Yuxarı

İlahiyyatçıdan yas məclisləri ilə bağlı təklif

İlahiyyatçıdan yas məclisləri ilə bağlı təklif

Yas mərasimlərindəki israfçılığa, qəbir daşlarının qoyulmasında müşahidə edilən dəbdəbəyə qarşı mübarizə aparılsa da, hələ müsbət nəticə almaq mümkün olmur.İnsanlar gerilikçi ənənədən vaz keçmək istəmirlər.Yas mərasimlərində müşahidə olunan neqativ hallardan biri də bu cür məclislərin cahil, savadsız mollalar tərəfindən idarə olunmasıdır.Əlbəttə, bu cür məclislərin savadlı, mütaliəli, dünyagörmüş ziyalılar tərəfindən idarə edilməsi daha yaxşı olardı.Maraqlıdır, dində belə bir məcburiyyət varmı ki, yas mərasimi mütləq molla tərəfindən idarə olunmalıdır?Suallarımızı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Tural İrfan cavablandırır.

"Peyğəmbər vəsiyyət etmişdi 
ki, yenidən bütpərəstliyə 
qayıtmayın, qəbrimi 
məbədə çevirməyin”

-Tural bəy, sirr deyil ki, bu gün yas mərasimləri böyük gəlir mənbəyinə çevrilib. Maarifçilik lazımi səviyyədə olmadığı üçün "yas biznesi” çiçəklənir, insanları avam yerinə qoyan "din dəllallarının” fəalliyyəti davam edir.Yas mərasimlərindəki dəbdəbəyə qarşı mübarizə niyə lazımi effekt vermir?
- İslam dinində nə "3”, "7”, nə "cümə axşamı", nə "40”, nə, "52”, nə də "il” deyə bir ayin, bir tapşırıq yoxdur. Peyğəmbər ümmətə nümunədir.Bu mərasimlərin heç biri onun vəfatı zamanı keçirilməyib.Hətta Osmanlı hakimiyyətinə qədər məzarının üstündə dəbdəbə də olmayıb.Özü vəsiyyət etmişdi ki, yenidən bütpərəstliyə qayıtmayın, qəbrimi məbədə çevirməyin.Peyğəmbər deyirdi ki, mən də adi insanam, əsas qibləgahınız Kəbədir və səcdəniz də ancaq tək olan Allahadır.Ehsan məsələsinə gəlincə, bu, ancaq yeməkdən təşkil olunmamalıdır.Ehsan ərəbcə yaxşılıq deməkdir.Yəni ehsan mərhumu yad etmək və ona rəhmət oxumaq üçün kimlərəsə yaxşılıq etmək anlamına gəlir.Yas mərasimində mərhum haqqında xoş sözlər danışmaq yeməkdən də əfzəl ehsan sayılır.Artıq yas biznesə çevrilib. Din müqəddəs olduğu üçün, insanlar çox zaman onu təftiş etmir və ruhaninin sözünü qanun kimi qəbul edir. Bəzən öz gündəlik namazlarını qılmayanlar ölü yiyəsindən pul alır ki, mərhum 30 il namaz qılmayıb, bu da edir filan qədər və o pulu varisdən qoparırlar. Təəssüf ki, belələrinə nəzarət yetərincə deyil.Əksər hallarda ziyalılar yas mərasimlərini idarə edən mollalardan narazılığını bildirir.Əksər hallarda molla məclis əhlinin intellektual və elmi səviyyəsində olmur.Mollalar cəfəng, yersiz söhbətlər aparır.Dinimiz, şəriətimiz tam hüquq verir ki, yas mərasimlərini savadlı, ağsaqqal, mədəni ziyalılar idarə etsin. Məclisi idarə edənin molla, ruhani, din adamı olması qətiyyən vacib deyil. Ölü üçün vacib olan ancaq yuyulub-kəfənlənib, cənazə namazı qılınıb qibləyə tərəf dəfn edilməsidir.Vəssalam.Sonrakı işlər vacib olmayan işlərdir."Quran” oxumaq özü belə vacib deyil, müstəhəbdir, yəni savabdır.Ölü üçün "Quran” oxumayıb, məclis əhlinə məsələn, qələm paylamaq olar, şirniyyat da. Mərhum qələm əhli, ziyalıdırsa, ehsan kimi onun kitablarından paylamaq olar... Ehsanın yeməkdən təşkil olunması və məclisin ancaq molla tərəfindən idarə olunması adəti islama ziddir.Bu ruhani təbəqəsinin xalqı istismar etmək üçün uydurduğu bir xurafatdır ki, bunu da din adı ilə pərdələyiblər.İslam dininə görə yas 3 gündür. "7”, "cümə axşamı”, "40”, "52”, "il”- bunlar ruhanilərin qazancı üçün uydurduqları, dində olmayan məclislərdir. Bu mərasimlərin dində əsası yoxdur. Nə hədisdə, nə "Quran”da, nə islam tarixində bunun nümunəsi yoxdur. 

"Məclisdə qəzet oxuyub 
futbol matçını təhlil edən 
mollalar da görmüşəm”

- Əsas nöqsanlardan biri də budur ki, mollalar əksər hallarda çox bəsit əsatirlər, əfsanələr danışır, reallıqla əlaqəsi olmayan hekayələr nəql edirlər.Yaxşı olmazmı bunun əvəzində mərhum haqqında xatirələr danışılsın?
- Ölkəmizdə təşəkkül tapan bəzi adətlər nə şəriətə, nə də milli adətə uyğundur. Məsələn, molla əyləşir bir filosofun, şairin, alimin yas məclisinin başında.Məclisdə də təbii ki, alimlər, ziyalılar əksəriyyəti təşkil edir. Və molla başlayır dində "israiliyyat" adlanan xurafi, cəfəng, uydurma nağılları hədis adına danışmağa. Məsələn, deyir ki, İmam Əli iki barmağı ilə 10 tonluq qapını qaldırıb atdı.Onun qılıncı döyüşdə 70 metr uzanırdı.Hətta bir din alimi mənə söylədi ki, bir məclisdə molla deyrimiş ki, İmamın qılıncı 700 metr idi. Alim deyir ki, hamı dağılandan sonra yaxınlaşıb dedim ki, ayıb deyil ki, sən belə böyük yalanlar danışırsan? Molla and-aman edir ki, vallah oxuduğum kitabda yeddi min metr yazılmışdı, hələ sıfırın birini azaltmışam... Yəni, bəzi kitablar ki, yayılıb vaxtı ilə, həmin kitablar xurafatçılığı təbliğ edib.Bəzən də şahidi oluruq ki, molla məclis əhlinə yönəlik iradlar bildirir, onları danlayır və dindən bixəbərlikdə ittiham edir, özünün çıxardığı hoqqaları din kimi qələmə verir.Məclisi idarə edən əksər vaxtlar savadsız mollalar, ruhanilər "Quran”ı ərəbcə oxuyurlar.Nə özləri başa düşür, nə də başqaları.Bu əsl cəhalətdir.Əvvəla "Quran”ı pulla oxumaq haramdır və islama xəyanətdir.Peyğəmbər kiminsə ölüsünü dəfn edib ondan pul alıb?Deyirlər ki, bəs molla necə dolanmalıdır?Əslində islamda mollalıq, ruhanilik təbəqəsi yoxdur.Bu xristianlıqdan və yəhudilikdən keçib.İslama görə hər kəs öz dininin ayinlərini bilməli və lazım olanda icra etməlidir.Ruhani təbəqəsi xalqı istismar etmək üçün formalaşıb.Yas məclislərinin ziyalı, savadlı, alim yaxud da ağsaqqal tərəfindən idarə edilməsini təklif edirəm.Ziyalılar lazım olan dini ayinləri bilmirlərsə, həmin hissəni ruhani və ya digər şəxs icra edə bilər.Necə ki, toy məclislərində masabəyi özü söz deyir, daha sonra təbrik demək, xoşbəxtlik arzulamaq üçün məclis əhlinə söz verir.Məsələn, bir ziyalı başda əyləşib mərhumun yaxşı əməllərindən, xalq üçün, el-oba üçün faydalı işlərindən danışır, onun haqqında məlumat verir, daha sonra mərhumun fəaliyyətindən, yaxşı əməllərindən bəhs etmək və rəhmət demək üçün digərlərinə söz verir.Kənd yerlərində ölünü mərhumun yaxınları yuyur.Hər məclisə görə mollaya pul ödəmək doğru deyil.Mollalıq peşəsi, sənəti yoxdur.İslamda ruhanilik yoxdur. İslamda mömin, müsəlman, imanlı və təqvalı insan var... Cahil və ütündən sidr-kafur qoxusu gələn, nağılbaz molladansa, bir kəsin yasının ziyalıya həvalə olunması daha müsbət addım olardı. "Yaslar kralı”na çevrilmiş bəzi mollaların vecinə deyil ki, insanlar onlardan narazı qalır, ya yox. Ağıllarına nə gəldi danışırlar.Hətta məclisdə qəzet oxuyub futbol matçını təhlil edən mollalar da görmüşəm.

Yas mərasimi mərhumun həyatda sonuncu vida məclisi, toplantısıdır, oraya, məclisin başına savadsız və cahil adamı keçirmək və ona kor-koranə qulaq asmaq doğru deyil.Məclisi molla idarə edirsə, oxuduqlarını izah etməlidir.Təəssüf ki, ölkədə oxuduğunu anlayan molla çox azdır. Onlar bəlkə də heç 5 faiz deyil...

Nigar Məhərrəm






Həftənin ən çox oxunanları