Yuxarı

Bakı meri Hesablama Palatasının hədəfində

Bakı meri Hesablama Palatasının hədəfində

Hesablama Palatasının büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı dövlət qurumlarında apardığı yoxlamalar davam edir. Bir müddət öncə Hesablama Palatasının 14 rayon icra hakimiyyətində, Mədəniyyət və Turizm Nazirliyində və digər bir sıra büdcə təşkilatlarında apardığı yoxlamalar nəticəsində ciddi nöqsanlar və maliyyə pozuntuları aşkar olunmuşdu. Palata yoxlamaların nəticəsi ilə bağlı ictimaiyyətə və aidiyyatı orqanlara məlumat vermişdi. Ancaq aşkarlanan qanunsuzluqlarla bağlı heç bir cəza tədbirinin şahidi olmadıq. Bu dəfə isə Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətində ciddi nöqsanlar aşkarlayıb. 

Belə ki, Palata Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icra vəziyyətini yoxlayıb. Məlum olub ki, Birliyin Nizamnaməsinin bəzi tələblərinə riayət edilməyib, onun strukturunu və ştat cədvəlini BŞİH təsdiq etməyib, strukturu "İdarə aparatı” və "sahə işçiləri” olmaqla Birliyin rəhbərliyi təsdiqləyib. Nəticədə 2016-cı ildə aparat işçilərinin ştat cədvəli üzrə 10 dəfə, sahə işçilərinin ştat cədvəlində isə 15 dəfə dəyişiklik edilib. Birliyin təsdiq edilmiş ştat cədvəllərində yaşıllıq sahəsi işçilərinin əmək haqları qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun müəyyənləşdirilməmiş, aqronom vəzifəsinə uyğun olmayan ixtisaslarda (müəllim, mühəndis, iqtisadçı və s.) audit dövründən əvvəl 13 nəfər şəxs işə qəbul edilib və onlara əmək haqqı ödənilib, yaşıllıq sahəsi işçilərinin icbari sığorta haqqı ödənilərkən işdən çıxan işçilər üzrə sığorta haqqı azaldılmayıb.

Hesablama Palatasının apardığı yoxlamaların nəticəsi olaraq heç bir cəza mexanizminin olmaması bu cür qanun pozuntularının artmasına rəvac verir. Bu gün Bakı şəhər İcra Hakimiyyəti haqqında mütəmadi olaraq şikayətlər səslənir. Hətta bir müddət öncə  Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun istefaya göndərilməsi ilə bağlı tələblər də eşidilirdi. Ancaq paytaxtda müxtəlif problemlərin illərlə həbs edilməməsinə rəğmən,  Hacıbala Abutalıbov hələ də Bakının meridir.

Doğrudur, Hesablama Palatasının verdiyi hesabatda aşkar olunan pozuntuların BŞİH-nin təsdiq etmədiyini göstərib. Ancaq bu, Bakı merini məsuliyyətdən azad etmir. BŞİH balansında olan birliyin gördüyü işlərdən xəbərsiz olması barədə iddia səsləndirmək belə absurddur. Əksini iddia edilərsə belə, bu, idarəçiliyin zəif təşkilini nəticəsidir. Tabeçiliyində olan birliyə nəzarət etmək gücündə olmayan şəxs milyonlarla insanın yaşadığı paytaxtın inkişafı üçün nə edə bilər? Ola bilər ki, Hacıbala Abutalıbov zamanında Bakı üçün çox iş görüb. Müsbət və ya mənfi. Ancaq artıq o, gücünün, qüvvəsinin sonuna çatıb, merin enerjisi tükənib.

Nəzərə alsaq ki, Bakının 12 rayonu var və hər birinin icra hakimiyyəti BŞİH-ə tabedir, Hacıbala Abutalubovun həmin qurumlara nəzarət etmək imkanının nə dərəcədə olması da müzakirə predmetidir. Artıq energisi tükənmiş, illərlə bir kresloda oturan,  çağdaş inkişafla ayaqlaşa bilməyən, dinamik tərzə ayaq uydurmayan Bakı merinin fəaliyyətində çatımazlıqlar da hər kəsin aydın görə biləcəyi tərzdədir. Hesablama Palatasının sənədi tabeliyində olan bir birliyə, üstəlik, BŞİH-nin təsdiqi olmadan büdcədən ayrılan vəsait müxtəlif yollarla mənimsəyən bir quruma qarşı zamanında təsirli tədbirlər görə bilməyən paytaxt merinin idarəçiliyinin hansı səviyyədə olduğunu açıq şəkildə göstərir.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları