Yuxarı

Aşağı Güzdək sakinləri Prezidentə müraciət etdi: İcra Hakimiyyəti su problemini həll etmir- FOTOLAR

Aşağı Güzdək sakinləri Prezidentə müraciət etdi: İcra Hakimiyyəti su problemini həll etmir- FOTOLAR


Aşağı Güzdək sakinləri Prezidentə müraciət etdi: İcra Hakimiyyəti su problemini həll etmir- FOTOLAR

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində su tapılmır

Çarəsiz qalan sakinlər üzləşdikləri problemə etiraz olaraq avqustun 7-də Başkı-Şamaxı yolunu bağlayaraq etiraz aksiyası da keçirib.

Lakin hələ də qəsəbənin su təminatında müsbət dəyişiklik olmadığından, sakinlər Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzeti vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmək qərarına gəlib. Müraciəti 100-dən artıq şəxs imzalayıb. Aşağı Güzdəkdə yaşayanlar onu da bildiriblər ki, Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevin parlamentdə məmurları tənqid edən çıxışından sonra üzləşdikləri çətinliyi mətbuat vasitəsilə ictimailəşdirməyi vacib hesab ediblər.

Sakinlər Abşeron rayon İcra Hakimiyyətinin insanlara laqeyd və məsuliyyətsiz münasibəti ilə üzləşdiklərini bildiriblər.

Müraciətdə qeyd edilir ki, 10 illərdir Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi susuzluqdan əziyyət çəkir. Qəsəbənin mərkəzindəki bəzi məhəllələrdə içməli su qismən və məhdudiyyətlərlə verilir. Ancaq qəsəbənin yeni salınmış massivinə su verilmir. 500-dən artıq tiklinin olmasına və 3 minə yaxın insanın yaşamasına baxmayaraq, əhali su ilə təmin edilməyib.

"Diqqətinizə çatdıraq ki, qəsəbə 3 ciddi su mənbəyi ilə əhatəlidir. Bildiyiniz kimi, qəsəbədə yerləşən Aşağı Güzdək dəmiryol stansiyası Ceyranbatan su hövzəsi ilə həmsərhəddir və oradan qəsəbənin yeni massivinə su xətti çəkmək imkanları var. Qəsəbənin digər yanından Sumqayıtdan Müşfiqabad qəsəbəsinə çəkilən "Şollar” ana su xətti keçir və bu xəttə su təzyiqi çox güclüdür. Oğuz-Qəbələ su xətti də Qəsəbənin girişindən keçir.

Cənab Prezident! Bütün bu imkanlar fonunda yüz dəfələrlə Abşeron rayon İcra Hakimiyyətinə, "Azərsu”ya, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, onların regional idarələrinə müraciət olunsa da, hər dəfə müxtəlif bəhanələrlə qəsəbəyə normal su xətti çəkilməyib. Baxmayaraq ki, ölkə Prezidenti səviyyəsində Bakı və Bakıətrafı kənd və qəsəbələrin su təminatı haqda göstərişlər verilib. Ancaq təəssüf ki, icra olunmayıb. 500-dək ailə hər ay içməli su almaq üçün onsuz da kasıb olan ailə büdcəsindən 100-120 manat xərcləməli olur. Çünki 7-8 tonluq su tutumu olan maşınlar suyu regional su idarələrindən satın alıb, bizə 35-40 manata satırlar.

Möhtərəm Prezident! Aşağı Güzdək qəsəbəsi "20 Yanvar” metrostansiyasından 15 km-lik məsafədə yerləşir. Bakı şəhərinə bu qədər yaxın məsafədə yerləşən yaşayış məskənində heç bir su təminatının olmaması acınacaqlı olduğu qədər, həm də məmur məsuliyyətsizliyinin nəticəsidir. Bugünlərdə Sizin yenidən su təminatı ilə bağlı müşavirə keçirməyiniz yenidən bizlərə umid verdi. Qəsəbənin yeni massivində məskunlaşan 3 minədək insanın adından Sizdən xahiş edirik ki, mövcud su mənbələrindən əraziyə su xəttinin çəkilməsi üçün göstəriş verəsiniz”.

Lakin Aşağı Güzdəyin problemləri bununla bitmir. Sakinlərin yazdığına görə, qəsəbədə telekommunikasiya xətləri mövcud olmadığından, internet də yoxdur. Bu səbəbdən pandemiya dövründə şagirdlər virtual təhsil imkanından məhrum olub.

Bundan başqa, qəsəbənin yeni massivində yol infrastrukturu demək olar ki, yox dərəcəsindədir.

"Bir neçə dəfə palçıq və bataqlıqdan qurtulmaq üçün yerli əhali öz ailə büdcəsindən pul ayıraraq yola qum və çınqıl tökdürüb. Ancaq müəyyən zaman kəsimindən sonra yol yenə də palçıq mənbəyinə çevrilir. Nəticədə buradan alınan gilli palçıq Bakı-Şamaxı şosesini bərbad hala salır.

Cənab Prezident! Bu insanların ümidi yalnız Sizədir və inanırıq ki, bu müraciət sizin diqqətinizə çatandan sonra bu yöndə konkret göstərişlər veriləcək”,-deyə sakinlər qeyd edib.
Müşfiq Abdulla 








Həftənin ən çox oxunanları