Yuxarı

Bahalı inəklər Heydər Əsədova baha başa gələcək

Bahalı inəklər Heydər Əsədova baha başa gələcək

Sabiq nazir Heydər Əsədovun dövründə kənd kəsərrüfatının sürətli inkişafı mümkün olmadı. Baxmayaraq ki, hökumət bu sahəni prioritet elan etmişdi. Kənd təsərrüfatının inkişafdan qalmasının obyektiv və subyektiv səbəbləri var. Birincisi və ən başlıca səbəb Heydər Əsədovun fəaliyyətinin heç də bu sahənin inkişafına yönəlməməsidir. Bunun üçün kifayət qədər misallar çəkmək mümkündür. Sabiq nazirin zamanında görülən bütün işlər ya yarımçıq qaldı, ya da icra olunan layihələr nəinki gözlənilən effekti vermədi, heç minimum mənfəət göstəricisinə də çatmadı. Bunların kökündə duran əsas məqam isə nazirliyin yerli bölmələrində yaradılan qeyri-peşəkar idarəetmə idi. 

Təbii ki, nazirliyin özündə də şəffaf idarəetmədən söhbət gedə bilməz. Xüsusilə, qeyd etmək lazımdır ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların rəhbərləri yeni təyinatdan sonra dəyişdirildi. Bu faktın özü də müəyyən məsələlərə aydınlıq gətirir. Kənd təsərrüfatı naziri İnam Kərimovun kadr islahatları öz sələfinin gördüyü işlərin iç özünü açdı. 

Xüsusilə də "Aqrolizinq” ASC-nin Heydər Əsədovun zamındakı fəaliyyəti heç də ürəkaçan olmayıb. Məsələn, ölkə əhalisi üçün də olduqca vacib olan bir məqama, əhalinin ət məhsulları ilə təminatı sahəsindəki vəziyyətə baxaq. Məlumatlara görə "Aqrolizinq” ASC-nin xətti ilə ölkəyə gətirilən mal-qaranın qiyməti kifayət qədər şişirdilib. Bununla bağlı qurumda yoxlamaların aparılacağı da istisna edilmir. Məlumat üçün qeyd edək ki, 2017-ci ildə "Aqrolizinq” ASC cins mal-qara almaq məqsədi ilə 33 milyon 970 min manat məbləğində iki müqavilə bağlayıb. "Novero İnvest LTD” (Braziliya) şirkəti ilə 6 min baş Simmental cinsindən inək alınması üzrə bağlanan müqavilənin məbləği 29 milyon 579,7 min manat təşkil edib. Bu isə o deməkdir ki, "Aqrolizin” bir inəyə təqribən 4930 manat vəsait xərcəyib. Digər tərəfdən "Aqrolizinq” ASC-nin aldığı inəklər üçün çəkdiyi 2 milyon 319,5 min manatı da bunun üzərinə gəlsək, rəqəm kifayət qədər böyük alınır. Bəs, alınan inəklər xərclənən vəsaitə adekvat oldumu? Bu sualın cavabını isə ötən il elə "Aqrolizinq” ASC-nin özü verib. Qurumdan bildirilib ki, xaricdən Azərbaycana gətirilən cins mal-qaranın tələf olmasının əsas səbəbi onlara düzgün qulluq edilməməsidir. Bununla da bir növ qurum özü-özünü təkzib edir.

Daxili bazarda olan qiymətlərlə müqayisə etsək, bu yuxarıda göstərilənlərdən azı 5-10 dəfə çoxdur. Bu da nazirliyin göstərdiyi rəqəmlərin çox təzadlı və absurd olduğunu göstərir. Digər tərəfdən, xaricdən alınan mal-qaranın yerli fermerlərə baha qiymətə satıldığı da deyilir. Ancaq bunun özü də inandırıcı deyil. Çünki fermerlər göstərilən bu qiymətdən daha ucuz və baxılması asan olan yerli mal-qara almaq imkanındadır.

Digər bir iddia isə əslində deyildiyi kimi ölkəyə mal-qaranın göstərilən qədər gətirilməməsidir. İddia olunur ki, ölkəyə gətirilən mal-qara göstərilən rəqəmlərin ən yaxşı halda yarısı qədərdir. Digər yarısı isə sənəd üzərində göstərilib və sonradan tələf olduğu qeyd edilib. Bu iddiaların nə dərəcədə doğru olub-olmaması isə aparılacaq yoxlamalardan sonra məlum olacaq. "Aqrolizinq” ASC-nin sabiq rəhbərliyi özü hələ bir neçə il öncə ölkəyə gətirilən mal-qaranın yerli fermerlərə satıldığını və sonradan tələf olduğunu deyib: "Bəzi fermerlər öyrəniblər ki, mal-qaraya qulluq edilməsin, amma yerli heyvanlardan fərqli olaraq xaricdən gətirilənlər xüsusi rejimlə və xüsusi yemlərlə yemlənməlidirlər. Bu heyvanlar o qədər zərifdirlər ki, qaba yemləri qəbul etmirlər, arıqlayırlar. Nəticədə bu onların südünün azalmasına, bəzən isə tələf olmasına səbəb olur”-deyə qurumdan zamanında bildirilib.

Səmərəsiz fəaliyyətin göstəricisidir ki, kənd təsərrüfatının inkişaf mərhələsinə daxil olması mümkün olmayıb. Bu gün bazarlarda hələ də idxal məhsulları üstünlük təşkil edir. Yerli məhsul demək olar ki, yoxdur. Bazarda olan yerli məhsulların əksəriyyəti isə yalnız qablaşdırmadan ibarətdir, əsas xammal isə idxal hesabına təmin edilir. Bütün bunlara istinad etsək, maraqlı bir sual ortaya çıxır? Heydər Əsədov nazir olduğu müddətdə hansı müsbət işləri görüb? 5 il kənd təsərrüfatı naziri olduğunu nəzərə alsaq, bu sualın cavabı əslində geniş olmalıdır. Ancaq təəssüf ki, bunu Heydər Əsədov haqqında demək çətindir.

Bütün bunlar onu göstərir ki, Kənd Təsərrüfatı Nazirliyində səriştəsizlərin hökmranlığı olub və büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi həmin illərdə bu qurumda adi hala çevrilib. Aparılması gözlənilən yoxlamalardan sonra bu və bu kimi digər məsələlərə tam şəkildə aydınlıq gətiriləcək. Bütün bunlar isə təbii ki, sabiq nazir Heydər Əsədovun ayağına yazılacaq. Çünki həmin hesabatların əhatə etdiyi dövr məhz H.Əsədovun rəhbərlik dövrünə təsadüf edir. Bu da onunla bağlı veriləcək qərarın istiqamətini müəyyənləşdirəcək əsas amillərdən biri olacaq.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları