Yuxarı

Lombardlarda devalvasiya həyəcanı: qanunsuz tələblər

Lombardlarda devalvasiya həyəcanı: qanunsuz tələblər

lombardNoyabrın 1-də keçiriləcək parlament seçkilərindən sonra ölkədə təkrar devalvasiyanın gözlənilməsi barədə xəbərlər bank sektoru kimi lombardlara da təsirsiz ötüşməyib. Bank kreditindən gözü qorxan əhalinin üz tutduğu lombardların sayı paytaxtda günbəgün artsa da, onların əhaliyə xidmət səviyyəsi bununla tərs mütanəsiblik təşkil edir.

Lombardların adı tez-tez vətəndaşların girov qoyduğu qızılları mənimsəməkdə, faizlərin yüksək hesablanmasında, xəbərdarlıq edilmədən girovların satışa çıxarılmasında hallandırılır. İndi isə bütün bunların üzərinə daha bir problem əlavə edilib. Paytaxtdakı bəzi lombardlar devolvasiya gözləntisini əsas tutaraq müştərilərinə girov müqaviləsini təzələməyi tələb edirlər. Yeni müqavilələrdə manatla verilən ssudanın faizinin dolların kursuna görə hesablanacağına dair müddəanın yer alacağı bildirilir. Məsələn, paytaxtda bir neçə yerdə müştərilərə xidmət göstərən “El Lombard” belə bir tələb qoyub. Ancaq müştərilərin bəziləri bununla razılaşmayıb. Bununla bağlı “Cumhuriyət”ə məlumat verən müştərilər bildirib ki, devalvasiyanın ilk mərhələsində də belə tələb səsləndirilib: “O zaman ajiotaj idi, hamı dolların kursunun qalxacağından ehtiyat edirdi. Lombardda deyirdilər ki, külli miqdarda vəsait itirirlər. Amma axı onlar bizə krediti dollarla yox, manatla vermişdilər. Ola bilsin ki, özləri aldıqları krediti banklardan dollarla götürüb bizə manatla verdiklərinə görə ziyana düşmüşdülər. Amma bunun bədəlini biz ödəməməliyik, çünki biz manatla kredit götürmüşük. İndi də məsələni yenidən gündəmə gətiriblər”.

Ekspert: “Qanunsuz tələbdir”

İqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, lombardların bu tələbi tamamilə qanunsuzdur: “Verilən kredit borc alanın razılığı olmadan digər valyutaya çevrilə bilməz. Vətəndaşlar buna qəti etiraz etməlidir. Ümumən isə növbəti devalvasiya gözləntisi yalnız lombardlara xas deyil. Banklarda da bu gözlənti var. Vətəndaşla Lombard arasında bağlanan müqavilənin dəyişdirlməsindən imtina edildikdə vəsaitin geri ödənilməsi qanunsuz tələbdir. Kredit müddəti bitəndə qaytarılmalıdır, vətəndaşlar şikayət edəcəklərini bildirib bundan imtina etməlidirlər”.

“Qanun dilində danışanda qorxurlar”

İqtisadçı ekspertin sözlərinə görə, bu məsələ məhkəmə predmeti ola bilər: “Bir ay əvvəl bir taksi sürücüsü gəlmişdi. Lombard bir gün gecikməyə görə qızılı mənimsəmişdi. Əslində gecikmə olmamışdı, qeyri-iş günü olmasında istifadə edib qızlı götürmüşdülər. Mən ona başa saldım hər şeyi ki, gedib necə danışsın lombardla və qızılını tələb etsin. Dedim verməsələr, məhkəməyə verərik. Sürücü bunu lombard sahibinə bildirəndə o bundan çəkinmişdi və girovu geri qaytarmışdı. Lombardlarla qanun dilində danışanda qorxurlar”.

2 manatlıq lombard… Hazırda lombardların lisenziyasız fəaliyyət göstərdiyini deyən iqtisadçı onların nəzarətdən tamamilə kənar qaldığını bildirib: “Lombardların fəaliyyəti, bir qayda olaraq, qanunsuzdur. Onların əksəriyyətinin kapitalı gülünc məbləğ təşkiledir. Bu məbləğ bəzən 2 manat olur və 200 manatadək qalxır. Mən kiçik bir araşdırma apardım və bəzi lombardların nizamnamə kapitalını müəyən etdim. "AYSEL-LOMBARD" MMC – 2 manat; 2. "AVTOLOMBARD" MMC – 4 manat; 3. "LOMBARD FİNANS" MMC – 5 manat; 4. "LOMBARD İNVEST" MMC – 5 manat; 5. "E-LOMBARD" MMC – 10 manat; 6. "EXPRESS LOMBARD" MMC – 10 manat; 7. "LOMBARD KAPİTAL" MMC – 10 manat; 8. "LOMBARD RUZİ" MMC – 10 manat; 9. "QARANT LOMBARD" MMC – 10 manat; 10. "X-LOMBARD" MMC – 10 manat; 11. "EVROLOMBARD" MMC – 20 manat; 12. "LOMBARD HQ" MMC – 20 manat; 13. "LOMBARD-D" MMC – 20 manat; 14. "TAHİR-MAHİR LOMBARD" MMC – 20 manat; 15. "VAQİF LOMBARD" MMC – 20 manat; 16. "VENERA-LOMBARD" MMC – 20 manat; 17. "İDEAL LOMBARD" MMC – 20 manat; 18. "GÖY-GÖL LOMBARD" MMC – 40 manat; 19. "LOMBARD KREDİT" MMC – 100 manat; 20. "LOMBARD UNİON" – 100 manat; 21. “KAPİTAL-LOMBARD” MMC – 100 manat; 22. "LOMBARD SOZVEZDİYE" MMC – 200 manat; 23. " QOLD LOMBARD " MMC – 20000 manat; 24. "UĞUR LOMBARD" MMC – 35000 manat; Amma mən inanmıram ki, hətta kapitalı 35 min olan lombardın da verdiyi kreditlərin məbləği bu qədər olsun. Onlar bu məbləğdən qat-qat artıq kredit verirlər. Yəni birindən aşağı faiz dərəcəsi ilə borc alıb, digərinə yüksək faiz dərəcəsi ilə kredit verirlər. Başqa sözlə, əslində bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə, yəni cəlb edilmiş pul vəsaitləri hesabına kredit fəaliyyəti ilə məşğul olurlar. Bunun üçün onlar ən azı Mərkəzi Bankdan bank olmayan kredit təşkilatı kimi lisenziya almalı idilər. Mərkəzi Bank da onlara nəzarət etməli idi. Amma hazırda bu proses tənzimlənmir.Ümumiyyətlə isə lombardların fəaliyyətinə dair qanun, ən azı qaydalar qəbul edilməlidir”.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları