Yuxarı

Yol Polisi sosial şəbəkədəki bütün videoları araşdırırmış: "Mətbuat çox tələsir"

Yol Polisi sosial şəbəkədəki bütün videoları araşdırırmış:

Yol Polisi sosial şəbəkədəki bütün videoları araşdırırmış: "Mətbuat çox tələsir"

Son zamanlar xüsusilə, gənclər arasında geniş istifadə olunan "Tik-Tok"da  sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı görüntülər paylaşılıb. 

Bu videogörüntü daha sonra digər sosial şəbəkələrdə də yayılmağa başlayıb.

Nəticədə Rusiya Federasiyasında qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayda pozan sürücü bir anda diqqət mərkəzinə düşüb. 

Maraqlıdır, Dövlət Yol Polisi sosial şəbəkələrə nəzarət edib bu cür faktları niyə araşdırmır? Əgər araşdırırsa, niyə ictimaiyyətə məlumat verilmir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən  Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev bildirib ki, yol-nəqliyyat hadisələri ilə bağlı paylaşımlar yol polisi tərəfindən nəzarətdə saxlanılır, sadəcə araşdırmanın nəticələri əldə olunmadan ictimaiyyətə informasiya vermək mümkün olmur:

"Bu məsələ ilə bağlı polis tərəfindən araşdırmalara başlanıb. Sözsüz ki, araşdırmanın nəticəsinə uyğun müvafiq qərar qəbul ediləcək. Bəlkə də artıq o sürücü inzibati məsuliyyətə cəlb edilib. Amma Vaqif Əsədovun da bununla bağlı məlumat verməsi ondan xəbər verir ki, sosial şəbəkələrdə nümayiş etdirilən hər hansı qayda pozuntusu varsa, onlar diqqətdən kənarda qalmır və müvafiq araşdırma aparılaraq tədbir görülür. Araşdırma 5-3 dəqiqəyə bitəcək bir proses deyil. İstənilən halda araşdırmanın içində tələb olunan müəyyən müddət var. Bu müddət ərzində araşdırılır. Bugünədək sosial şəbəkələrdə yayılan hər hansı məlumat olubsa, bununla bağlı biz əvvəldən araşdırma aparılmasını desək də, vaxta görə nəticənin əldə olunması günün sonunda və ya 1-2 günə mümkün olub. Buna baxmayaraq, istənilən halda nəticə barədə məlumat verilir. Daha yaxşı olar ki, kimsə qayda pozuntusu ilə bağlı məlumat əldə edən zaman dərhal polisi məlumatlandırsın”.

Kamran Əliyev qeyd edib ki, bütün şəxslər haqqında hansı tədbirlərin görülməsi ilə bağlı mətbuata informasiya ötürmək mümkün deyil:

"Biz konkret olaraq sosial şəbəkələrdə yayılmış, ictimaiyyət üçün maraqlı olan məsələləri ötürə bilərik. Bəlkə 1 milyon yarımdan çox sürücü var, bu sürücülərlə bağlı hansısa inzibati tədbir görüldüyünü yaya bilmərik. Hər bir hadisə ilə bağlı mətbuata dərhal informasiya verməyə nə ehtiyac var? Bu, hadisədir, baş verib. Mətbuat daha çox marağındadır ki, hadisə ilə bağlı dərhal məlumat versin, amma nəzərə alınmalıdır ki, hansısa rəsmi hüquq-mühafizə orqanı məlumat verirsə, ətraflı, müfəssəl məlumat verməlidir. Nəqliyyat vasitəsini idarə edən kimdir, yaralananların şəxsiyyəti bilinməlidir. Mətbuat bəzən çox tələsir. Həlak olmuş insanın şəxsiyyətini müəyyənləşdirmək çətin olur. Biz onu dəqiqləşdirməmiş informasiya verə bilmirik. Bəzən olur ki, xəsarət alan şəxs 4-5 saat şokda olur, xəsarətlə bağlı ondan informasiya almaq mümkün olmur. Ona görə də ictimaiyyətə çatdırılmır. Maddi zərərlə nəticələnən hadisələr çox zaman elə də maraq doğurmur, gündə 5-10 elə hadisə ola bilər, amma ağır yol-nəqliyyat hadisələrində Baş Dövlət Yol Polisinin "İnstagram” səhifəsində, həmçinin bizim internet səhifələrimizdə məlumat yerləşdirilir”. 

Səyad Həsənli





Həftənin ən çox oxunanları