Yuxarı

Şəhidlik zirvəsinə ucalan lerikli qəhrəman

Şəhidlik zirvəsinə ucalan lerikli qəhrəman


Lerik rayonunun Siyov kəndində dünyaya göz açan Azad Muxtar oğlu Bayramovun qəlbində vətənə məhəbbət, doğma yurda sevgi lap uşaq yaşlarında yaranmışdı. Çünki o, əsl azərbaycanlı adət-ənənələri üzərində qurulan, milli təfəkkürə, milli kökə malik bir ailədə tərbiyə almışdı. Sevib-sevilmək arzusu ilə anamız Vətənə bağlansa da, yurdun dar gününə heç cür ürəyi dözmür. Milli qüruru Azadı yurdumuzun azadlığı, ərazi bütövlüyü uğrunda  erməni faşistlərinə qarşı mübarizəyə çəkib aparır.

Qanında vətən eşqi, el sevgisi olan Azadı 1991-ci ildə ordu sıralartına çağırılır. Bu zaman onun 18 yaşı vardı. Ordu sıralarına çağırılır. Əlinə silah alıb döyüşə gedir. Füzuli rayonu ərazisində düşmənə qarşı qanlı müharibəyə atılır. Mərdliklə vuruşur, bir-birindən ağır döyüş əməliyyatlarında fərqlənir. Sərrast atıcılığı ilə həmişə erməni işğalçılarına böyük itkilər verir. Həm də Azadın cəsurluğu, qorxmazlığı, vətənsevərliyi əsgər yoldaşlarında qələbəyə inamını artırır. Azad döyüşdən-döyüşə atıldıqca vətən sevgisi ona yeni bir güc, qüvvə verir. İgid, cəsur Azərbaycan oğlu torpaq keşiyində ayıq-sayıq dayanır, məqam tapan kimi düşmənin axırına çıxır. 2 illik əsgəri həyatında gərgin döyüş günlərinin sayı bilinmir. "Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən” devizi o dövrün vətənpərvər gəncləri kimi Azadın da əsas şüarına çevrilir. Gənc Azad göstərdiyi hünərlə  əsl vətəndaş olaraq vətənini canından artıq sevdiyini sübut edə bilir. Azadın son döyüş yeri Füzulinin Qızılqaya yüksəkliyi olur. 1993-cü ilin avqustun 14-də son döyüşdə misilsiz şücaətlər göstərir, düşmənə qan qusdurub, əbədiyyət zirvəsinə ucalır. Onun 20 ilik şərəfli ömür yolu Azərbaycan xalqının qəhrəmanlıq tarixinə yazılır. Siyov kənd camaatı üçün Azad bir örnək, vətən sevdalı əbədi xatirədir. Siyovlular yanılmayıb: Azad kimi qəhrəmanla fəxr etməyə dəyər.

Zəfər Orucoğlu,

 Azərbaycan Jurnalistlər

Birliyinin üzvü





Həftənin ən çox oxunanları