Yuxarı

Yağı şirkətlər bahalaşdırır

Yağı şirkətlər bahalaşdırır

Son aylar kərə yağlarının qiymətində davamlı olaraq artım baş verir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə kərə yağlarının qiymətində növbəti artım olub. Belə ki, ötən ay ərzində mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının, qəhvə və çayın qiymətlərində bahalaşma qeydə alınıb. 

Ekspertlər hesab edir ki, kərə yağı bazarı monopoliyadadır. Bu sahə ilə məşğul olan sahibkarlar həmin yağların qiymətlərini bilərəkdən enməyə qoymur. Hətta bacardıqları qədər artırmaqda maraqlıdırlar. Digər ekspertlərin fikrincə isə kərə yağlarının qiymətindəki artım dünya bazarında bahalaşan süd məhsulları ilə əlaqədardır. Ekspertlərin qənaətincə, kərə yağlarının bahalaşmasına səbəb tamamilə başqa amillərdir.

Çünki ötən ilin dekabrın 7-dən Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edərək, kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. Ondan əvvəl isə idxal rüsumu 15 faiz təşkil edirdi. Bu qərar 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacaq. Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rüsumun dərəcəsi 3 dəfə endirilsə də, kərə yağının qiymətində ucuzlaşma qeydə alınmadı, əksinə, bahalaşma müşahidə olundu. Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxal rüsumun dərəcəsinin yüksək olması ilə deyil, başqa səbəblərlə bağlıdır. 

Məsələ ilə bağlı "Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Cümhuriyət” qəzetinə bildirib ki, kərə yağlarının qiymətlərinin artımına səbəb olaraq yerli bahalaşma faktoru göstərilə bilməz: "Əvvəla ona görə ki, süd məhsullarının qiyməti iki dəfə ucuzlaşıb. Litri 1 manata olan südün qiyməti artıq 50 qəpiyə satılır. Bu  mənada yerli bahalaşmadan söhbət gedə bilməz. Amma fakt odur ki, yerli istehsal çox azdır. Hətta o qədər azdır ki, bazara təsir edə bilmir. Elə 80 faiz həcm idxal yağlarıdır. Hansı ölkədə pulun kursu dəyişəndə və yaxud hansısa məhsulun qiyməti bahalaşanda bu birbaşa Azərbaycana da təsir edir.

Bundan əlavə şirkətlər öz maraqlarından çıxış edərək qəsdlə qiymətləri aşağı salmırlar. Tutaq ki, bazarda yağın qiyməti 15-20 manatdırsa, şirkət də o qiymətə satmaq istəyir. Amma  yağın xaricdə maya dəyəri 10-15 manat olmur,  7-8 manat olur. Yol və digər xərclərdən sonra qiymət ikiqat yuxarı qalxır. Yerli istehsalçıların isə yağı baha qiymətə satmasına əsas yoxdur. Dünyanın o başından yağ daşımır.

Bunun karqo, gömrük, vergi xərcləri olmur.  Bunu eləmirlərsə, demək ki, burada süni qiymət artımı var. Həmçinin qiymətlər bahalaşanda onu yenidən aşağı salmırlar. Məsələn, türk lirəsi xeyli ucuzlaşıb. Bu o deməkdir ki, Türkiyədən gətirdiyimiz məhsulların qiyməti daha aşağı olmalıdır. Amma yağ məsələsində nədənsə mürəkkəb vəziyyət yaradıblar. Xarici yağların qiymətinin qalxmasını anlamaq olar. O mənada ki, ölkənin valyutası bahalaşıb. Hansı ölkələrin ki, valyutası ucuzlaşıb, ordan gəirilən məhsulun qiymətinin qaldırılması anlaşılan deyil”.

Ekspertin sözlərinə görə, çox güman ki, yağın qiymətlərindəki artıma əsas səbəblərdən biri də gömrükdə və karqoda baş verən daşıma xərclərinin artmasıdır: "Konkret onu deyə bilərəm ki, bahalaşma xarici amillərlə bağlıdır. Ona görə ki, ölkədə xammal bahalaşmayıb. Demək, ölkədə bunun üçün faktor yoxdur. Xarici faktoru araşdırmaq lazıdmır. Görünür, dediyim kimi bu məsələdə ya gömrük problemi hökm sürür, ya da karqo və daşıma xərcləri artdığına görə yağın qiymətlərində bahalaşma baş verir. Ölkədə yerli bahalaşma yoxdur”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları