Yuxarı

Cərimə və rüsumlar artır: Büdcəyə fayda verəcək, yoxsa ciblərə?

Cərimə və rüsumlar artır: Büdcəyə fayda verəcək, yoxsa ciblərə?

2018-ci il Azərbaycanda sahibkarlar və istehlakçılar üçün ağır olacaq. İnsanları ən çox narahat edən isə gələn ildən baş verə biləcək bahalaşmadır.Məlum məsələdir ki, bahalaşma birdən-birə baş vermir, ona təsir edən müxtəlif amillər olur.Əvvəllər Azərbaycanda bahalaşmaya təsir edən yeganə amil, adətən, yanacaq olurdu.İndi artıq iqtisadiyyatın bütün sferasında qiymət artımı müşahidə olunur. 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat, xərcləri isə 20 milyard 905,7 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsiri 778,7 milyon manat proqnozlaşdırılır. 

Mərkəzləşdirilmiş gəlirlər 19 milyard 476,329 milyon manat, yerli gəlirlər 650,671 milyon manat məbləğində təsdiq edilib. Gəlirlərin mənbələri kimi dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən 1,196 milyard manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən 2,320 milyard manat, əlavə dəyər vergisindən (ƏDV) 4,288 milyard manat, ölkə ərazisinə malların idxalına görə ƏDV-dən 1,705 milyard manat cəlb edilməsi nəzərdə tutulur.

Bundan əlavə, sadələşdirilmiş vergidən 380 milyon manat, aksizlərdən 726 milyon manat, ölkə ərazisinə malların idxalına görə aksizlərdən 172 milyon manat, yol vergisindən 91 milyon manat, mədən vergisindən 136 milyon manat, gömrük rüsumlarından 535 milyon manat, aksiz markaların satışından 6,3 milyon manat, dövlət rüsumundan 108 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 milyon manat, vergi orqanlarının xətti ilə 140 milyon manat cəlb etmək nəzərdə tutulub.

2018-ci ilin dövlət büdcəsi layihəsində 1 barel neftin baza qiyməti 45 dollar müəyyən edilib.

Gələn ilin dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən və hüquqi şəxslərin mənfəət gəlirindən, əlavə dəyər vergisindən (ƏDV), ölkə ərazisinə malların idxalına görə cəlbedilmə nəzərdə tutulur.İqtisadçılar hesab edir ki, bu da istehlak vergisi olduğuna görə məhz qiymətlərin bahalaşması hesabına başa gələ bilər.Büdcənin digər əhəmiyyətli artım mənbəyi də əlavə dəyər vergisidir.Həm idxalda, həm də ki, yerli səviyyədə xidmətdə əlavə dəyər vergisi həcminin artması da istehlakçıların xərclərinin çoxalması deməkdir.Digər istiqamətlərdə növbəti ilin dövlət büdcəsində Gömrük Komitəsinin xətti ilə yığılmış vəsaitin artımı nəzərdə tutulub.Bu da ölkəyə gətirilən idxal mallarına tətbiq olunan rüsumların və akzislərin daha da artırılması, sahibkarların yükünün artması deməkdir.

Ümumilikdə yeni büdcə siyasətində ödənişlərin artırılması nəzərdə tutulur.Bu da öz növbəsində sahibkarların xərclərinin artmasına gətirib çıxarır ki, bu isə nəticədə bahalaşmanı qaçılmaz edir.Verginin və idxal gömrük rüsumlarının artırılması gələn ildən tətbiq ediləcək. Bu da onu deməyə əsas verir ki, istehlakçılar və sahibkarlar üçün ağır il olacaq. Sahibkarların xərclərinin artması istehlakçıların mallara görə daha çox ödəniş etməsinə gətirib çıxaracaq.

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, hər bir iqtisadi addımın arxasında bir fəlsəfə olmalıdır:

"Cərimələr adətən, dünyada tərbiyəvi xarakter daşıyır. Yəni, cərimələr ona görə tətbiq olunur ki, insanlar etdikləri qeyri-qanuni hərəkətlərdən çəkinsin.Burada cərimədən əlavə tərbiyəvi metodologiyası da var. Azərbaycandakı cərimə sisteminin xarakteri ənənəvi cərimə fəlsəfəsindən fərqlidir.Ölkəmizdə açıq-aydın oxunur ki, cərimələr yalnız pul yığmaqdan ötəridir.Sahibkardan, iş adamından, eləcə də vətəndaşdan yığılan cərimələrin xarakteri daha çox pul əldə etmək məqsədi daşıyır. Bu cür fəaliyyət siferası gömrükdə, vergidə, yol polisində aydın görünür.Azərbaycan hökuməti də bu xarakteri təsdiqləyir.2018-ci ilin büdcə layihəsində qeyd olunur ki, daxilolmaların 3.7 faizi cərimələrdən formalaşacaq.Bu da təxminən 300 milyon manat edir.Gələni ilin dövlət büdcəsinin maliyyələşdirlməsi üçün cərimələr nəzərdə tutulub.Bu o deməkdir ki, Azərbaycan hökuməti cərimə tətbiq edən qurumların üzərinə plan qoyub.Məhz buna görə də cərimələr bu cür xarakter alır.Əlbəttə, cərimələrin xarakterinin başqa məcraya yönəlməsi, sahibkarlıq fəaliyyətinə də ciddi formada mənfi təsir edir.Verginin artırılması vətəndaşları bezdirir, onu öz vətənində qorxa-qorxa hərəkət etməyə məcbur edir”.

İqtisadçı hesab edir ki, hökumət sahibkarlıq fəaliyyətinin normallaşmasına xidmət etməli olduğu halda, verdiyi qanunlar əks effekt verir:

"Ölkədə sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması stimullaşdırılır. Artırılan idxal gömrük rüsumları, vergilər, cərimələr sahibkarların, iş adamlarının çiynində ağır yükə çevrilir. Sahibkarlar bu yükdən azad olmaq üçün daha azad məkanda iş qurmağa çalışırlar. Cərimələrin, vergi yükünün bu şəkildə tətbiqinə heç cür haqq qazandırmaq mümkün deyil.Hökumət Azərbaycanda sahibkarlığı inkişaf etdirmək istəyirsə, cərimələr tərbiyəvi xarakter almalıdır, idxal gömrük rüsumları aşağı salınmalıdır.Gəlir və mənfəət vergisindən, cərimələrdən, o cümlədən, idxal və ixrac əməliyyatlarından tutulan vəsaitlər büdcəyə pul yığmaq üçün bir vasitə olmamalıdır.İnkişaf etmiş ölkələrin dövlət büdcəsinin gəlirləri hissəsində cərimədən daxilolmalar aydın şəkildə göstərilmir.ABŞ-ın dövlət büdcəsinin gəlirlər hissəsində cərimələrdən daxilolmalar proqnozlaşdırılmır.Vətəndaş xəta edərsə, onu cərimələmək lazımdır, amma cəriməni proqnozlaşdırmaq, əvvəlcədən hədəfləmək olmaz.Bu, biabırçılıqdır”.

Akif Nəsirli onu da vurğulayıb ki, 2018-ci ilin dövlət büdcəsinə daxilolmalarına gömrük rüsumları, vergilər hesabına ödəmələrin həyata keçirilməsi hədəflənir:

"Bunun arxasında iqtisadi fəaliyyətin olması onları maraqlandırmır. 

Buna görə də vergi və idxal gömrük rüsumlarından dövlət büdcəsini doldurmaq hədəflənib. Amma düşünmürlər ki, vergilər, gömrük rüsumları aşağı düşsə, iqtisadi fəaliyyət arta bilər və bundan dövlət büdcəsinə daha çox vəsait daxil ola bilər. Hazırda tətbiq olunan strategiya səhvdir.Bu, 2018-ci ildə iqtisadi fəaliyyəti daha da zəiflədəcək”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları