Yuxarı

Gömrük Komitəsinin qərarı narazılıq yaradır

Gömrük Komitəsinin qərarı narazılıq yaradır

 

Xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər birmənalı qarşılanmayıb. Dövlət Gömrük Komitəsi hesab edir ki, sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yanlış şərhlər irəli sürülür. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan bu mal mövqelərinə aid avtonəqliyyat vasitələri qeyri-rezidentlər tərəfindən müvəqqəti olaraq ölkə ərazisinə 90 gün müddətinə gətirilə bilər.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, həmin müddətin Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə şəxsin ölkədə qalma müddətinə uyğun olaraq maksimum 1 ilə qədər uzadılması mümkündür. Yəni əcnəbilər tərəfindən gətirilən və xarici ölkədə qeydiyyatda olan nəqliyyat vasitəsi hər hansı təminat üsulu tətbiq edilmədən Azərbaycanda 90 gün müddətində qala bilər. Avtomobili ölkə ərazisinə gətirən şəxs gömrük orqanına müraciət edərək qanunvericiliyə əsasən müvafiq təminat üsullarından istifadə etməklə bu müddəti uzada bilər. Bu halda isə, qanunvericilikdə müəyyən edilən müddət 1 ilə qədərdir.

Gömrük orqanları tərəfindən aparılan müşahidələr nəticəsində müəyyən olunub ki, son dövrlərdə Azərbaycanda yaşayan, xarici vətəndaşlığı və ya ikili vətəndaşlığı olan şəxslər tərəfindən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin həmin ölkələrdən alınmaqla ölkə ərazisinə müvəqqəti gətirilməsi halları kütləvi xarakter alıb. Qanunvericiliklə müəyyən olunmuş 90 gün ölkə ərazisində qalma müddəti başa çatdıqdan sonra müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələri onları gətirən şəxslər tərəfindən ölkə ərazisindən geri aparılır və qısa zaman ərzində yenidən 90 gün müddətinə ölkə ərazisinə müvəqqəti olaraq gətirilir.

Məsələ ilə bağlı müvafiq araşdırmalar onu göstərir ki, qanunvericiliklə nəzərdə tutulan bu güzəştdən sui-istifadə hallarına yol verilərək, əsasən gömrük ödənişlərini ödəməmək, həmçinin AVRO-4 ekoloji standartlara cavab verməyən avtonəqliyyat vasitələrinin gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə etmədən ölkə ərazisində idarə edilməsi, xüsusilə də qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün istifadə olunur. Üstəlik, müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin əksəriyyətinin istehsal buraxılış tarixi 15-20 ili ötüb, texniki göstəricilərə görə qənaətbəxş deyil və bu qəbildən olan avtonəqliyyat vasitələri ölkənin ekoloji durumunun korlanması ilə yanaşı, həmçinin yol qəzalarının artmasında da potensial təhlükə yaradırlar. Gömrük orqanları da yuxarıda sadalanan amilləri nəzərə alaraq gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib.

Komitənin qeyd etdiyi bu kimi halların səbəbi gömrük rüsumlarının həddən çox yüksək olmasıdır. Müstəqil ekspertlər hesab edir ki, avtonəqliyyat vasitələrinə tətbiq olunan yüksək rüsum, aksiz vergisi və ƏDV azalarsa, büdcəyə daha çox vəsait daxil olar. Hesab olunur ki, Gömrük Komitəsi bununla bağlı hökumətə təklif verməlidir.



Vüqar Bayramov: "Gömrük rüsumları optimallaşarsa, büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaranar


İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, gömrük siyasətinin mütəmadi monitorinq edilib təkmilləşdirilməsi vacibdir: "Xüsusən Gömrük Məcəlləsinin risk analizinin aparılmasına ehtiyac var. Əgər xaricdən gətirilən avtomobillər ölkədə daha çox qalmağa üstünlük verirlərsə, bu ondan xəbər verir ki, 90 gün qısadır. Müddət qısa olduğuna görə, qanundan yayınmağa çalışırlar. Yəni 90 günlük icazə başa çatandan sonra şəxs avtomobili aldığı ölkəyə aparıb yenidən ölkə ərazisinə müvəqqəti olaraq gətirməklə 3 ay qalmaq fürsəti qazanır. Bununla bağlı müəyyən müddətin müəyyənləşdirilməsinə ehtiyac var. Əgər xüsusi bir məhdudiyyət müddəti olmasa, nəticədə avtomobil idxalından daxilolmalara mənfi təsir göstərə bilər. Amma monitorinq göstərir ki, müddətin artırılmasına ehtiyac var. Yəni praktik olaraq müəyyənləşdirilmiş müddət qısa olduğuna görə, öz avtomobil ilə gələnlər uzun müddət qala bilmirlər. Bu zaman 90 gün tamam olduqda ölkəni tərk edib yenidən daxil olurlar ki, cərimələnməsinlər və yaxud daha yüksək rüsumlara cəlb edilməsinlər. Buna görə də proseduraların sadələşdirilməsinə ehtiyac var. Əvvəla, daha optimal rüsumlar müəyyənləşərsə, xüsusən 90 gündən artıq qalmaq istəyən avtomobil sahibləri qanundan yan keçməyə çalışmaycaqlar. Hesab edirəm ki, həm gömrük rüsumlarının optimallaşdırılması, həm də müddətin artırılması istiqamətində təkmilləşdirməyə ehtiyac var. Əgər bunlar tətbiq olunarsa, büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yarada bilər. Çünki bu, fiskal baxımdan daha səmərəlidir. Hesab edirəm ki, Dövlət Gömrük Komitəsinin mütəmadi olaraq həm Vergi Məcəlləsinə, həm də bu məcəllənin tətbiqi proseduralarının monitorinqinə və təkmilləşdirmələr aparmasına ehtiyac var”.

İqtisadçının qənaətincə, elektron avtomobillər üçün qanunvericiliyə dəyişikliklər edilməsinə və rüsumların sıfırlanmasına ehtiyac var: "Çünki Azərbaycanda elektron avtomobillərin ölkəyə idxalı, bu avtomobillərin statusunun müəyyənləşdirilməsi, həmçinin onların vergi və rüsumlara cəlb edilməsi ilə bağlı çətinliklər var. Buna görə də məcəlləyə dəyişikliklər edilməsi və avtomobillərin ölkəyə idxalının təşkil edilməsinə ehtiyac var. Rüsumlar müəyyənləşərsə, sahibkarlar elektron avtomobilləri ölkəyə gətirməkdə maraqlı olarlar”.



Natiq Cəfərli: "Azərbaycan gömrük rüsumları və vergiləri vasitəsilə hər avtomobildə istehsalçı ölkədən daha çox pul qazanır


İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, gömrük orqanları tarixən daxili bazarı qorumaq, daxili istehsalçılara dəstək olmaq üçün yaradılan qurum olub: "Amma sözügedən məsələyə bildirdiyi münasibət Dövlət Gömrük Komitəsinin öz fəaliyyətinin nədən ibarət olduğunu hələ də anlamadığını və ya anlamaq istəmədiyini sübut edir. Çünki hökumət də, Komitə rəhbərləri də bu günə qədər gömrük orqanlarının fəlsəfəsini anlaya bilmirlər. Təəssüf ki, Azərbaycanda Komitənin daxili bazarı qorumaq, daxili istehsalçılara dəstəkləyən prinsipi hələ də işə düşməyib. Azərbaycan avtomobil istehsal etmir, əvvəl Şamaxı və Naxçıvanda, indi də Neftçalada mənasız maşın yığımı ilə məşğul olan zavodlar olub. Dəfələrlə bildirmişik ki, avtomobil istehsalı adlandırmaq üçün maşının detallarının ən azı 25 faizi ölkəmizdə istehsal olunmalıdır. Ölkəmizdə isə yerli olan ancaq maşınların təkərinə vurulan havadır, qalan bütün detallar valyuta ilə xaricdən alınır, dollar xaricə axır. Həmin yığılan maşınları isə ancaq dövlət büdcəsi hesabına satırlar yəni, dövlət ikiqat ziyan görür, həm büdcə pulu hesabına yığım sexləri açılıb adına avtomobil istehsalı deyirlər, həm dövlət büdcəsi hesabına həmin keyfiyyətsiz maşınları alırlar, həm də həmin büdcə manatı sonra dollara çevrilib xaricə gedir. Paralel olaraq da Azərbaycan hökuməti avtomobillərə yüksək rüsum, aksiz vergisi qoyur, hələ ƏDV-də alır. Gömrük Komitəsi isə vətəndaşların xaricdən aldıqları maşınlara qanuni yazılmış qaimələri tanımır, maşınlara yüksək qiymət qoyub rüsum və vergiləri öz bildikləri kimi hesablayırlar. Məzlum vətəndaş da məcbur qalıb Gürcüstandan maşın alır, gürcü nömrəsi ilə ölkəyə daxil olur, hər 3 aydan bir də sərhədi keçib bir də qayıdır. Bu, sui-istifadə halı deyil, gömrüyün yaratdığı rəzalətə vətəndaşın qanuni cavabıdır”.

İqtisadçının sözlərinə görə, bu gün Azərbaycan hökuməti gömrük rüsumları və vergiləri vasitəsi ilə hər avtomobildə istehsalçı ölkədən daha çox pul qazanır: "Rusiya büdcəsi hər "Lada”dan cəmi 600 dollar qazandığı halda, Azərbaycan bundan 3 qat artıq büdcəyə pul toplayır. Yaxud da alman mühəndisi maşın düşünür, fəhləsi istehsal edir, amma Almaniya büdcəsi bir (məsələn) "Mercedes”dən maksimum 2000 avro qazanırsa, hökumətimiz əlini ağdan-qaraya vurmadan hər "Mercedes”dən ortalama 6000-7000 min manat pul qazanır”. Natiq Cəfərli elektron avtomobillər üçün rüsumların sıfırlanması, ƏDV-nin ləğv edilməsi barədə hökumətə dəfələrlə təkliflər verdiyini də deyib: "Bir neçə ay öncə Gömrük Komitəsinin rəsmisi bəyan etmişdi ki, belə etsək bu sui-istifadə hallarına səbəb olacaq, əhali daha çox hibrid gətirəcək. Anlamırlar ki, rüsumların sıfırlanmasında və ƏDV-nin ləğvində məqsəd hibrid avtomobillərinin daha çox gətirilməsi, ölkə avtoparkının yenilənməsi və ekologiyaya müsbət təsirinin olmasıdır. Gömrük Komitə ləğv edilməlidir. Bu Komitənin ayrıca qurum kimi qalması məntiqsizlikdir və ölkə iqtisadiyyatı üçün ziyandır”.

Yeganə Oqtayqızı

 

 





Həftənin ən çox oxunanları