Yuxarı

Parlamentdə uşaq pulu müzakirəsi: "Xalqın tələbidir”

Parlamentdə uşaq pulu müzakirəsi:



Milli Məclisin dünən keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib. Komitə sədri bildirib ki, dövlət büdcəsi haqqında qanun layihəsi komitə iclaslarında geniş müzakirə olunub və aidiyyatı qurumlar tərəfindən rəy verilib.

 

Deputat müəllim və

məktəblərdən şikayətləndi:

"Elə bil robot hazırlayırlar"

 

Deputat Elmira Axundova rusdilli məktəblərdə olan dərsliklərin keyfiyyəti ilə bağlı narahatlığını ifad edib. E.Axundova bildirib ki, rusdilli kitablar yenidən işlənməlidir: "O kitablarla uşaqları təhsilə cəlb etmək əvəzinə, onları tədris prosesindən uzalaşdırırlar”. Deputat ibtidai siniflərin dərs yükündən də danışaraq müraciət edib: "Müəllimlər öz məhsuliyyətlərini valideyinlərin üzərinə yükləyirlər. Aşağı sinif şagirdləri evə gəlir və axşama qədər ev tapşırığı ilə məşğul olurlar. Bu da uşaqlarda məktəbə qarşı nifrət yaradır. Elə bil uşaqlardan robot hazırlayırlar. Hesab edirəm ki, ibtidai sinif şagirdlərini ev tapşırıqlarından azad etmək lazımdır, ya da çox cüzi tapşırıq verilməlidir”.

 

Hərbi büdcənin azaldılması deputatda narazılıq yaratdı

 

"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Məmmədov bildirib ki, büdcə mükəmməl hazılanıb, sosialyönümlüdür. Lakin o deyib ki,  büdcədə hərbi xərclərin azaldılması narahatlıq yaradır.  E.Məmmədov, eyni zamanda büdcənin xərclənməsi zamanı səlahiyyətli olan şəxslərin şəffaflığı təmin etməyə, israfçılığa yol verməməyə çağırıb.

Deputat məcburi köçkünlərə verilən müavinətlə bağlı da narahatlığını ifadə edib: "Məcburi köçkün yerli adamla evlənirsə və ya ev alırsa, ona verilən müavinət kəsilir. Hesab edirəm ki, bu normal deyil. Bununla yanaşı, yeni ailədə doğulan uşaqlara da müavinət verilmir. Bu məsələlərə yenidən baxılmalıdır”.

 

Əflatun Amaşov mətbuat üçün subsidiya istəyir

 

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov medianın müstəqilliyindən danışıb: "Azərbaycanda mətbuatın müstəqilliyi üçün iqtisadi təminatı vacib şərtdir”.  Ə.Amaşov bildirib ki, hazırda mətbuatda reklam bazarı aşağı səviyyədədir:  "Bəzən deyirlər ki, Azərbaycan mətbuatında qeyri-peşəkar jurnalistlər var. Əsla belə deyil. Azərbaycan mətbuatında əsas problem reklam bazarının olmamasıdır. Hesab edirəm ki, bu məsələnin təminatı üçün addımlar atılmalıdır. Bu addımlar subsidiyalar və digər bu kimi vasitələr ola bilər”.

 

Samir Şərifov deputatlara cavab verdi: "Büdcə layihəsinə heç bir aidiyyatı yoxdur

 

Büdcə müzakirəsi zamanı çışıx maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ilin büdcə zərfinə daxil olunan məsələlər Milli Məclisin müzakirəsindədir. Qaldırılan suallar, şərhlər və təkliflərlə bağlı aparılan müzakirələr zamanı millət vəkillərini narahat edən məsələlər Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən cavablandırılır.

Nazir bildirib ki, əksər deputatlar təmsil etdikləri rayonlarda məktəb, bağça və digər sosial inzibati binalar, o cümlədən kanalizasiya xətləri və bu tipli infrastruktur layihələrin icrası ilə bağlı təkliflərlə çıxış edib: "Demək istəyirəm ki, 2020-ci il büdcə zərfində nəqliyyat infrastrukturu, meliorasiya, su, qaz, elektrik enerjisinin təchizatının daha da yaxşılaşdırılması üçün vəsait ayrılıb.

Sosialyönlü layihələr dövlət investisiya xərclərinə daxil edilib. 336 milyon manat isə məktəb və uşaq bağçalarının tikintisinə, səhiyyə obyektləri üçün 76 miylon manat ayrılıb. Şəhid ailələri üçün evlərin tikintisi üçün 3 milyon, digər sosial layihələr üçün 79 milyon manat ayrılıb ki, bu işlər icra olunsun. Əminliklə demək olar ki, bu layihələrin icrası üçün vəsait təmin oluna bilər”.

Nazir qeyd edib ki, bir qayda olaraq investisiya xərcləri il başa çatdıqda bir daha təhlil olunur və növbəti ildə başlanması zəruri olan layihələrə vəsait ayrılması büdcə zərfində yer alır: "Zənnimcə, bu istiqamətdə qaldırılan sualların təqdim olunan büdcə layihəsinə heç bir aidiyyatı yoxdur. Ona görə də biz bu problemləri də başqa çərçivədə baxıb, həll edə bilərik. Bu baxımdan, irəli sürülən həmin təklif və şərhlərin təhlili aidiyyatı dövlət qurumları tərəfindən araşdırılacaq və deputatlara məlumat veriləcək”.

 

"Uşaq pulu” vermirsiniz, heç olmasa, işləməyən analara müavinət verin”

 

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" layihəsinin müzakirəsi zamanı çıxış edərkən deputat Fazil Mustafa uşaq pulu məsələsindən danışıb: "Uşaq pulu” ilə bağlı hökumətin heç bir addım atmayacağı bəllidir. Amma hesab edirəm ki, anaların sosial müdafiəsi ilə bağlı addım atmaq lazımdır”.

F.Mustafa bildirib ki, qadınlar bəzən çörək bişirir, kiminsə evində dayəlik edir və qeyri-qanuni pul qazanır. Qeyri-qanuni işlədiyi üçün anaların məzuniyyəti də olmur: "Amma uşaq anasının işləməməsinə görə məsuliyyət daşımır. Ona görə də çalışmalıyıq ki, analıq məzuniyyəti ilə bağlı verilən müavinət işləməyən analara da şamil olunsun. Bu, onların sosial müdafiəsi, uşağın daha sağlam böyüməsi üçün vacibdir”.

Deputat bildirib ki, Aliment Fondunun yaradılması məsələsi də gündəmdə olan vacib məsələdir: "Aliment Fondunun yaradılmasında məqsəd uşağa çatacaq pulun fond tərəfindən ödənilməsi və həmin vəsaiti ödəməli olan tərəfdən alınmasını təmin etməkdir. Aliment Fondunun yaradılması da uşaqların böyüməsində boşanmış ailələrdə mövcud olan sıxıntıların aradan qaldırılması deməkdir. Bu da vacib olan məsələlərdəndir”.

 

""Uşaq pulu” xalqın tələbidir”

 

Deputat Vahid Əhmədov da uşaq pulunun verilməsini vacib sayıb: "Təəssüflər olsun ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsini təsdiq edirik, amma icrasından xəbərimiz yoxdur. Hesab edirəm ki, DSMF-də kifayət qədər böyük məbləğdən, 5 milyard manatdan söhbət gedir ki, bunun icrası ilə bağlı da Milli Məclisə hesabat verilməlidir”.  V.Əhmədov bildirib ki, son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ciddi islahatlar aparırır və DOST Mərkəzləri yaradıb: "Başa düşmürəm, əgər idarəetmə elektronlaşdırılırsa, elektron idarəetmə sistemi tətbiq olunursa, əlavə mərkəzlərin yaradılmasına nə ehtiyac var? Düşünürəm ki, bu məsələyə də baxılmalıdır və büdcə üçün əlavə yüklər ləğv edilməlidir”.

Deputat vurğulayıb ki, "uşaq pulu” məsələsinə birbaşa "yox” deyilməsi doğru deyil: "Bu məsələ ilə bağlı da nazirlik təkliflərlə çıxış etməlidir. "Pulumuz yoxdur, "uşaq pulu” verə bilmərik” demək doğru deyil. "Uşaq pulu”nun verilməsi xalqın tələbidir və bu istiqamətdə addım atılmalıdır”.

 

"Problem həll olunmadıqca, insanların haqlı narazılığına səbəb olur”

 

Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı məcbur köçkün rayonlarının təmsil edən deputat olduğunu xatırladaraq mövcud problemlərdən danışıb. B.Muradova mütəmadi şəkildə məcburi köçkünlərlə ünsiyyətdə olduğunu qeyd edib: "Problemlər ölkə başçısının qayğısı ilə azalmaqdadır. Məcburi köçkün statusu ilə bağlı məsələlər var ki, özündən sonra bir sıra problemlər yaradır. Statusun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır. İnsanlar da zaman-zaman bu narazılıqlarını ifadə edirlər. Hər dəfə vətəndaş qəbulunda onlarla belə şəxs bizə müraciət edir. Bununla da bir növ qapalı dairə yaranır. Onlar bizə müraciət edir, biz də rayon icra hakimiyyətlərinə və "Qaçqınkom”a müraciət edirik. Onlar da bizə cavab məktubu yazırlar ki, filan nömrəli sərəncamın filan bəndinə görə, bu problemləri həll etmək mümkün deyil. Biz də özlüyümüzdə bu cavabı almaq üçün müraciət etmirik. Müraciət edirik ki, mövcud problemlər həll olunsun. Problem də həll olunmadıqca, üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur”.

Bahar Muradova vurğulayıb ki, son vaxtlar belə müraciətlərin sayı artıb: "Təhlilim nəticəsində məlum olub ki, bu problem təkcə Fizuli rayon ərazisində 12 min nəfərədək əhalini əhatə edir. Çünki məlum sərəncamla köçkün statusu alan şəxslər təminatlardan məhrum oldular. Müəyyən məntiqlə bu qərarı qəbul ediblər, hər kəs də bunu qəbul edə bilmir və anlaşılmır. Misal olaraq, daxili işlər orqanlarında, dövlət qulluğunda çalışan və hərbi xidmətdə olan soydaşlarımıza dövlət tərəfindən verilən müavinətlər dayandırılır. Həmçinin, bu və ya digər güzəştlərdən istifadə edə bilmirlər. Dostu, yaxın qohumu tərəfindən onlara bağışlanan birotaqlı mənzil varsa, həmin şəxslər bu təminatlardan məhrum olunur. Burada bərabərsizlik yaranır.

Hüquqları, güzəştləri müəyyən etmişiksə, onda hər kəs bundan bərabər istifadə etməlidir. Problem həllini tapmayıb, həmin şəxslər işğal olunan evlərinə qayıtmayıb. Ona görə də status hələ də onun üzərindədir. Lakin statusun onlara verdiyi imkanlar məhdudlaşıb. Anlayıram ki, bu, müəyyən qədər çətinliklər olan dövrdə qəbul edilən qərar idi. Hesab edirəm ki, getdikcə ölkə başçısı tərəfindən sosial sahəyə yönələn diqqət və qayğı hər cür problemlərlə üz-üzə olan insanlardan yan keçməməlidir. Bir çətinlik də odur ki, eyni kəndə olan eyni statuslu şəxslərin bir qismi bundan istifadə edir, digər qismi isə hansısa yanaşmalara görə istifadə etmir”.

Bahar Muradova əlavə edib ki, hərbi xidmətdən qayıdan gənclərin yenidən həmin statusu bərpa etməsi məsələsində problemlər yaranır: "Bu şəxs halbuki başqa ölkəyə getməyib, vətəndaşlığını dəyişməyib. Hərbi xidmətə gedib qayıdıbsa, necə ola bilər ki, statusunu bərpa edib lazımi yerdə qeydiyyata düşə bilməsin. Ailəsindən boşanıb yenidən məcburi köçkün yataqxanasında yaşayan ailəsinin yanına qayıdan qadınların yenidən orada qeydiyyata düşməsi qeyri-mümkündür. Halbuki onun şəxsiyyət vəsiqəsində illərlə burada qeydiyyatda olduğu yazılıb. Bununla bağlı heç kimi qınamıram. Çünki aidiyyatı qurumlar bu məsələdə səlahiyyətə malik deyillər. Ona görə də həmin sərəncama yenidən baxılması bu məsələlərə yeni yanaşmaların olmasına gətirib çıxarardı. Hökumətdən xahiş edirəm ki, məsələni diqqətdə saxlasın və getdikcə artan problemlərin qarşısını birlikdə alaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları