Yuxarı

"Azəriqaz”da yenə maaş davasıdır: Bu dəfə Mərkəzi Aparatda...


"Azəriqaz” İstehsalat Birliyinin Mərkəzi Aparatında ştatda olan işçiləri oktyabr ayı üçün nəzərdə tutulmuş maaşlarını ala bilmir. İşçilərə gecikmənin səbəbini qurumun gəlirlərinin azalması ilə əlaqəli olduğu bildirilib. Cebhe.info-ya daxil olan məlumata görə, işçilər sentyabr ayında gecikən maaşlarını oktyabrın 18-də ala biliblər. Hazırda noyabrın 25-i olmasına baxmayaraq, oktyabrın maaşları verilməyib. Qeyd edək ki, əmək müqaviləsi ilə çalışan işçilər sentyabr və oktyabr ayının maaşını keçən həftə bir yerdə alıblar.

Məsələ ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Cebhe.info-ya deyib ki, yay mövsümündən sonra bu cür problemlər yaşanır. Qurum rəsmisi bunu yayda yığımların azalması ilə əlaqələndirib: "Qaz olan tələbatın çoxalması satışın çoxalması deməkdir.

Noyabrın 24-də abonentlərə vermək üçün ümumilikdə 33 milyon kubmetrdən çox qaz qəbulu olub. Müqayisə üçün bildirim ki, yayda qaz qəbulunun gündəlik həddi maksimum 7-8 milyon kubmetr olur. Ona görə də yaydan qayıdanda 1-2 ay belə çətinliklər yaşayırıq”. Ceyhun Səfərov hazırda qurumun ştatında olan işçilərin ümumilikdə heç birinin maaş almaması fikri ilə razılaşmayıb: "Belə bir şey yoxdur. Bu gün Salyan Regional Qaz İstismar İdarəsinin ştatda olan işçilərinin əməkhaqqını tamamladıq. Demək olar ki, oktyabr ayı üçün Regional İdarələrin ştatda olan işçilərinin maaşını verib qurtarmış oluruq. Mərkəzi Aparatın işçiləri qalır ki, onların da əməkhaqqı qarşıdakı bir-iki günə tamamlanacaq. Bu həftəni keçməyəcək. Növbəti ayda isə vəziyyət stabilləşməyə doğru gedəcək. Çalışacağıq ki, gələn ay bu məsələləri tam həll edək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları