Yuxarı

Milyonların yolunu bağlayan AZAL: Turizmə böyük maneə

Milyonların yolunu bağlayan AZAL: Turizmə böyük maneə

Milyonların yolunu bağlayan AZAL: Turizmə böyük maneə


Rusiyadan Gürcüstana aviauçuşların dayandırılması səbəbindən ölkənin turizm gəlirləri 300 milyon dollar azalıb. 

Gürcüstan Milli Bankının prezidenti Koba Gvenetadze parlamentin iclasında çıxışı zamanı belə deyib. Koba Gvenetadze ölkədə yüksək inflyasiyanın səbəblərinə də toxunub: 

"Cari ilin əvvəlində Milli Bankın pul-kredit siyasəti birdəfəlik inflyasiyaya az təsir edib. Lakin, sentyabr ayından etibarən inflyasiya sürətlənib. Bu da, əsasən, larinin dəyərdən düşməsi və milli valyutanın köhnəlmiş nişanda uzun müddət qalması ilə əlaqədardır”. 

Onun sözlərinə görə, iyul ayında Rusiyanın Gürcüstana avia uçuşlarını dayandırması, eləcə də rəsmi və ya qeyri-rəsmi ticarət sanksiyalarının tətbiq etməsi də milli valyutanın dəyərdən düşməsinə zəmin yaradıb: 

"Digər tərəfdən də, xarici valyuta qazancının faktiki azalmasından əvvəl bazarda xarici valyutaya təklifin azalması və tələbin artması milli valyutanın dəyərini itirməsinə səbəb oldu”. 

Məlumdur ki, təbii resurslar baxımından Azəbaycanın imkanları daha geniş olsa da, ölkəmiz region ölkələrindən geri qalır. Respublika əsasən Şərq ölkə vətəndaşlarının diqqətini cəlb etdiyi halda qonşu Gürcüstana və Türkiyəyə dünyanın əksər ölkələrindən turist axını mövcuddur. Baxmayaraq ki, Rusiya ilə siyasi münasibətlərin gərginləşməsi Gürcüstanın turizm gəlirlərini azaldıb, ölkənin Milli Bankın icmalına əsasən, yanvar-avqust aylarında turizmdən 2,2 milyard dollardan çox gəlir götürülüb ki, bu, 2018-ci ilin müvafiq dövrünə nisbətdə 4,1% artım deməkdir. Azərbaycanda isə bir neçə il əvvəl turizm gəlirlərində yüksək artım müşahidə olunsa da, son illər artım tempi xeyli aşağı düşub. Mütəxəssislər hesab edir ki, bu sahəni ölkə üçün gəlirli bir sahəyə çevirmək olar. 

Gürcüstanda turizmin nisbətən geriləməsi ölkəmizin bu sahədən əldə etdiyi gəlirlərinə təsir edibmi? Birbaşa aviareyslə Gürcüstana gedə bilməyən Rusiya turistləri belə bir şəraitdə Azərbaycanı seçə bilərlərmi? 

İqtisadçı ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında Rusiya və Gürcüstan arasında siyasi konflikt olduğunu xatırladaraq, qeyd etdi ki, birinci ikincinin iqtisadiyyatını axsatmaq üçün bütün addımlara əl atır:

"Burada yalnız aviareyslərin dayandırılması deyil, digər məsələlər də var. Amma hesab etmirəm ki, bunun Azərbaycan turizminə dolayı bir təsiri olsun. Çünki Rusiyadan Azərbaycana səfər etmək istəyənlər birbaşa reyslərlə gələ bilirlər. Rusiya-Gürcüstan reysləri  ilə Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana gələn reyslərin qiymətlərində ciddi fərq yoxdur. Avropa və ya digər ölkələrdən Azərbaycana səfər etmək istəyənlər isə Gürcüstan aeroreyslərindən daha çox istifadə edir. Çünki bu daha səmərəlidir, gediş haqqları bir neçə dəfə ucuz başa gəlir”.

Akif Nəsirli deyir ki, Azərbaycan turizminə başlıca maneə dövlət şirkəti olan AZAL-ın qiymət siyasətidir:

"AZAL dövlət şirkəti olduğu üçün onu müştəri sayı maraqlandırmır. Şirkətin öz fəaliyyətindən nə qazanmasından asılı olmayaraq, büdcəsinin açıq qalan hissəsini dövlət büdcəsi ödəyir. Ona görə də bu sahədə də özəlləşmə vacibdir. Hesab edirəm ki, AZAL-ın resursları bir neçə şirkət tərəfindən bölünüb alınmalıdır. Belə olarsa, Gürcüstandakı kimi  dünyanın inkişaf etmiş ölkələrindən ucuz reyslər yaranar, bu da Azərbaycanı turizm baxımından maraqlı edər. 5 nəfər ərəbin gəlməsindənsə, bir nəfər ingilisin gəlməsi daha səmərəlidir. Ona görə də, biz hökumət olaraq, bu istiqamətdə düşünməliyik”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları