Yuxarı

Yuxu haqqında hər şey: Niyə kişilər yuxuda qadınları yox, daha çox kişiləri görür?

Yuxu haqqında hər şey: Niyə kişilər yuxuda qadınları yox, daha çox kişiləri görür?

Ziqmund Freydə görə, yuxu şüuraltı düşüncələrin, istəklərin yatarkən insanın gözləri qarşısından film kimi keçməsidir. Freyd qeyd edir ki, yuxu həm də şüuraltında olan istəklərin özünü reallaşdırmaq üçün yol axtarışıdır. Nəticədə bunlardan bəziləri yuxu formasına düşərək özlərini göstərirlər.

Günümüzdə də psixoloq və həkimlər öz pasientlərini yaxşı tanımaq və müalicə etmək üçün yuxularına önəm verirlər. Yuxu inanılmaz bir sürətlə inkişaf edir. Bir neçə dəqiqəlik yuxuda təəccüblü və dəyişik hadisələr biri-birini izləyir. Yuxuda zaman anlayışı yoxdur. Bu yalnız biz oyandıqdan sonra özümüzün təyin etdiyimiz zaman formasında ortaya çıxır. Lakin psixoloq Karl Qustav Yunq Freydin yuxuların gündəlik primitiv ehtiyacların forma dəyişməsi iddialarını rədd etdi. Yunqa görə, yuxuların funksiyası tamamlayıcı yox, tarazlayıcıdır. Yəni gündəlik həyatda özünü göstərə bilməyən insanlar yuxuda şüuraltında olduqları formada özlərini nümayiş etdirirlər. Bu, narahat olduğumuz məsələlər və çatışmayan tərəflərimizi qəbul edilməyə kömək olur.

İnsan yatarkən görə bilir?

1953-cü ildə yatmış insanın qapaqları altında sürətli göz hərəkətlərinin yuxu görməsiylə əlaqələndirilməsi bu sahə üzrə araşdırmalarda yeni dövr başladı. Həmin vaxta qədər yuxular qəribəliklərlə dolu, lazımsız hislər, istəklərdən ibarət və reallıqdan uzaq təcrübələr kimi xarakterizə olunurdu. Laboratoriya şəraitində yuxudan oyadılan (REM) bir şəxsin üzərində aparılan təcrübələrdən sonra məlum oldu ki, yuxular şüuraltı məhsul yox, məhz gündəlik adi hadisələrdən yaranan və bu mövzular ətrafında yaranan bir hadisədir. Maraqlıdır ki, adi otaq şəraitdə yuxudan oyadılanlarla müqayisədə REM yuxusundan oyadılanlar gördüklərinin hamısını yadda saxlayırlar. Yuxu görmədiklərini deyən adamlar əslində yuxu görürlər, bunlar yuxulara önəm verməyən tiplərdir. Normal şəraitdə yuxu görənlərin beyinləri 3 fərqli fəaliyyət səviyyəsində olur.

1960-cı illərdə yuxunun beyinin hiss, yaxud motivasiya hissələrinə yox, beyin sapının tənəffüslə bədən istiliyinin nizamlanması və ürək ritmi kimi avtomatik funksiyalardan məsul olan “pons” hissəsinə nəzarət etdiyi faktı üzə çıxarıldı. Bu, yuxunun istək və hisslərlə əlaqədar olmadığı iddiasını dəstəkləyir. Yəni yuxu Freydin nəzəriyyəsinin əksinə olaraq, beyinin duyğu və motivasiya hissəsinin yox, daha çox fundamental və alt səviyyədəki fizioloji sistemin nəzarətində baş verir. Lakin buna baxmayaraq, yuxu və yuxu görmənin funksiyaları tamamilə aydın deyil. Araşdırmalar yalnız bir sıra psixoloq və elm adamlarının nəzəriyyələri, iddiaları ilə məhdudlaşır. Amma 1990-cı illərdə aparılan yeni araşdırmalar Freydin iddialarını təsdiqləyir. 1998-ci ildə ABŞ Milli Səhiyyə İnstitutunun psixoloqu Allan Braun Freydin yuxu haqqında nəzəriyyəsini dəstəklədi. Braun bildirdi ki, yuxu beyinin duyğu və motivasiya hissəsinin nəzarətində baş verir. Qeyd olundu ki, yuxu əsnasında beyin qabığı diqqət və məntiq funksiyalarını itirir. Braun yuxuda vizual xəbərdarlıqların çatma nöqtəsi olan əsas vizual beyin qabığı hissəsinin də fəaliyyətini itirdiyini, lakin beyinə gələn görüntülərin işlənməsiylə bağlı daha ali səviyyəli hissələrin fəaliyyətini davam etdirdiyini də ortaya çıxardı. Psixoloqa görə, insan yuxudaykən real həyatdan uzaqlaşmasına baxmayaraq, görməyə davam edir.

Yuxular rəngli, yaxud ağ-qara formada olur. İnsanların əksəriyyəti ağ-qara yuxular gördüklərini deyirlər. Araşdırmalara görə, qadınlar kişilərlə müqayisədə daha çox rəngli yuxular görürlər.

6 cür yuxu

Birinci növ yuxu qarışıq yuxudur. Davamlı şəkildə beyin yorğunluğu olan və bir mövzuyla maraqlanan insanlar qarışıq yuxular görürlər. Bu insan tipi silsilə formada əhəmiyyət verdiyi dəyərləri də yuxularında görə bilirlər. Belə yuxuların şərhi yoxdur. Gün ərzində bir filmə baxıb yuxuda həmin ssenarini görə bilər. Bu, təsirdə qalmaq deməkdir, gerçək yuxu deyil.

İkinci cür yuxu qarabasma adlanan yuxudur. Həmin forma yuxular yaxşı hadisələrlə başlayır. Lakin gözlənilmədən hadisələr qorxulu hal almağa başlayır. Bu, gün ərzində insanın əhval-ruhiyyəsinə də təsir edir. Mütəxəssislər qarabasma yuxularının açıqlamalarını verə bilmirlər. Belə insanlar adətən qorxaq olurlar. Yuxu gördüyü halda bunun yuxu olduğunu bilir, ayılmaq istəyir, lakin bacarmır. Yuxuda ikən oyandığını hiss edir, lakin qorxulu qarabasma davam edir. Hər insan həyatında bir neçə dəfə qarabasma yuxuları görür. Lakin tez-tez belə yuxular görən insanlarda sinir xəstəlikləri yaranır. Onların həkimlərə müraciət etmələri daha məqsədəuyğundur.

Üçüncü növ yuxu reallığa çevriləndir. Güclü hisslərə sahib olanların yuxusu da real olur. Məsələn, insan yuxuda illərdir rast gəlmədiyi tanışını görə bilər. Bu yuxudan bir müddət sonra həmin şəxs yuxunu görən insan qarşısına çıxır. Belə yuxuları görənlər diqqətli olmalıdırlar. Gördüklərinə pozitiv baxmalıdırlar.

Dördüncü növ yuxu tez-tez rast gəlinir. Yəni yuxu görən şəxs oyananda bunun bəzilərini yadda saxlayır. Yuxu təbiri deyilən anlayış bu tiplər üçün vacibdir.

Beşinci cür yuxu, yuxu içində görülən yuxudur. Bu kimi yuxunu görən şəxslər yuxu içində görülən yuxunu da açıqlayır. Belə yuxulara diqqət etmək lazımdır. Çünki bu yuxular üçün verilən şərhlərin reallaşması ehtimalı daha çoxdur.

Altıncı cür yuxu təkrarlanan yuxulardır. Bu vəziyyətdə insan eyni yuxunu tez-tez görür.

Yuxu nədir?

Psixoloq Erik Fromma görə, yuxu unudulmuş dildir. Fromma görə, bu həm də yuxu və arzular zehnin ən əhəmiyyətli ifadəçisidir: “Ziddiyyətli həqiqət budur ki, yuxuda daha az məntiqli və daha az tərbiyəli olmağımıza baxmayaraq, əslində daha ağıllı və daha məntiqliyik”.

Amerikalı psixoloq Arnold Mindell şüuraltının yuxu obyekti olduğunu bildirir. Mindellə görə, bu davamlı şəkildə axan çaya oxşayır: “Yuxular şüuraltında olan istəklərin çəkilmiş foto-şəkilləridir”.

Ümumilikdə psixoloqların gəldiyi qənaət budur ki, yuxulara verilən şərhlər insana romantik və ruhi olaraq təsir edir. Buna görə də, yuxu insan bədənini zehni duyğularla əhatə edir.

Fundamental olaraq iki tip yuxu forması var: Ortodoks (görülməyən yuxu) və Paradoksial (görülən yuxu). Bunlar adətən “Ağır yuxu” və “Ziddiyyətli yuxu” kimi də xarakterizə olunur. “Ağır yuxu” sakit yatan insanın vəziyyətidir. “Ziddiyyətli yuxu” mərhələsi isə ağır yuxu fazaları arasında yaranan vəziyyətdir və bu, 10 dəqiqə davam dir.

Amerikalı professor Kletmanın araşdırmalarına görə, görülən röya yatmış insanın yuxusunun 100-də 1 hissəsini təşkil edir. 8 saat yatan bir insanın yuxusunun ilk saatı ağır keçir. Bundan sonrakı 10 dəqiqə ərzində yuxu görülür və sonra 30 dəqiqə davam edən ağır yuxu dövrü başlayır. Sonra 20 dəqiqəlik normal yuxu və yenə 30 dəqiqəlik ağır yuxu. Yuxunun bundan sonrakı mərhələsində yenə 30 dəqiqəlik bir yuxu dövrü var. Nəhayət yenə yuxu və bu, oyanmağın siqnalıdır.

2 saniyəlik yuxuda 6 aylıq vaxt anlayışı

Psixoloqlar və həkimlər yuxunun müddəti barədə konkret nəticəyə gəlməyiblər. Bir qisim elm adamı yuxu müddətinin bir neçə saniyə olduğunu desə də, digəriləri saatlarla davam edən yuxulardan bəhs edirlər.

Amerikalı psixoloq B.Kleyn hipnoz etdiyi bir neçə şəxsin üzərində apardığı nəticədən bu qənaətə gəldi ki, yuxu sadəcə 20 saniyə çəkir. Maraqlıdı idi ki, yuxudan ayılan şəxslər bir neçə saniyə davam edən yuxularından saatlarla danışırdılar. Kleyn sonrakı dövlərdə də araşdırmalarını davam etdi və bildirdi ki, ən uzunmüddətli yuxu yalnız 90 saniyə davam edir. Psixoloqa görə, insan 2 saniyəlik yuxuda 6 aylıq bir zaman yaşaya bilər.

Heyvanlar yuxu görür?

Araşdırmalara görə, heyvanlarda yalnız pişiklər və itlərin yuxu görə biləcəkləri ehtimalları var. Çünki yatan it və pişiklərin gözlərinin qapaqları altında oyadıqları bildirilir. Bu görülən yuxunun nəticəsində olduğu qənaətini ortaya qoyur. Quşlar və bir sıra məməli heyvanlar üzərində bu araşdırmalar aparılıb. Lakin bu barədə dəqiq məlumat yoxdur.

Yuxudan kəşfə

Nils Bor adlı ali məktəb tələbəsi maraqlı bir yuxu görür. Görür ki, o, Günəşin yanar qazlarla əhatələnmiş mərkəzində dayanıb və planetlər nazik iplərlə bağlı olduğu Günəşin ətrafında fırlanırlar. Hər planet Borun yaxınlığından keçəndə fit çalır. Sonra yanan qazlar soyuyub bərk hala düşdü, Günəş və planetlər Bordan uzaqlaşdılar. Bu yuxu Günəş sistemi ilə atom quruluşu arasında oxşarlıq olduğunu göstərirdi. Nəticədə bu yuxuyla atomun ilk müasir cədvəli ortaya çıxdı. Mərkəzdə bir nüvə və bunun ətrafında fırlanan elektronlar. Yəni müasir atom nəzəriyyəsi bir yuxu nəticəsində yaranıb.

1850-ci illərdə alman kimya alimi Fridrix Avqust Kekule Londonda yorğun halda mehmanxanaya qayıdarkən avtobusda yatdı. Yuxu görməyə başladı. Atomlar qarşısında rəqs edirdilər. Bəziləri də əl-ələ verib həlqə əmələ gətirmişdilər. Avtobusun əyləci basılan kimi Kekule oyandı. Lakin yuxusu ona çox şey öyrətmişdi. Gördüklərini düstur formasına salıb dəftərinə qeyd etdi. Yuxudan faydalanaraq ortaya atdığı nəzəriyyə ilə məşhur oldu.

15 il sonra bir qış günü evindəki sobanın qarşısında yuxuya getdi və yenə röya gördü. Yenə də atomlar qarşısında rəqs edirdilər. Lakin bu dəfə onları biri-birlərinə bağlayan zəncirlər ilanlara oxşayırdılar. Sonra ilanlardan biri gözlənilmədən geri çevrilərək quyruğunu dişlədi. Bu əsnada Kekule oyandı. Bununla karbon atomlarının zəncirlər şəklində həlqələr yarada biləcəyini yuxu sayəsində tapdı. Bunun nəticəsində benzinin daxili quruluşu tapıldı.

Beyin görür, yoxsa gözlər?

Xaricdən gələn məlumatları qəbul edib yaddaşa yazmaq funksiyasını beyin həyata keçirir. Yəni burun, qulaq, dil və digər orqanlar kənardan siqnalları alıb beyinə ötürürlər. Bu siqnallar əsasında beyində müxtəlif bio-kimyəvi reaksiyalar baş verir, müxtəlif məhsullar istehsal olunur. Nəticədə beynin müəyyən hissələrindəki neyron şəbəkələrinin fərqli reaksiyalar verməsiylə beynin daxilində bir “hiss” varmış kimi hiss edilir. Bu alınan siqnalın qiymətləndirilməsi hadisəsidir. Yəni “hiss” deyilən bir anlayış yoxdur. Görən, eşidən, dad bilən, hiss edən beyindir. Beyinin bununla bağlı hissələrindən biri zərər gördükdə, həmin orqan tamamilə sıradan çıxır.

9 maraqlı fakt

İnsan gördüyü yuxunun 90%-ni unudur. Oyandıqdan 5 dəqiqə sonra yuxunun yarısını, 10 dəqiqə sonra isə 90%-ni yaddan çıxarır.

Korlar da yuxu görürlər. Doğuşdan sonra kor olanlar yuxularında vizual obrazlar görə bilirlər. Doğuşdan görmə qabiliyyəti olmayanlar isə şəkil görə bilmirlər, amma yuxularında qoxu, səs, toxunmaq və duyğuları hiss edə bilirlər.

Həddən artıq psixoloji problemləri olanlar xaricində hər kəs yuxu görür.

Yuxularda yalnız tanıdığımız insanları görürük. Bəzən yuxuda görüb tanımadığımız insanlar olur ki, bunlar əslində real həyatda görüb unutduqlarımızdır. İnsan həyatı ərzində çoxlu sayda insan gördüyü üçün yuxuda limitsiz sayda müxtəlif simalar görə bilir.

İnsanların yalnız 12%-i ağ-qara yuxular görürlər, yerdə qalanın yuxusu isə rənglidir.

İnsan bir gecə ərzində 4, yaxud 7 yuxu görə bilir. Ortalama hesabla hər gecə 1-2 saat aralıqla yuxu görürük.

Yuxunuzda orqazm ola bilərsiniz. Yuxuda cinsi əlaqəyə girmək mümkündür, bu zaman real orqazmdan daha güclü orqazm yaşana bilər. Hətta gerçəyindən belə daha şiddətli ola biləcək bu orqazm əsnasında boşalma belə reallaşma bilir.

Kişi və qadınlar fərqli yuxular görürlər. Kişilər daha çox öz cinsləri haqqında yuxular görürlər. Bir kişinin yuxularına gördüyü xarakterlərin 70%-i kişidir. Qadında isə bu rəqəm bərabərdir. Kişilər qadınlarla müqayisədə yuxuda daha aqressiv olurlar.

Yatarkən xoruldayan insan yuxu görmür.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları