Yuxarı

Su qıtlığı iqtisadi problemlər yaradacaq:"Gələcək nəsillərə "gün ağlamadıq”

Su qıtlığı iqtisadi problemlər yaradacaq:

Su qıtlığı iqtisadi problemlər yaradacaq:


Kür çayında suyun miqdarının əhəmiyyətli dərəcədə azalması ilə ölkəmizdə su çatışmazlığı kritik həddə çatıb.

Bu da məlum olduğu kimi, çay ətrafı rayonlarda sakinlərin susuzluqdan əziyyət çəkməsinə, əkin sahələlərinin, canlı təbiətin məhv olma təhlükəsilə üzləşməsinə səbəb olub.

Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən az su ehtiyatlarına malik ölkə sayılır. Azərbaycan ərazisinin 60 faizi quraq, 40 faizi yarımquraq ərazilər hesab olunur.

Şirin suya olan təlabatının cəmi 30 faizi daxili su ehtiyatlarının hesabına, qalan 70%-i isə transsərhəd çayların hesabına formalaşır.

Cənubi Qafqazda ümumi şirin su ehtiyatlarına gəldikdə isə, onun 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, yalnız 10%-i Azərbaycanın payına düşür. Bunun əsas səbəbi isə transsərhəd Araz və Kür çaylarının su ehtiyatının beş həmsərhəd dövlət - Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Ermənistan arasında bölünməsi məsələsinin hüquqi baxımdan tənzimlənməməsidir.

Bu da qonşu ölkələrin çayların üzərində su istehlakını artırması, çayın üzərində yeni bənd, hidrostansiya və su anbarları inşa etməsinə şərait yaradır.

Transsərhəd çaylarında su ehtiyatlarının bölünməsi ilə bağlı hər hansı tənzimləmənin olmaması Azərbaycanı gələcəkdə daha çətin durumlara gətirib çıxara bilər. Onu da əlavə edək ki, Azərbaycanın yeraltı su qaynaqları da zəngin deyil və bərabər paylanmayıb.

Yaranmış durum əhalinin və canlı təbiətin su çatışmazlığından əziyyət çəkməsi ilə yanaşı ölkə iqtisadiyyatı üçün də ciddi təhdidlər yaradır.

Məlumdur ki, ölkəmizdə elektrik enerjisi istehsalının əhəmiyyətli hissəsi su elektrik stansiyalarında hasil olunur. Su qıtlığı enerji istehsalına necə təsir edə bilər? Bu durum yaxın gələcəkdə ölkəmizi elektrik enerjisi idxalından asılı vəziyyətə sala bilərmi?

Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, su qıtlığının yaranması nəinki enerji istehsalına, həmçinin bütünlüklə Azərbaycan iqtisadiyyatına zərbədir: "Azərbaycan iqtisadiyyatına bunun qədər təsir edən ikinci amil yoxdur. Bütün dünyada böyük su çatışmazlığı təhlükəsi var. Azərbaycanda su çatışmazlığı yaşanan ölkələrin siyahısındadır. Bizim ən böyük bədbəxtçiliyimiz respublikamızda böyük su itkisinin olmasıdır. Respublikamızda 40 faiz su itkisi var. Mingəçevir, Şəmkir su anbarlarının, Yuxarı Qarabağ, Muğan, Mil kanallarının heç biri betonlanmayıb. Bu böyük itkiyə səbəb olmaqla yanaşı həm də torpaqları şoranlaşdırır. Azərbaycanda çoxlu kiçik çaylar var, onlar daşması da su itkisidir. Vaxtilə mən onların üzərində su anbarlarının tikilməsi ilə bağlı proqram hazırlayıb, dövlətə təqdim etmişəm. Su enerji istehsalının onurğa sütunudur, ondan düzgün istifadə etmək lazımdır. Biz isə suyu çox israfçı formada işlədirik. Su anbarları zillənib, dolub. Vaxtilə Sovet dövründə ən böyük su tədqiqat institutları Azərbaycanda idi, onlar ləğv olundu”.

Fəqan Əliyev bildirir ki, su qıtlığı Azərbaycanı böyük iqtisadi sıxıntıya salacaq: "Biz vaxtında neft gəlirlərindən istifadə edib, Azərbaycanda su təsərüffatını, eləcə də alternativ, bərpa olunan enerji məsələlərini yoluna qoymadıq. Biz gələcək nəsillərə "gün ağlamadıq”. Heç olmasa kaş ki, indi buna başlanılardı. Qafqazda Gürcüstanın suyu çoxdur, Azərbaycanda və Ermənistanda su azdır. Ermənilər də bizi su ilə, su anbarlarımızı vurmaqla şantaj edirlər. Belə olan şəraitdə bir ölkədəki 30-40 faiz su məsrəfi var, vəziyyət göz qabağındadır. İsrail kimi suyu olmayan bir dövlət müxtəlif texnologiyalardan istifadə edir. İqlim şəraiti ağır olan ölkələrin təcrübələrindən yararlanmalıyıq. Bizim gözəl iqlimimiz - çoxlu kiçik çaylarımız var. Sovet dövründə bildirilirdi ki, kiçik çaylardan 5 milyard kvt/saat enerji əldə etmək olar. Amma Norveç alimləri burda layihə keçirərək, bildirdilər ki, bu enerji 40 milyard kvt/saat-a bərabər ola bilər. Amma heç də istiqmətdə işlər getmədi”.

Fəqan Əliyev vəziyyətdən çıxış yollarının olduğunu, müxtəlif layihələrin hazırlandığını dedi: "Biz Ekoenergetika Akademiyası olaraq, Xınalıqda, kiçik çaylarda layihələr həyata keçirmişik. Mən enerji qanunu, alternativ bərpa olunan enerji qanunu layihələrini işləmişəm. Gələcək nəsil deməsin ki, bizim haqqımızda fikirləşməyiblər. Mən həqiqətən bunu fikirləşmişəm. Hələ 90-cı illərdə Azərbaycanın energetika proqramını işləyib, dövlətə təqdim etmişəm. Amma bunların heç biri həyata keçmədi. Alternativ, Bərpa olunan Enerji üzrə Agentlik yaradıldı, milyonlarla vəsait xərcləndi, amma effekti olmadı. Nə demək olar, bu vəziyyətdə Allah köməyimiz olsun”.
Xatirə Nəsirova