Yuxarı

Təhsilin çoxsaylı problemləri: Yeni nazir nədən başlayacaq?

Təhsilin çoxsaylı problemləri: Yeni nazir nədən başlayacaq?

Təhsilin çoxsaylı problemləri: Yeni nazir nədən başlayacaq?

Yeni təhsil nazirinin təyin olunması ilə Azərbaycanda təhsilin inkişafında yeni mərhələdən danışılmağa başlanılıb.

Başqa sözlə ifadə etsək, bu sahənin dirçələcəyi ilə bağlı yenidən ümidlər yaranıb.

Təhsil sahəsində kök salmış problemlərin həlli üçün yeni rəhbərliyin atmalı olduğu əsas addımlar hansılardır?Nədən başlanılmalı, ilk növbədə hansı addımlar atılmalıdır?

"Biliklərinin qiymətləndirilməsi mexanizmləri təkmilləşdirilməlidir”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan təhsilində islahatlar 2013-cü ildən etibarən intensivləşib:

"Olimpiada Mərkəzləri yaradıldı, müəllimlərin, məktəb direktorlarının işə qəbulu imtahan yolu ilə həyata keçirilməyə başlandı. Təhsilin İnkişafı üzrə dövlət strategiyası sənədi qəbul olundu və həmin sənədin icrası davam edir”.

Millət vəkili hesab edir ki, ilk növbədə təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə ciddi ehtiyac var:

"Bu təhsilin keyfiyyətinin qiymətəndirilməsində yeni mərhələnin başlanğıcı ola bilər. Mütəmadi olaraq müəllimlərin biliklərinin qiymətləndirilməsi mexanizmləri təkmilləşdirilməlidir.Dərsliklərdəki qüsurların aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir.Son dövrlər məktəb rəhbərliyinin təyinatında ciddi qüsurlara yol verilib.Bunlar təcili aradan qaldırılmalıdır.Repetitor xidmətinə son qoyulmalıdır.Repetitorluq məktəblərdə ayrı-seçkiliyin dərinləşməsinə və sosiallaşma prosesinə amansız zərbələr vurur”.

"Distant təhsilə hazır deyilik”

Etibar Əliyevin fikrincə, pandemiya göstərib ki, Azərbaycan təhsil müəssisələri distant təhsilə demək olar ki, hazır deyil:

"UNEC, ADA universiteti istisna olmaqla ali məktəblər buna hazır deyildi. Distant təhsilin ənənəvi təhsili tamamlaması və təhsilin fasiləsizliyinin qorunması istiqamətində ciddi işlər görülməlidir. Kollec təhsilinin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu təhsil müəssisələri ali məktəblərin nəzdinə verilib. Lakin buna baxmayaraq kollec təhsilinin normal şəkildə tanınması istiqamətində qüsurlar mövcuddur.Bunu tezliklə aradan qaldırmaq lazımdır. Ali məktəblərdə "beyin mərkəzləri”nin yaradılması olduqca vacib məsələdir. Təhsilin keyfiyyəti, dəyişən paradiqmalar, sağlam təhsil mühitinin yaradılması, dialoq mühitinin yaradılması istiqamətində ciddi addımlar atılmalıdır”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Musa Qasımlı hesab edir ki, hazırda müasir məktəblərin tikintisi və onların maddi-texniki təchizat məsələləri öz həllini tapıb. O, "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, indi əsas məsələ müasir və təhcizatlı məktəblərdə təhsilin keyfiyyətinin artırılmasıdır:

"Təhsilin keyfiyyətinin yaxşılaşdırılması kadr, dərslik və dərs vəsaitlərinin qaydasında olmasından asılıdır. Təhsildə keyfiyyətinin yaxşılaşdırılması özü ilə bərabər bir çox digər məsələlərin də müasir səviyyədə qurulmasını tələb edir”

Deputat hazırda ən ucqar məktəblərimizdə də internetin mövcud olduğunu deyib.

Ali məktəblərdə təhsilə gəlincə, Musa Qasımlı bu istiqamətdə də böyük irəliləyişlərin müşahidə olunduğunu deyib.

Qeyd edib ki, ölkəmizdə bir sıra qabaqcıl universitetlərin filialları qurulub, Azərbaycan-Fransız Universiteti yaradılıb.Bunlar da təhsilin inkişaf etdiyini göstərir. Professor gənclərin xarici ölkələrdə və qabaqcıl universitetlərdə təhsil almasının da önəmindən danışıb:

"Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə xaricə azərbaycanlı gənclər təhsil almağa göndərilib. Onların bir hissəsi xarici ölkələrdə qalsalar belə, onlar Azərbaycanın adıdır”.

Millət vəkili, peşə təhsili sahəsinin inkişafının da vacib olduğunu deyib:

"Bir sıra peşələr bizim ölkəmizin iqtisadiyyatında gərəkli olacaq. Gənclərimiz bir qismi - ali məktəblərə qəbul ola bilməyənlər də həmin peşələrə yiyələnməlidirlər. Ona görə də rayonlarda peşə məktəbləri açılır və hər bir rayonun iqtisadiyyatına uyğun olaraq ixtisaslar verir”.

Onun sözlərinə görə, bütövlükdə Təhsil Nazirliyi Prezidentin tövsiyələrini dəqiq yerinə yetirərsə, təhsildə tamamilə yeni bir keyfiyyət mərhələsi başlanılacaq”.

Təhsil eksperti Kamran Əsədov "Cümhuriyət” qəzetinə açıqlamasında hazırda Azərbaycanda təhsil sisteminə inamın olmadığını bildirib:

"Orta və ali məktəblərdə baş verən neqativ hallar, idarəetmədəki boşluqlar, vətəndaşların müraciətlərinə vaxtlı-vaxtında baxılmaması, dərsliklərdəki problemlər vətəndaşların bu sistemə inamını aşağı salıb. Yeni nazirə ümidlər ona görə çoxdur ki, Emin Əmrullayev həm gəncdir, həm xarici ölkədə təhsil alıb, eyni zamanda ictimaiyyətə açıq bir adamdır.Ona görə də cəmiyyətdə inam yaranıb.Ümumiyyətlə təhsil elə bir sahədir ki, orada birdən-birə dizayn verib hər şeyi yaxşıya doğru dəyişmək mümkün deyil.Burada baş verən böyük dəyişikliklər özləri ilə ciddi problemlər də yarada bilir.İlk növbədə islahatları həyata keçirmək üçün kadr potensialı olmalıdır. Etiraf etmək lazımdır ki, hazırda bununla bağlı Azərbaycanda ciddi problemlər var. Məhz ona görədir ki, hazırda vəzifəyə təyin olunan gənc kadrlar Azərbaycan ali təhsil müəssisələrinin kadrları deyil. Azərbaycan ali təhsil müəssisələrinin elə məzunları var ki, onlar doktorantura pilləsinə qədər bitiriblər, amma vəzifəyə təyin olunan zaman xaricdə bakalavr səviyyəsini bitirənlərə üstünlük verilir. Bu o deməkdir ki, Azərbaycan ali təhsil müəssisələri kadr hazırlığını təmin etmək imkanında deyil”.

Kamran Əsədov deyir ki, bu baxımdan da islahatlar ilk növbədə bu istiqamətdə aparılmalıdır:

"Ölkənin 50 -dən artıq ali təhsil müəssisəsi var, amma onların adı dünyanın reytinq cədvəllərində yoxdur. Azərbaycan məktəblərində dərslik problemi var.Dərsliklərimiz şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun deyil.Orta ümümtəhsil məktəblərində müəllimlərin bilik və bacarıqları kifayət qədər deyil.Rüşvət və korrupsiyaya görə tutulan icra başçıları var, onlarla bağlı bir məqam üzə çıxdı ki, məktəblər həmin icra başçılarına pul verir və buna görə pul yığırlar.Amma buna görə məktəb direktorlarına qarşı hər hansı tədbirin görülməsinin şahidi olmadıq”.

"Vətəndaş müraciətlərinə vaxtında və çevik cavab verilməlidir”

Ekspert qeyd edir ki, orta ümumtəhsil məktəblərində əsassız pul yığımları var:

"Bu halların qarşısının alınması istiqamətində uğurlu addım gözləyirik, Azərbaycan ali məktəblərlərinə xaricdən gələn tələbələrin sayında artım olmalı, bu sahədə ciddi iş aparılmalıdır. Vətəndaş müraciətlərinə vaxtında və çevik cavab verilməlidir.İnanıram ki, yeni nazir problemləri görür və bilir və bu sahələrdə işlər aparacaq.Mən daha çox istərdim ki, yeni nazir məktəblərə, universitetlərə getsin, sinif və auditoriyalarda gedən prosesin birbaşa şahidi olsun.

Doğrudur, on il ərzində 3500-dən artıq məktəb binası tikilib və ya tam şəkildə bərpa olunub, amma qəzalı vəziyyətdə olan məktəblər də var. Bu məktəblərə xüsusilə diqqət yetirmək lazımdır. Müəllimlərin sosial vəziyyəti yaxşılaşdırılmalıdır, xüsusən regionlara gedən gənc müəllimlərimizlə bağlı həvəsləndirici tədbirlər görülməlidir.Bu istiqmətdə işlər aparılarsa, hesab edirəm ki, yeni nazir müsbət istiqamətdə işlər aparacaq”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları