"Azəriqaz” İstehsalat Birliyinin Mərkəzi Aparatında ştatda olan işçiləri oktyabr ayı üçün nəzərdə tutulmuş maaşlarını ala bilmir. İşçilərə
gecikmənin səbəbini qurumun gəlirlərinin azalması ilə
əlaqəli olduğu bildirilib. Cebhe.info-ya daxil olan məlumata
görə, işçilər sentyabr ayında gecikən
maaşlarını oktyabrın 18-də ala biliblər. Hazırda
noyabrın 25-i olmasına baxmayaraq, oktyabrın maaşları verilməyib.
Qeyd edək ki, əmək müqaviləsi ilə çalışan işçilər
sentyabr və oktyabr ayının maaşını keçən
həftə bir yerdə alıblar.
Məsələ ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Cebhe.info-ya deyib ki, yay mövsümündən sonra bu cür problemlər yaşanır. Qurum rəsmisi bunu yayda yığımların azalması ilə əlaqələndirib: "Qaz olan tələbatın çoxalması satışın çoxalması deməkdir.
Noyabrın 24-də abonentlərə vermək üçün ümumilikdə 33 milyon
kubmetrdən çox qaz qəbulu olub. Müqayisə üçün bildirim ki, yayda qaz qəbulunun
gündəlik həddi maksimum 7-8 milyon kubmetr olur. Ona görə də yaydan qayıdanda 1-2 ay belə çətinliklər yaşayırıq”. Ceyhun Səfərov
hazırda qurumun ştatında olan işçilərin
ümumilikdə heç birinin maaş almaması fikri ilə razılaşmayıb:
"Belə bir şey yoxdur. Bu gün Salyan Regional Qaz İstismar İdarəsinin
ştatda olan işçilərinin əməkhaqqını tamamladıq. Demək
olar ki, oktyabr ayı üçün Regional İdarələrin
ştatda olan işçilərinin maaşını verib qurtarmış oluruq. Mərkəzi Aparatın işçiləri qalır ki, onların da əməkhaqqı qarşıdakı bir-iki günə tamamlanacaq. Bu həftəni keçməyəcək.
Növbəti ayda isə vəziyyət stabilləşməyə doğru
gedəcək. Çalışacağıq ki, gələn
ay bu məsələləri tam həll edək”.