Yuxarı

Reallaşmayan icbari tibbi sığorta arzusu: Yenə gözləməli olacağıq

Reallaşmayan icbari tibbi sığorta arzusu: Yenə gözləməli olacağıq

Rasif Bağırov: "Müəyyən problemlərin olacağını indidən demək olar”


Gələn il yanvarın 1-dən etibarən icari tibbi sığortanın tətbiqinin gözlənildiyi bir vaxtda qaydalara dəyişiklik ediləcək. İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əvvəlcədən açıqlanan qrafik və sığorta ilə bağlı bəzi qaydaların dəyişilməsinin təklif edildiyini deyib.

Əsas yenilik odur ki, ölkədə icbari tibbi sığortanın tətbiqi birdən-birə bütün ölkə üzrə deyil, mərhələ-mərhələ başlanacaq. Bu məqsədlə ölkə ərazisi şərti olaraq 4 hissəyə bölünəcək. Yanvarın 1-dən tətbiq ediləcək icbari tibbi sığorta əvvəlcə ölkənin şimal bölgəsinin 20 rayonundan başlayacaq və hər 3 aydan bir digər rayonlar da qoşulacaq. "İcğari tibbi sığortanın yanvarın 1-dən etibarən Azərğaycanın şimal bölgəsində başlanmasını təklif edirik. Şimal bölgəsinə 20 rayon daxildir. Bundan 3 ay sonra, yəni aprelin 1-dən etibarən bu prosesə ölkənin qərb bölgəsindəki rayonlar qoşulacaq, söhbət daha 17 rayondan gedir. 3-cü rübdən etibarən bu prosesə cənub bölgəsindəki 14 rayon qoşulacaq. 4-cü rübdən isə bu prosesə Bakı və Sumqayıt rayonları da qoşulacaq. Nəticədə 2020-ci ilin sonunadək bütün ölkə əhalisi tibbi sığortadan yararlana biləcək".

Bundan başqa, vətəndaş axınını tənzimləmək və sui-istifadə hallarının qarşısını almaq üçün müştərək maliyyələşmə mexanizmi tətbiq ediləcək. Belə ki, ölkə üzrə rayonlar qruplaşdırılaraq tibbi ərazi bölmələrinə ayrılacaq. Hər bir qrupa 6-ya yaxın rayon daxil olacaq və vətəndaşın bu əraziyə daxil oan istənilən rayonda istədiyi həkimi seçmək hüququ olacaq. Qeyd edək ki, indiyədək müzakirə olunan variantda vətəndaşın bütün ölkə üzrə istədiyi xəstəxana və həkimi seçmək hüququnun olacağı bildirilirdi.

İcbari tibbi sığortanın tətbiqi, ümumiyyətlə, "Tibbi Sığorta haqqında” qanuna ediləcək əlavə və dəyişikliklər noyabrın 23-də Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilib. İclasda deyilib ki, qanuna 126 əlavə və dəyişikliak ediləcək və bu yeniliklər o qədər əhəmiyyətlidir ki, 1999-cu ildə qəbul edilmiş qanun tamamilə dəyişəcək.

İcbari sığortanın niyə əvvəl elan edildiyi kimi, yanvarın 1-dən etibarən bütün ölkə ərazisində deyil, mərhələ-mərhələ tətbiqinin səbəbi hələ açıqlanmasa da, millət vəkillərinin çıxışından məlum olur ki, əsas məsələlərdən biri kadr - həkimlərin işə cəlbidir. Bundan başqa, Azərbaycanda yeni tibb müəssisələrinin inşa edilməsi üçün Dünya Bankı ilə danışıqlar aparılır. "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi üçün qanun layihəsi plenar iclasa tövsiyə edilib. Qaydaların dəyişilməsinin əsas səbəbləri hansılardır? İcbari tibbi sığortanın tətbiqi üçün görülən hazırlıq işləri yetərli deyilmi?

Həkim-terapevt Rasif Bağırov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqi üçün müəyyən bazanın yaradılmasına ehtiyac var: "Əhalinin tibbi müayinədən keçilməsi üçün şərait yaradılmalıdır. Onsuz da əhali daha əvvəl müraciət etmədiyi həkimlərə tibbi sığortaları var deyə, bundan sonra da müraciət etməyəcək. Əhali yenə də özəl xəstəxanalardakı həkimlərə müraciət edəcək. Amma burada vətəndaşların qazancı ödənişsiz olaraq aparatlarlarla müayinədən keçmək olacaq. Eyni zamanda tibbi sığortanın olması əhali üçün cərrahi əməliyyatları daha əlverişli edir. Bunun üçün də, müayinə ocaqlarının sayının artırılmasına ehtiyac var ki, tibbi sığortanın tətbiqindən sonra müəssisələrdə sıxlıq yaranmasın. Əhalinin böyük əksəriyyəti MRT, kompüter tomoqrafiya müayinəsindən keçmək istəyir. Hazırda hansı tibb müəssisəsinə müraciət edilsə, yalnız ertəsi günə növbə tutmaq mümkündür. Eləcə də, ürək əməliyyatları, angeqrafiya və digər proseslər vətəndaşların müəyyən bir qisminin imkanı xaricində olur. Tibbi sığortanın tətbiqindən sonra isə bu sahələrə kifayət qədər çox müraciətlərin olması gözlənilir. Məsələn, ürəyinə stend qoyulası və ya angeqrafiya olunası hər hansı xəstəni növbəyə yazmaq, ona "6 ay sonra gəl” demək mümkün deyil. Buna görə də vətəndaşların müraciət etdiyi zaman müayinə olunmaq imkanı əldə etməsi üçün müəyyən baza yaradılmalıdır”.

Həkim-terapevt deyir ki, tibbi sığortanın tətbiqi ilə bağlı Azərbaycanın 4 inzibati bölgəyə bölünməsi də yetərli bazanın olmaması ilə bağlıdır: "Hesab edirəm ki, paytaxt Bakının ən son mərhələyə saxlanılması da bununla əlaqədardır. Bakıda əhali sıxlığı mövcuddur. İlin sonuna qədər müəyyən bazanın, tibb müəssisələrinin yaradılması təmin olunacaq. Çünki belə görünür ki, bu ili ancaq sənədləşdirmə işlərinə sərf ediblər”.

İcbari tibbi sığortanın tətbiqindən gözləntilərinə gəlincə, Rasif Bağırov deyir ki,  icbari tibbi sığortanın 100  faiz yüksək səviyyədə keçirilib-keçirilməyəcəyi məlum deyil: "Biz hələ prosesi tam bilmirik. Sadəcə olaraq, Azərbaycanda çox şeyin xarici ölkələrdə olduğu kimi həyata keçirilmədiyi nəzərə alınarsa, müəyyən problemlərin olacağını indidən demək olar. Proses başlayandan sonra nəticələri görəcəyik. Hansı Azərbaycansayağı müdəxilələrin olacağını gələcək göstərəcək”.

Xatirə Nəsirova

 





Həftənin ən çox oxunanları