Yuxarı

"Ölkəyə gətirilən qəzet kağızı üzərindən əlavə dəyər vergisi aradan qaldırılmalıdır"

Milli Məclisin bu günkü iclasında Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyətinə dair hesabatı ilə bağlı çıxış edib. 

Cebhe.info xəbər verir ki, Əflatun Amaşov sözügedən hesabatı qənaətbəxş adlandırıb. O, deyib ki, sənəddə bütün sahələr üzrə görülən işlərə yetərincə nəzər salınıb, qarşıya qoyulan vəzifələr müəyyənləşdirilib. Xüsusən də, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar tədbirlərə yer ayrılıb və konkret məqamlar  açıqlanıb: 

"Mən  bunu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, biz hesabatla tanış olduqda və müqayisələr apardıqda bu qənaətə gələ bilərik ki, ölkəmiz iki devalvasiyanın gətirdiyi sıxıntıları aradan qaldırmaq üzrədir. Əlbəttə, bu sevindiricidir. 2016-cı ilin hesabatı müzakirə edilərkən də bu məsələyə diqət yetirmişdim. Bu, maliyyə baxımından çox cüzi rəqəmlə bağlıdır. Amma mənəvi, siyasi, ölkəmizin dünyada imicinin müsbət formalaşması baxımından çox-çox önəmlidir. Söhbət ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızı üzərinə əlavə dəyər vergisinin tətbiqinə başlanılmasından gedir. Məlum olduğu kimi, bu vergi əvvəllər tətbiq edilmirdi. Amma bir neçə ildir tətbiqinə başlanılıb. Əslində bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir. Təxminən yarım milyon manat təşkil edir. Ancaq əlavə dəyər vergisinin tətbiqi medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir. Düşünürəm ki, hazırkı durumda medianın istisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır. Həm də bu missiya yalnız ictimai deyil, eyni zamanda stratejidir. Bu gün qeyd etdiyim məsələ səbəbindən hər hansı qəzet nəşrini dayandırırsa, yaxud onun nəşrində durğunluq yaranırsa, demək ki, ölkəmizin informasiya müharibəsindəki mövqeyi zəifləyir”.

Mətbuat Şurasının sədri sözügedən məsələyə hüquqi nöqteyi-nəzərdən də yanaşıb. O, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsini nümunə gətirib və bildirib ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr əlavə dəyər vergisindən azaddır: 

"Yəni sözüm ondadır ki, qeyd etdiyim məsələnin reallaşması üçün hazır hüquqi baza da mövcuddur. Sadəcə bunu işlək hala gətirmək lazımdır. Mən bir daha təklif edirəm ki, ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılmalıdır.  Bir daha hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram. İkinci bir məsələ də var ki, ona da bir daha diqqət yetirməyi zəruri sayıram. Deputatı olduğum Saatlı rayonunda suvarma, kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyası və digər obyektlər istifadəyə verilib. Həqiqətən də həyata keçirilən tədbirlər nikbinlik üçün əsas verir. Ancaq suvarma işlərini daha da gücləndirməyə ehtiyac var. Bunun üçün hazırkı imkanlar zəifdir. Bu məqsədlə Kür çayından yeni su kanalı çəkilməlidir. Bir dəfə də bildirmişəm ki, söhbət cəmi 17-18 kilometr uzunluğunda olan kanalın çəkilişindən gedir. Düşünmürəm ki, bu iş ciddi vəsait aparacaq. Ancaq susuzluqdan kəndlilər gəlirlərindən məhrum olurlar. Buna görə də istərdim ki, Azərbaycan hökuməti 2018-ci ildə bu məsələyə də xüsusi həssaslıqla yanaşsın".

Alçina Amilqızı





Həftənin ən çox oxunanları