Yuxarı

Pulu mandata dəyişənlər: Biznesmenlər niyə deputat olmaq istəyir?

Pulu mandata dəyişənlər: Biznesmenlər niyə deputat olmaq istəyir?


V çağırış Milli Məclisin tərkibində daim ictimaiyyətin və medianın gündəmindən olan "biznesmen deputatlar” kifayət qədər idi.

Onlardan "Relax” istirahət mərkəzinin sahibi İqbal Məmmədov, "Kompas” Ticarət Evi”nin sahibi Xanlar Fətiyev, "Kristal Abşeron” MMC-nin sahibi Ağalar Vəliyev, "Palıdlı sahil” istirahət mərkəzinin sahibi Hadı Rəcəbli, "Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev, "AZİNKO Holdinq”in sahibi Malik Həsənov və "European Tobacco” şirkətinin sahibi Rüfət Quliyevi misal çəkmək olar.

Maraqlıdır ki, 9 fevral 2020-ci ilə təyin olunan növbədənkənar parlament seçkilərində də bir sıra məşhur iş adamları iştirak edir. Belə ki, 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd olan Məmmədov Məşhur Şahbaz oğlu "Embawood” şirkətinin prezidentidir.

Daha bir namizəd isə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən Zəfər Məmmədovdur. Z.Məmmədov təmir, tikinti və dizayn işləri həyata keçirən "Zaferoğlu İInşaat” şirkətinin sahibidir. Beynəlxalq Standartlar üzrə ölkənin tanınmış mütəxəssisi, "Bureau De Qualite” Azərbaycanın direktoru Asif İbrahimov da parlament seçkilərində iştirak etməyə hazırlaşır. A.İbrahimov namizədliyini 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürüləcək, artıq imza toplama prosesi başa çatıb.

Daha bir "biznesmen namizəd” isə "Minera" şirkətlər qrupunun sahibi Xudaqulu Rzayevdir. X.Rzayevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. İş adamı Bakıda, 18 saylı Nərimanov-Nizami seçki dairəsində mübarizə aparacaq. Maraqlıdır, iş adamları niyə deputat olmaq istəyir? Məlumdur ki, qanunvericilik deputatın bizneslə məşğul olmasını birmənalı olaraq qadağan edir.

Bəs, sözügedən iş adamları milyonlarla vəsaiti niyə mandata dəyişmək niyyətindədirlər?

Deputat Fazil Mustafa Cebhe.info-ya açıqlamasında deyib ki, iş adamlarının deputatlığa namizəd olmasına heç bir məhdudiyyət yoxdur: "İş adamı deputat seçildikdən sonra biznes fəaliyyətini dayandırır. Əgər namizədliyi qeydə alınırsa, seçilərsə, o zaman öhdəlik imzalayır. Ondan sonra da fəaliyyətini dayandırır. Ona görə də orada heç bir qəbahət yoxdur. Namizəd ola bilməyəcək şəxslərlə bağlı məsələ Konstitusiyada göstərilib. Din adamları və digər müəyyən kateqoriyadan olan insanlar namizəd ola bilməz. Amma iş adamları üçün heç bir məhdudiyyət yoxdur”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, MSK onların fəaliyyətini yoxlamalıdır:

Mərkəzi Seçki Komissiyası həmin şəxslərin doğrudan da biznesdən çıxması ilə bağlı tədqiqat aparmalıdır. Təsdiq olunmalıdır ki, həmin şəxslər, doğrudan da, biznesdən əllərini çəkiblər. Ondan sonra namizədliklərini qeydə almalıdır. Çünki millət vəkillərinin bizneslə məşğul olması yolverilməzdir”.
Vilayət Muxtar