Yuxarı

Azərbaycan-Türkiyə media platforması: Birgə hərbi təlimdən birgə informasiya siyasətinə - RƏYLƏR

Azərbaycan-Türkiyə media platforması: Birgə hərbi təlimdən birgə informasiya siyasətinə - RƏYLƏR

Azərbaycan-Türkiyə media platforması: Birgə hərbi təlimdən birgə informasiya siyasətinə - RƏYLƏR

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və onu təmsil edən nümayəndə heyəti İstanbulda səfərdədir. H.Hacıyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımovdan ibarət nümayəndə ötən gün Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və bir sıra dövlət, media qurumlarının rəhbər şəxsləri ilə, bu gün isə beynəlxalq media qurumlarının nümayəndələri ilə müzakirələr aparıblar. Məqsəd Azərbaycanla Türkiyə arasında birgə media platformasını yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir. H. Hacıyevin bu gün ümumilikdə daha 6 görüşü nəzərdə tutulub.

Beləliklə, Türkiyə və Azərbaycan prezidentləri tərəfindən açıq səsləndirilən "Hər zaman bir-birimizin yanındayıq” mesajlarından sonra iki ölkə mediasının birgə hərəkət, platforma və taktiki əmkdaşlığı gündəmə gəlib. Bu isə Azərbaycan mətbuatı tərəfindən yüksək dəyərləndirilir.

Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanovun fikrincə, istər televiziyalarımız, istər onlayn, istərsə də çap mediamız bu səfərin nəticələrindən bəhrələnəcək:

"Bu səfəri müsbət, münasibətlərin və əlaqələrin nəzəriyyədən praktikaya keçməsi kimi qiymətləndirirəm. Səfərlə bağlı informasiyaları izlədim. Çox önəmli məsələlərə toxunulub. Türkiyə-Azərbaycan Media Platforması günümüzün tələbi idi. Hesab edirəm ki, istər media quruluşlarımız arasında təcrübə mübadiləsi, istərsə də jurnalist mübadiləsi ilə bağlı razılaşmalar çox önəmlidir. Amma şəxsən xüsusi önəm verdiyim və mənə daha çox maraqlı gələn ölkələrimizə qarşı "qara piar" aparılması ilə bağlı birgə mübarizə səylərimizin sistemli formada təşkili məsələsi oldu. Doğrudan da çox vacib məsələdir və uğurlu formatdır. Etiraf edək ki, qaldırılan və müzakirə olunan məsələlərdə Türkiyə mediası bizdən çox öndədir. Ona görə də onların təcrübələrindən, dünyaya çıxış imkanlarından faydalanmaq gərəkli addımdır. Hikmət Hacıyevin də bu baxışı çox doğrudur və nəticəsini tezliklə hiss edəcəyimiz yaradıcı yanaşmadır. Bu əməkdaşlıq eyni zamanda Türkiyənin də dünyanın informasiya sistemində mövqelərini möhkəmləndirmək baxımından əhəmiyyətli olacaq. Xüsusən beynəlxalq və regional məsələlərdə iki ölkənin mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq. O baxımdan bu səfərə çox müsbət yanaşıram”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bu səfəri yüksək dəyərləndirib. Bildirib ki, media sahəsindəki əməkdaşlığın səviyyəsini də siyasi, iqtisadi, hərbi müstəvidəki strateji əməkdaşlıq müstəvisinə qaldırmaq lazımdır:

"Azərbaycanla Türkiyə, bütövlükdə isə türk dövlətləri və topluluqlarının media sektorları arasındakı əlaqələrin inkişafı, vahid platformada təmsilçilik istiqamətində jurnalistlər arasında cəhdlər hər zaman olub. Yanılmıramsa, 2008-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olduğumuz zaman həmkarlarım Rauf Arifoğlu, Elçin Şıxlı, Akif Aşırlı və digərləri ilə birlikdə Türkiyə və ŞKTR-in media təmsilçiləri ilə ortaq media platforması ilə bağlı bir anlaşma imzalamışdıq. Sonradan bu anlaşmanın irəliyə aparılmasına bütün müsbət təşəbbüsləri mənimsəyib onlardan öz maraqları üçün istifadə edən, bütün milli ideyaların formal xarakter daşımasına çalışan bəlli qütbün, yaxud qütblərin nüfuz müvəkkilləri maneə yaratdılar. Müəyyən bir zaman kəsiyindən sonra, başqa bir formatda media platforması yaradıldı. Azərbaycanda, Türkiyədə, Qırğızıstanda, Kiprdə bir neçə tədbir keçirildi. Lakin Türkiyədə FETÖ-nun dövlət çevrilişinə hərbi cəhdindən sonra proses dayandı. Həmin dövrdə də hansısa maraqlar, gizli əllər bu platformanın formal xarakter daşımasına, sözçülükdən uzağa getməməsinə, praktik müstəviyə keçməməsinə çalışırdılar. Toplantılar, tədbirlər keçirilirdi, amma ortalığa nəticə çıxmırdı. Eyni hədəflərə vura biləcək sıx əməkdaşlıq və inteqrasiya mexanizmləri yaradılmırdı. Baxmayaraq ki, bununla bağlı Türkiyə Baş nazirinin yanındakı Mətbuat və İnformasiya İdarəsinin nəzdində katiblik də yaradılmışdı, hətta ortaq internet saytı da fəaliyyət göstərirdi. Səbəb isə qənaətimə görə, bu mühüm ideyanı nəzarətdə saxlamaq və formal xarakter daşımasını təmin etmək idi. İdeyanın alt yapısı qurulmamış sərhədlər məqsədyönlü şəkildə genişləndirilirdi ki, nəticə əldə olunmasın”.

Elçin Mirzəbəyli hesab edir ki, Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin prosesin Azərbaycan-Türkiyə media platformu üzərindən həyata keçirilməsi istiqamətində təşəbbüsləri real nəticə əldə etmək üçün ən doğru yanaşmadır:

"Mümkün olandan başlamaq lazımdır. Bu, son nəticədə vahid milli ideoloji hədəflərə xidmət etsə belə, praqmatik yanaşmadır və effektiv nəticə verəcəyinə ümid bəsləyirəm”.

"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzinin sözlərinə görə, sözügedən əməkdaşlıq Azərbaycan və Türkiyə media platformaları arasında informasiya, təcrübə mübadiləsi ola bilər:

"Bu görüşdə müzakirə olunan məsələlərin detallarını, təbii ki, bilmirik. Ancaq media platformasında əməkdaşlığın nə demək olduğu məlumdur. Bu, Türkiyə mediası vasitəsilə həm Türkiyə cəmiyyətinə xitab etməmiz, həm dünya mətbuatına buradan keçməklə çıxış əldə etmək baxımndan maraqlı ola bilər. Türkiyə mediasının xəbər mənbələri daha geniş əhatəlidir. Bu baxımdan, bir sıra məlumatlar sinxron və ya qısa aralıqla bizə və ya əksinə verilə bilər. Türk mediası bizdən xeyli qabaqdadır. Bunun səbəbləri də məlumdur. Yəni öyrənəcəyimiz, hər halda öyrənməli olduğumuz çox şey var. Bu məsələlər əvvəllər də çox müzakirə olunub. Ancaq düşünürəm ki, bu dəfə də növbəti bir görüş xatirinə olmamalıdır. Bir məsələ var ki, bu günə qədər Türkiyə ilə bütün siyasi məsələlərdə unison hərəkət etmişik. Ancaq indi bölgədəki yeni reallıqlar eyni sinxronluğu hərbi sahəyə də daşımaq zərurəti yaradıb. Bu üzdən gələcəkdə ola biləcək hansısa birgə hərbi aksiyalara informasiya dəstəyini mütləq koordinasiya etmək lazım olacaq. Çox güman ki, müzakirələrdə bunlar da var. Bizim Türkiyə ilə birgə təlimlərimizə informasiya dəstəyi bu baxımdan ilk məşqlərimiz ola bilər. Ordular birgə təlim keçdiyi kimi mülki xidmətlər də birgə işləməyi öyrənməlidir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları