə aidiyyəti dövlət qurumlarına, o cümlədən, Bakı şəhər və Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyib. Amma "Pilot İnşaat-A” şirkəti öz əməllərindən əl çəkməyərək binanın söküntüsünə davam edir.

Maraqlıdır, sakinlərin razılığı olmadan yaşayış evi, yaşayış binası hansı halda sökülə bilər? Ümumiyyətlə, dövlət əhəmiyyətli layihəyə cəlb olunmayan mülkiyyət hansısa sahibkar və ya şirkətin istəyi ilə sökülə bilərmi?

"MBA" LTD şirkətinin rəhbəri, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli "Cümhuriyət” qəzetinə bildirib ki, mülkiyyət hansısa sahibkarın və ya şirkətin istəyi ilə sökülə bilməz: "Əgər həmin mülkiyyət dövlət əhəmiyyətli layihələr sırasında deyilsə, o halda Fövqəladə Hallar Nazirliyinin və yaxud da şəhər icra hakimiyyətinin təşəbbüsü ilə binaya baxış keçirilir. Texniki rəy nəticəsində həmin bina qəzalı sayılırsa, şəhərin görünüşünə xələl gətirirsə və yaxud da şəhər əhəmiyyətlə layihə həyata keçirilirsə (yolun genişlənməsi və.s), bu halda şəhər rəhbərliyi səviyyəsində qərar qəbul olunur. Təbii ki, ödənişlərin bazar dəyərində hesablanıb vətəndaşa ödənməsi şərtilə. Bina o halda məcburi sökülə bilər ki, təhlükə törədir və qəzalı vəziyyətdədir”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları