Yuxarı

Evimizə daşıdığımız zəhər: Ümid inzibati tədbirlərə qalıb

Evimizə daşıdığımız zəhər: Ümid inzibati tədbirlərə qalıb


Plastik tullantılarla mübarizə çərçivəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri onlardan istifadədən tam imtina edib.

Plastik torbaların istifadəsi qadağan edilsə də, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər fayda vermir. Hesablamalar göstərir ki, Avropa Birliyi vətəndaşı ildə orta hesabla 200 plastik torba istifadə edir. Bu torbaların 89 faizi yalnız bir dəfə istifadə olunur.

Avropada bir ildə 100 milyard birdəfəlik plastik çanta istifadə olunur. Bu torbalar istixana qazı tullantılarının və ətraf mühitin çirklənməsinin əsas səbəbləridir.

Qeyd edək ki, 2015-ci ildə Avropa Birliyi Komissiyası plastik torbaların istehlakını məhdudlaşdıran qərar verdi. Qərar 2025-ci ilə qədər adambaşına illik plastik torba istifadəsini 40-a endirməyə hədəfləyir. Bu məqsədə çatmaq üçün üzv dövlətlərə əlavə vergi tətbiq etmək, depozitin tətbiqini qüvvəyə gətirmək və milli miqyasda ədədi hədəflər təyin etmək məsuliyyətini verirdi. Bununla da 2019-cu ilə qədər plastik torbaların istifadəsini 80 faiz azaltmaq proqnozlaşdırılırdı. Artıq Avropada plastik torbaların istifadəsində ciddi azalma müşahidə olunur.

İnsanların 72 faizi birdəfəlik plastik çantaların istifadəsini azaltdıqlarını söyləyirlər. Avropa plastiklərə qarşı mübarizə tədbirlərini fondlar maliyyələşdirir. Tullantıların idarə olunması üçün 5,5 milyard avro büdcə hazırlanıb.

Azərbaycanda isə bu cür tədbirlər yalnız kağız üzərində qalır. Aidiyyəti qurumlar ani bir təşəbbüslə çıxış etsə də, bir müddət sonra o tədbirlər də unudulur. 2019-cu ilin yayında polietilen torbaların məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər Planı hazırladı. Planda plastik tullantılardan, xüsusilə polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub. Amma məhdudlaşdırılması nəzərdə tutulan sellofan torbaların əvəz edəcək alternativ təkliflər yoxdur.

Bu məhdudlaşmadan sonra bəzi marketdə sellofan torbalar pulla satılmağa başladı. Marketlər qiyməti 5 qəpik olan bu sellofan torbaları pulla satıldığı halda, onları əvəz etmək üçün hər hansı alternativ təklif etmirdi. Bu isə alıcıların narazılığına səbəb olurdu. Təbii ki, ölkəmizdə bu sahədə maarifçilik çox aşağı səviyyədədir.

Azad İstehlakçılar Birliyininn sədri Eyyub Hüseynov "Cümhuriyət” qəzetinə bildirib ki, bir sıra ölkələr polietilen torbalardan və plastik qablaşdırmalardan tam imtina edib:

"Hətta Azərbaycandan dəfələrlə geridə qalmış Nepalda belə, plastik və polietilen qablaşdırmalardan istifadə olunmur. Hesab edirəm ki, bunu inzibati yolla həll etmək olmaz. İlk öncə geniş maarifləndirmə işləri aparılmalıdır. Ümumiyyətlə, ölkəmizin marketlərində Nazirlər Kabinetinin heç bir qərarı demək olar ki, işləmir. Dəfələrlə təklif etmişəm ki, marketlər üçün xüsusi sənəd hazırlanmalı və Nazirlər Kabineti də bunu təsdiq etməlidir. Burada vətəndaşların əl çantalarının yoxlanmasından tutmuş, plastik torbalara, o cümlədən də digər məsələlər öz əksini tapmalıdır. Kiçik dəyişikliklər var, demək olar ki, marketlərdə verilən plastik torbalar 3 dəfəyə qədər nazikləşdirilib. Azad İstehlakçılar Birliyi 8 ildən çoxdur təklif edir ki, birinci MDB təcrübəsini tətbiq etməliyik. Yəni plastik torbalar tam şəffaf və nazik olmalıdır, həm də pulla satılmalıdır. Hələlik şəffaflığa keçilməyib, lakin xeyli nazikləşdirilib. Bu sahədə ən uğurlu tədbirləri "Azərsun” Holdinq şirkəti görür. Onların ekoloji mühitin qorunması və plastik torbaların məhdudlaşdırılması istiqamətində təqdirəlayiq çağırışları mövcuddur”.

Ekspertin sözlərinə görə, Azərbaycanda tək plastik torbalardan istifadə yox, eləcə də plastik qablaşdırmalar da ciddi problem olaraq qalır:

"Xarici ölkələrdən Azərbaycana gətirilən ərzaq mallarının təxminən 85 faizi plastik qablara qablaşdırılır. Ona görə də bunu inzibati yox, əhalinin maarifləndirilməsi yolu ilə həll etmək olar. Plastik torbalardan imtina üçün ilk növbədə əhali bazar torbalarına keçməlidir. Alternativ olaraq "talış zənbilləri” (həsir-müəll.) ən yaxşı bazar torbalarıdır, onlar ekoloji cəhətdən təmizdir. Cavan olsaydım, xaricdə bu zənbillərin biznesini yaradardım. Çünki bu cür zənbillər dünyanın heç bir yerində yoxdur”.

Eyyub Hüseynov onu da qeyd edib ki, həssaslığı yüksək olan bəzi ərzaq məhsulları plastik qablara qablaşdırılmamalıdır:

"Məsələn, duza qoyulmuş turşular, zeytun və digər ərzaq məhsulları və sair. Bazarlarda plastik qabların içərisində satılan üzüm yarpağının üzərinə bir də aktiv kimyəvi maddələr tökürlər. Bunların hamısı insan həyatında mənfi iz qoyur. Bir sözlə, polietilen torbaların və plastmas qablardan istifadənin məhdudlaşdırması, eləcə də ətraf mühitə atılmasının qarşısının alınması istiqamətində ciddi maarifləndirmə işləri görülməlidir. Azad İstehlakçılar Birliyi gələn ilin əvvəlindən regionlarda bununla bağlı bir layihə keçirmək niyyətindədir. Ekologiya Nazirliyinə və QHT-lərə Dövlət Dəstəyi Şurasına bəzi təkliflər vermişik. Əgər layihə dəstəklənərsə, biz regionlarda əhali arasında böyük maarifçilik işi aparacağıq. İkinci fəaliyyət istiqaməti marketlərdə qaydalar tətbiq olunmasıdır. Növbəti istiqamət isə plastik torbaların pulla satılması, daha sonra həmin torbaların tam şəffaf olması məsələsi və alternativ torbalardan əhalinin istifadə etməsi üçün maarifçilik işini görməyi hədəfləyirik.

Rəngli plastik torbalar şəffaf torbalarla müqayisədə daha təhlükəlidir. Onlar plastik olması ilə bərabər rənglər özlərində ağır metallar daşıyır. Bu metallar müxtəlif yollarla insan orqanizminə keçə bilir. MDB təcrübəsinə əsasən, bu torbalar şəffaf, nazik və ən əsası pulla satılmalıdır. Çox güman ki, neylon torbaların istifadəsinin məhdudlaşdırılması istiqamətində MDB digər ölkələrdən bir az da irəli gedəcək. Lakin Azərbaycan bu sahədə çox geridə qalıb”.

Yeganə Oqtayqızı