Yuxarı

Dövlət Komitəsinin mətbuata iradına cavab gecikmədi: "Narazılığı varsa, Mətbuat Şurasına getsin”

Dövlət Komitəsinin mətbuata iradına cavab gecikmədi:

Dövlət Komitəsinin mətbuata iradına cavab gecikmədi:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi KİV-ə müraciət edib. 

Müraciətdə bildirilir ki, KİV tərəfindən yaradılmış vəziyyətdən sui-istifadə hallarına yol verilir.

Efirdə vətəndaşlarda dövlət orqanlarına qarşı inamsızlığın yaradılmasına xidmət edən proqramlar və verişlər yayımlanır: 

"2019-cu il noyabr ayından 2020-ci ilin yanvar ayınadək Nərmin Quliyeva ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müxtəlif məlumatların yayılması buna misal ola bilər. Bu hadisə nəticəsində bir daha əmin olduq ki, lazımsız məlumatların efirdən səslənməsi xoşagəlməz halların baş verməsinə səbəb olur. Eyni zamanda bəzi verlişlərdə milli qanunvericilik və Azərbaycan Respublikası qoşulduğu beynəlxalq konvensiyaların müddəaları pozulur (xüsusilə də BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası). Ailə, qadın və uşaq hüquqlarının müdafiəsini özünə əsas mövzu kimi seçən verlişlərdə aparıcılar psixoloq və ya sosial işçi kimi müraciət qaydasını, qaldırılan mövzuların vətəndaşa mənfi təsiri nəzərə alaraq məsələyə həssaslıqla yanaşmalıdır. Çox təəssüf ki, praktikada verliş aparıcıları qaldırılan mövzuları düzgün açıqlamırlar, dəvət edilən vətəndaşların, xüsusilə də uşaqların maraqlarını və hüquqlarını pozurlar”. 

Maraqlıdır, bu cür yanaşma doğrudurmu? Bu informasiya azadlığına qarşı addım deyilmi? 

Hüquqşünas Ələsgər Məmmədli məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində, bu istiqamət yanlışdır.

Əgər komitə KİV-in fəaliyyətində hansısa qeyri-peşəkar və uşaqların inkişafına, mənafeyinə zərər verən informasiyaların yayıldığını görürsə, onun müraciət edəcəyi yer Milli Teleradio Şurasıdır:

"Çünki dövlətin  bununla bağlı nəzarət mexanizmi mövcuddur. Ümumi şəkildə kütləvi informasiya vasitələrini bu formada ittiham etmək olmaz. Çünki Azərbaycanda medianın özünütənzimləmə qurumu var. Əgər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hansısa formada, hansısa media orqanı ilə bağlı konkret fakt üzrə narazılığı varsa, Mətbuat Şurasına hadisənin etik standartlara uyğun olub-olmadığına dair müraciət edə bilər. Müraciət etmədən birbaşa medianı hədəfə almaq, informasiyaların yayılmamasını istəmək ifadə azadlığına qarşı yönələn bir addımdır. Bir tərəfdən faydalı olmaq istərkən, digər tərəfdən daha zərərli addım atılır. Azyaşlıların mənafeyi təbii ki, qorunmalıdır, amma istənilən halda hansısa xoşagəlməz hadisə baş verən zaman, ölüm faktı qeydə alınanda media bundan yazacaq. Hətta peşəkar şəkildə müxtəlif aspektlərdən yanaşa da bilər. Amma heç bir halda yazanlar konkret olaraq ittiham edilə bilməz. Komitənin hansısa formada qadağa tətbiq etməsi düzgün deyil”. 

Ələsgər Məmmədli qeyd edib ki, Konstitusiyanın 47-ci maddəsinə əsasən, ifadə azadlığı var: 

"Eyni zamanda Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi var. Biz çalışmalıyıq ki, Azərbaycanda ifadə azadlığının üstünlüyünü qoruyaq. O cümlədən, Dövlət Komitəsi bu cür bəyanatlar verərkən əgər varsa, çox aydın faktlara istinad etməlidir, ümumi medianı günahlandıran ifadələrdən yayınmalıdır. Hazırda verilən bəyanat kiayət qədər ittihamedicidir, medianı qaralayır. Nərmin məsələsinə gəldikdə isə KİV tərəfindən bunun yayılması təbiidir. Əlbəttə ki, ailəsi mediadan yardım istəyirsə, media bunu yayacaq. Əgər onun araşdırmasında hansısa şübhələr varsa, media yenə bunu araşdıracaq. Baş verən hadisə hüquqidir, burada da media azyaşlıların qorunması prinsipini əsas gətirib bəzi məsələləri nəzərə alaraq ictimai əhəmiyyət daşıyan informasiyaların yayılmasını təmin edəcək. Medianın birinci vəzifəsi məlumatlandırmadır. İctimai nəzarət prosesi düzgün getmədikdə bu prosesləri nəzarət altına almalıdır. Gündəmdə qalmalıdır və bu, heç kimi narahat etməməlidir”. 

Səyad Həsənli 





Həftənin ən çox oxunanları