Yuxarı

Məleykə Abbaszadə ittiham edir, Ceyhun Bayramov susur - NİYƏ?

Məleykə Abbaszadə ittiham edir, Ceyhun Bayramov susur - NİYƏ?

Təhsil yenə döyüş meydanına çevrilib. "Söz-güllə”lər havada uçuşur, görünür güllə atanlar sözün xəncər yarasından daha ağrılı olduğunu bilən insanlardır. Qarşı tərəfin reaksiyasını gözləyirlər, səs çıxmadığı, yaxud çıxarılamayacaq səsin olduğunu görüb "atəşkəsi” daha da intensivləşdirirlər.

Bu günlər Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə yenə öz ampluasındadır, əbədi "düşməni” təhsili yenə top atəşinə tutub. Amma bir şeyi unudub ki, bu dəfə qarşısındakı Misir Mərdanov deyil, köhnə-yeni nazir Ceyhun Bayramovdur. Misir Mərdanovun atılan hər "söz-gülləyə” reaksiyasına öyrəşmiş DİM sədri üçün indi qarşı tərəfdən cavab almamaq necə hisdir, demək mümkün deyil. 

Amma aydın olan budur ki, qarşı tərəf DİM-lə olan "atəşkəs”dən heç də narahat görünmür. Əslində cəbhənin o tərəfi indiyə qədər nədən narahat görünüb ki? Cəmi bir dəfə narahatlıqlarını bildirdilər, özü də lap nazir səviyyəsində. Onda da qələbəni qeyd etmək üçün verilən günlərin ömrü o qədər qısa oldu ki, dadını çıxartmaq da mümkün olmadı. Nazir postuna yeni təyinat aldıqdan sonra Ceyhun Bayramovun lehinə və ya əleyhinə işlədiyini hələ dəqiqləşdirə bilmədiyimiz xəbər yayıldı.

"Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdi müəllim tərəfindən döyülüb”. Dərhal hər kəs öz arşını ilə ölçməyə başladı. Bəziləri üçün bu, yeni nazirə qarşı cəbhə açılması, digər qrup üçünsə sadəcə reklama ünvanlanan xəbər idi. Ardı corab söküyü kimi gəldi. Uşağın valideyni Xanım Əliyeva öz Feysbuk səhifəsində şəxsən nazir Ceyhun Bayramov tərəfindən qəbul edildiyini, daha sonra nazirin bir neçə əməkdaşla bərabər məktəbə getdiyini, müşahidə kamerasının görüntülərini izlədiyini, müəllimin şagirdi döydüyü təsdiqləndiyi üçün dərhal işdən azad edilməsi üçün tapşırıq verdiyini yazdı.

Bundan yaxşı piar, bundan yaxşı təbliğat olar? "Nazir döyülən uşaq üçün məktəbə gedib, günahkarı yerində cəzalandırıb, başqalarına da görk olacaq, bunlar bu gün -sabah məktəbdə təhsilin səviyyəsini də yaxşılaşdırarlar” müzakirələri başımızı o qədər qatdı ki, bir də onda ayıldıq ki, deyilənlər həqiqət deyilmiş. Nədənsə nazirlik xəbər yayılan gün yox, ortaya başqa məqamlar çıxandan sonra, yəni uşağın müəllim yox, valideynin özü tərəfindən döyüldüyü iddiaları gündəmə gələndən sonra "Nazir məktəbdə olmayıb” açıqlaması ilə cəmiyyəti "yola verdi”. 

Maraqlıdır, nazirin məktəbə gedib-getmədiyini dəqiqləşdirmək üçün bu qədər gözləməyə ehtiyac var idimi?

Yoxsa təbliğatın o tərəfi işə yarayana qədər susmaq ən doğrusu hesab edilmişdi? Üstəlik ortaya "bir müəllimi işdən çıxarmaq bu qədərmi asandır?” sualı çıxandan sonra Əmək Məcəlləsi kimi bir sənədin olduğunu da xatırlayanlar vəziyyəti kökündən dəyişməyə çalışdı. Bu dəfə müəllimin öz ərizəsi ilə çıxdığı bildirildi. Beləliklə, mətbuat da məsələni unutdu, nazir də hələlik bu qədəri ilə kifayətlənməli oldu. Döyülən şagirdə görə məktəbə gedən nazir imici yaratmaq isə mümkün olmadı, ya bacarıqsızlıqdan, ya tələskənlikdən, ya da elə… Hər halda alınmadı, Ceyhun Bayramov, elə ilk cəhddən alınmadı. 

İndi də hər kəs yeni nazirin köhnə DİM sədrinə nə cavab verəcəyini gözləyir. Zarafat gəlməsin, xanım Abbaszadə təhsil sistemini yerlə-yeksan edib. Bacarmadığı iş də deyil. Xanım Abbaszadə bu məsələdə peşəkardır, arqumentləri də var. Abituriyentlərin təhsil səviyyəsini əməlli-başlı şübhə altına alıb və artıq DİM sədri səviyyəsindəki ittihama nazir səviyyəsində cavab verilməlidir. Qaydalar bunu tələb edir. Ceyhun Bayramovun "mən yeniyəm” arqumenti keçməyəcək, bir neçə ildir təhsil sistemindədir, özü də yüksək vəzifələrdə, hətta rəsmən nazir olmazdan əvvəl bir neçə ay bu vəzifənin icraçısı olub. Bakı Şəhəri üzrə Təhisl İdarəsinə de-fakto rəhbərlik edib.

Təhsilin vəziyyətini öyrənmək üçün də, problemləri qiymətləndirib aradan qaldırmağa cəhd etmək üçün də bu müddət yetər. Yox, əgər nazir hesab edirsə ki, abituriyentlərin təhsil səviyyəsi məktəbləri yox, repititorları maraqlandırmalıdır, yəni, bu sualın ünvanı məktəb yox, repititorlardır, o zaman başqa məsələ. Hər halda nazir də bilir ki, Məleykə Abbaszadənin narazı qaldığı səviyyəni abituriyentə məktəb yox, repetitorlar verir, amma nazir bunu dilə gətirərmi? Təbii ki, xeyr, elə ən yaxşısı repititorların verdiyi 30-40 faizlik nəticəni məktəbin adına yazıb kifayətlənməkdir.

Necə ki, məktəb direktorları 600 ballıq abituriyent uğrunda yarışır və bu "qələbə”ni məktəbin adına yazıb ən azı vəzifədə qalmaq şansı qazanır, eləcə də nazirlik repititorların "göz nuru, əl əməyi” səviyyə və səviyyəsizliyi öz adına yazıb susur. Amma əgər repititorların əməyini mənimsəməkdə israrlıdırlarsa, o zaman xanım Abbaszadənin ittihamlarına cavabı da onlar, indiki halda şəxsən nazir verməlidir. Nazir isə susur, şagirdə dəyən silləyə görə cəzalandırmağı bacaran nazir təhsilə dəyən silləyə görə susur.

Elnarə Kərimova





Həftənin ən çox oxunanları