Yuxarı

Reket qəzetlərin pul gətirən bəhanəsi

Reket qəzetlərin  pul gətirən bəhanəsi

"Reket jurnalistika” ilə məşğul olan müxtəlif qəzetlər və xəbər saytları Azərbaycan Mətbuat Şurasının qara siyahısına salındıqda və ya həbs olunduqda onlar bu cür tədbirləri müstəqil mediaya təzyiq kimi təqdim edir.Doğrudur, mütəmadi bu cür media qurumlarının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir.Amma hələ də Azərbaycanda "reket jurnalistika" ilə məşğul olan media orqanlarının fəaliyyəti məhdudlaşmayıb. Maraqlıdır, "reket jurnalistika”nı, eləcə də "reket media”nı özlərinin də dediyi kimi müstəqil media orqanı hesab etmək olarmı?

Mətbuat Şurası İdarə heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət "Cümhuriyət” qəzetinə açıqlamasında bu şəxslərin ümumiyyətlə, jurnalist olmadığını deyib:

""Reket jurnalistika” jurnalistika hadisəsi deyil. Onlar mətbuatdan və jurnalistikadan öz cılız məqsədləri üçün sui-istifadə edən adamlardır.Onlar sui-istifadəyə yol verdiklərinə görə cəzalandırılmalıdır.Həmin cəzanı da onlara hüquq-mühafizə orqanları verməlidir.Mətbuat Şurası sadəcə olaraq belə adamları aşkar etdi və ictimailəşdirilməsində iştirak edib.Biz onları ümumiyyətlə, media qurumu, jurnalist kimi saymırıq. O adamların özlərini müstəqil və ya qeyri-müstəqil elan etməsinin də mətləbə heç bir aidiyyəti yoxdur. Çünki bu adamlar və onların işlətdiyi hansısa saytlar və qəzetlər media deyil.Buna görə də bu adamlar heç bir halda müstəqil mediadan danışa bilməzlər.Onlar cinayət əməlinə, sui--istifadəyə yol verirlər, buna görə də qanun qarşısında cavab verməlidirlər”.

Ekspertin qənaətincə, problemin kökündən həll olunması üçün mütləq hüquq-mühafizə orqanları hərəkətə keçməlidir:

"Bu məsələnin həlli üçün əsas istiqamət ayrı-ayrı məmurlar, iş adamları və yaxud da vəzifə sahibləri media olduğunu iddia edən bu cür şəxslərlə təması kəsməlidir. Yəni, həmin adamlara açıqlamalar verilməməli, onlarla ünsiyyət qurulmamalı, onların hansısa şantaj və böhtanlarına reaksiya verilməməlidir.Əgər hər hansı şantaj və böhtan əməli varsa, bu məsələlər mütləq məhkəmə və hüquq-mühafizə orqanları vasitəsilə çözümünə qovuşmalıdır.Təəssüflər olsun ki, Azərbaycanda hüquq-mühafizə orqanları qətiyyətli davranmırlar. Dəfələrlə barmaqla göstəririk ki, bax, bu adamlar mediadan, jurnalistikadan sui- istifadə edir, onların qarşısını almaq lazımdır... Buna görə də biz qanunvericiliyə ayrı-ayrı dəyişikliklər edilməsi təklifini irəli sürdük.Ötən ilin dekabrında KİV haqqında qanuna dəyişiklik edildi.Doğrudur, bizim arzu etdiyimiz qədər sərtliyi yoxdur, amma hesab edirəm ki, problemin həllində müəyyən qədər rol oynaya biləcək.Yeri gəlmişkən, həmin dəyişikliklər yanvarın 18-də prezidentin sərəncamı ilə təsdiqləndi.Yəni, dəyişikliyin qüvvəyə minməsi üçün müvafiq tapşırıqlar verildi.Söhbət ondan gedir ki, mediadan, jurnalistikadan sui-istifadə edən insanlara xəbərdarlıq edilir. Əgər onlar 1 il ərzində təkrar olaraq yenə də sui-istifadəyə yol vermiş olsalar, artıq onların fəaliyyəti 2 aylıq müddətə dayandırılacaq. Əslində, iki ay çox az müddətdir. Amma ilkin mərhələ üçün məqbuldur.Çünki həmin adamlar iki ay fəaliyyətdən kənar qaldıqları zaman nə çəkəcəklərini götür-qoy etməlidir.Hesab edirəm ki, bundan sonra onların bəziləri mediaya qayıdan deyil.Amma gələcəkdə görsək ki, bu iki ay yetərli deyil, o zaman təklif edəcəyik ki, həmin şəxsin ömürlük media fəaliyyətilə məşğul olması yasaqlansın.Necə ki, hansısa bir sürücü ağır bir qəza törədir və buna görə də sürücülük hüququndan məhrum edilir, yaxud da hansısa bir məmur vəzifəsindən sui-istifadə edib qanunları pozur, cinayət törədir, bəlli bir müddətə və ya ömürlük dövlət vəzifəsi tutmaqdan məhrum edilir, eləcə də jurnalistikadan sui-istifadə edənlərin bu sahədə çalışması birdəfəlik yasaqlanmalıdır”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları