Yuxarı

Müdafiə nazirindən müharibə anonsu

Müdafiə nazirindən müharibə anonsu

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı münaqişənin hər an alovlana biləcəyi haqqında avropalı qonaqlara xəbərdarlıq edib. Belə ki, Z.Həsənov cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını deyib, müharibənin hər an başlaya biləcəyini istisna etməyib. Nazir qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidir.

 T. Klaar isə öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək Avropa İttifaqının bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Şərhçilər Zakir Həsənovun müharibə xəbərdarlığının gözlənilən olduğunu qeyd edir. Maraqlıdır ki, hər zaman danışıqlar prosesindən qaçan, münaqişənin mövcud səviyyədə qalmasına çalışan işğalçı Ermənistan və müttəfiqləri olsa da, zaman-zaman avropalı siyasilər Azərbaycandan güzəşt gözlədiklərini bəyan ediblər. Müdafiə nazirinin bu bəyanatından sonra Azərbaycan bir daha öz gücünü və mövqeyini ortaya qoydu. Məlumdur ki, Azərbaycan Cənubi Qafqazın istər siyasi, istər hərbi, istərsə də iqtisadi baxımdan lider dövlətidir. Hərbi güc baxımından isə Azərbaycanı Ermənistanla müqayisə etmək yersizdir. Azərbaycan hərbi gücünü 4 günlük aprel döyüşlərində işğalçılara göstərdi. Zakir Həsənovun avropalı qonaqlarla görüşdə müharibə xəbərdarlığı etməsi heç də təsadüfi deyil.

Politoloq Fikrət Sadıqov "Cümhuriyət” qəzetinə şərhində müdafiə nazirinin bəyanatının Azərbaycanın maraqlarını ehtiva etdiyini deyib. F.Sadıqov hesab edir ki, Azərbaycanla Ermənistanı bir tərəziyə qoyub bərabərləşdirmək olmaz: "Azərbaycan dövlət başçısı və rəsmiləri dəfələrlə deyib ki, danışıqlar əbədi deyil və gec-tez torpaqlarımızı azad etməyə hazırıq. Ömür boyu danışıqlar masasında oturub, işğalçı ölkə ilə variant arxtarmayacağıq. Digər tərəfdən, müdafiə naziri özü hərbçidir. Bunu deməli idi. O, diplomat deyil. Müdafiə naziri diplomatik fəaliyyətdən uzaq bir insandır. Onun əsas vəzifəsi müdafiə hərbi potensialımızı inkişaf etdirmək və xarici ölkələrin müxtəlif dairələrinə mövqeyimizi hərbi kontekstdə çatdırmaqdır.

Düşünürəm ki, müdafiə nazirinin ifadəsi tamamilə doğrudur. Çünki axır zamanlar bizi yenidən Ermənistanla bir tərəziyə qoyub bərabərləşdirirlər, sakitliyə, təmkinə çağırırlar. Hətta təmas xəttində ATƏT-in müşahidəçilərinin sayını artırmaq istəyirlər. Başa düşə bilmirəm ki, bir tərəfdə işğal olunmuş Azərbaycan torpaqları, digər tərəfdə də müstəqil Azərbaycan ərazisi. Biz Azərbaycanda müşahidəçilərin sayını artırmaqla nəyə nail olmalıyıq? Bu, Azərbaycanın maraqlarına heç bir halda cavab vermir. Bunu o, zaman etmək olar ki, ölkələrin tanınan sərhədlərində müşahidəçilər dayansın. O, da Azərbaycanın razılığı olarsa. Belə bir fonda müdafiə nazirinin sərt ifadəsi hesab edirəm ki, yerindədir və Azərbaycanın maraqları çərçivəsindədir”.

Siyasi-şərhçi Əhəd Məmmədli isə mövcud vəziyyətdə müharibə ehtimalını istisna edib: "Düşünmürəm ki, indiki dönəmdə müharibə olsun. Mart və aprel aylarında reqionun 3 dövlətində seçkilər var. Azərbaycan və Rusiyada prezident, Ermənistanda isə parlament seçkiləri olacaq. Bu baxımdan düşünmürəm ki, indiki an Azərbaycan və Ermənistan müharibə etsinlər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları