Yuxarı

Azərbaycanda arxeoloji abidələr necə qorunur?

Azərbaycanda arxeoloji abidələr necə qorunur?

arxeolAzərbaycanda qədim dövrlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıblar. Ölkəmizin bütün ərazisində belə tarixi abidələr mövcuddur ki, bunların da yaşı əsrləri və minillikləri əhatə edir. Xalqın milli sərvəti hesab olunan bu arxeoloji  və memarlıq  abidələrindəki vəziyyət isə heç də ürəkaçan deyil. Arxeoloji abidələrdə aparılan qazıntıların nəticələri göstərir ki, ümimilikdə xalqın tarixini, milli dəyərlərini əks etdirən bu tikililər çox böyük əhəmiyyətə malikdir. Təəssüflər olsun ki, bu abidələrin istər qazıntıya qədər, istərsə də qazıntıdan sonrakı dövrdə qorunması heç kimi maraqlandırmır deyəsən. Arxeoloqlar hesab edirlər ki, zəngin milli dəyərlərə malik olan bir xalqımızın tarixi abidələrinə bu gün biganə münasibət mövcuddur. Qədim yaşayış məskənlərinin və memarlıq nümunələrinin qalıqlarının qorunması üçün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu məsələdə  Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, xüsusilə də Mədəniyyət və Turizm Nazirliyinin  üzərinə böyük vəzifələr düşür. Amma hazırda tarixi abidələrin vəziyyəti ölkəmizdə ağır olaraq qalır. Abidələrə kifayət qədər maraq varmı? Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ üzrə ekspedisiya rəhbəri, tarix elmləri doktoru Hidayət Orucov cəbhə bölgəsindəki arxeoloji  və memarlıq  abidələrindəki vəziyyətini o qədər də qənaətbəxş hesab etmir. Onun sözlərinə görə, Qarabağ bölgəsindəki abidələrin arxeololi qazıntılarına hələ XIX əsrin 80-ci illərindən etibarən başlanılıb: “Rusiya Coğrafiya Cəmiyyətinin  üzvü əvvəlcə Qarabağdakı arxeoloji abidələrə baxış keçirib, amma tədqiqat aparmayıb. Onun ardınca IX əsrin 90-cı illərində Şuşa realnı məktəbinin alman dili müəllimi bu abidələrdə qazıntı işləri aparıb. Qazıntılar nəticəsində xeyli materiallar tapılıb ki, bu tapıntılar Azərbaycan tarixinin 2 milyon il əvvəl mövcudluğunu, həmçinin Qarabağın Azərbaycanın əbədi və ayrılmaz hissəsi olduğunu sübut edir.Bu sahədə tədqiqatlarımız hələ də davam edir. Həmin abidələrin qorunmasına müvafiq qurumlar tərəfindən kifayət qədər diqqət və maraq göstərilir”. Hansı abidələrdən qızıl əldə olunur? Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, gənc arxeoloq Müzəffər Hüseynov  hesab edir ki, Azərbaycanda abidələr kifayət qədər qorunmur. Hazırda Goranboy ərazisində olan arxeoloji abidələrdə qazıntı işləri ilə məşgul olduğunu deyən ailm buradakı abidələrdə dağıntıların olmadığını vurğulayır: “Bu ərazilər bol sulu olmadığından da dağıntı halları yoxdur. Amma elə tarixi abidələr var ki, onlar əvvəlcədən qeydiyyata alınsa da, qorunma səviyyəsi ürəkaçan deyil. Əsasən dağıntı olan abidələr təpəliklərdən ibarət olur. Abidələrin qorunması məsələsi birbaşa Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqıdardır. Əsas problemimiz abidələrin qorunmasıdır. Elə abidələr var ki, orada qazıntılar nəticəsində 5000 il əvvələ təsadüf edilən kifayət qədər dəyərli materiallar çıxır. Bu dəyərlərin qorunması çox vacibdir. Ona görə də bu tipli qalıqların qorunması üçün Mədəniyyət və Turizm Nazirliyinə və həmin ərazinin yerli icra orqanlarına müraciət edirik. Çünki bu abidələr növbəti dəfə dağılarsa, yenidən bərpa olunması mümkün deyil. Bəzən tədqiqatların nəticəsi müsbət olur, amma abidələr qorunmur. Bu məsələ insanların insafı ilə bağlıdır. İnsanlarımız abidələrin qorunmasına həssas yanaşmırlar. Bəzən abidələrdə insanlar qızıl əldə etmək məqsədilə yayılan şaiyələrə uyaraq qazıntı yerlərinə, kurqanlara, qədim yaşayış məskənlərinin qalıqlarına sərt formada müdaxilələr edirlər.  Ümimilikdə Azərbaycanda tarixi abidələrin qorunma səviyyəsi ürəkaçan deyil. Xüsusən də, bu abidələrdə aparılan qazmalardan sonra  özünü biruzə verir. Mən Göranboy rayonunun Kəcik kəndində bir kurqan qazmışdım. Bu tarixi abidə gərək turizm obyekti kimi qorunaydı. Düzdür, bu abidələrin qorunması üçün kifayət qədər vəsait tələb olunur”. Abidələrin mühafizəsi üçün mexanizm yoxdur... Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ neolit-eneolit ekspedisiyası"nın rəhbəri arxeoloq, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədovun fikrincə, arxeoloji və memarlıq abidələrinin xeyli hissəsi Qarabağ bölgəsində gedən müharibə səbəbindən dağılıb: “Ən son Fizuli bölgəsində tədqiqat işləri aparılıb. Orada olan tarixi qoruqların əksəriyyəti müharibə şəraiti zamanı uçub. Amma uçulmuş abidələrin bərpası üçün lazımi vəsaitlər ayrılmır. Mədəniyyət və Turizm Nazirliyi bu məsələni diqqətə götürməlidir. Həm qanuni, həm də maliyyə tərəfdən belə abidələrin qorunmasına bizim səlahiyyətimiz yoxdur. Tədqiqat zamanı abidələrin dəfələrlə dağılması və zibillənməsinin şahidi oluruq. Məsələn Ağdam ərazisindəki arxeoloji abidələrin yerində restoranlar tikilib. Belə faktlar ölkəmizin digər ərazilərində də az deyil. Abidələrin qorunma prosesi heç də qənaətbəxş deyil. Amma neolit dövründən qalan abidələr var ki, onların mühafizəsi bir qədər çətindir. Abidənin olduğu şərait onun dağılmasına səbəb olur. Abidələrin mühafizəsi ümümxalq işidir.Bütün xarici ölkələrdə arxeoloji ekspedisiya qazıntısının üstünü özü örtür. Bizdə isə əksinədir. Bu məsələnin iş prinsipi qanunda nəzərdə tutulsa da, mexanizmi işləmir”. Arxeoloqun sözlərinə görə, abidələrdə aparılan qazıntılardan əvvəl və sonrakı vəziyyətlə bağlı məlumatlar lazımi orqanlara çatdırılır: “Mədəniyyət və Turizm Nazirliyinə hesabatlar veririk. Həmçinin abidələrin mühafizəsi üçün yaradılan komitələrə vəziyyətlə bağlı bilgilər təqdim edirik. Çünki qazıntılara getməzdən əvvəl bu qurumlar tərəfindən bizə vəkalətnamələr verilir.   Bəzi faktları üzə çıxarmaq olmur...   Xocalı-Gədəbəy üzrə arxeoloq, tarix elmləri doktoru Təvəkkül Əliyev Azərbaycanda olan bütün abidələrin siyahısının mövcudluğunu diqqətə çatdirdi: “O siyahıda abidələrin dövlət tərəfindən qorunması haqda qeydlər göstərilib. Abidələrimizin böyük bir hissəsi qorunsa da, təsərrüffat, quruculuq işləri ilə əlaqədar olaraq onlardan xeyli qismi dağıntıya məruz qalır. Belə abidələrin dağılmasına bir səbəb yerlərdə olan ayrı-ayrı şirkətlərin, təşkilatların, fermerlərin roludursa,  digər səbəb məmurlar və alimlərlə bağlıdır. Bu sahədə Azərbaycanda təbliğat işi olduqca zəifdir. Yerlərdə olan insanlar bu abidələri tanımırlar və onların əhəmiyyətini dərk etmirlər. Bunun üçün hər bir rayonun ərazisindəki abidələrlə bağlı kiçik bukletlər hazırlayaraq birbaşa məktəblərdə, gənclər arasında paylamaq lazımdır ”. Hazırda Mil düzündə qazıntı apardığını deyən Təvəkkül Əliyev 180-ə qədər arxeoloji abidənin qeydə alındığını deyir. Onun sözlərinə görə, SSRİ dövründə həmin ərazidə 5 tarixi abidə tədqiq olunmuşdu: “Adam dərk edə bilmir ki, Mil düzü kimi su mənbəyi olmayan  bir yerdə bu qədər qədim abidənin olması necə mümkündür. Təəccüblüdür ki, su mənbəyi olmayan yerlərdə bu qədər sıx yaşayış əlamətləri var. Ona gpörə də, bu ərazidə suyun qeybə çəkilməsi və landşaftın zənginliyi məsələləri araşdırılır. Orada yerləşən qədim arxlardan, kanallardan analiz götürülərək  yoxlanması üçün xarici ölkə labaratoriyalarına göndərilir. Bu məsələlər gələcək nəslin bilməsi üçün çox vacibdir. Hər bir abidə bizə müəyyən informasiya verir. Arxeologiya və Etnoqrafiya İnstitutu Azərbaycanın 40-a yaxın abidəsində tədqiqat işləri aparır. Amma biz xarici təcrübələrə əsaslanaraq iş aparmalıyıq. Hər bir şirkətin özünün arxeoloqu olmalıdır. Bu yaxınlarda Fantanlar Bağı ərazisində kanalizasiya xətləri ilə bağlı qazıntı işləri apararkən qəbirlər aşkar olunub. Neçə əsr əvvəl o ərazilərdə yaşayış olub. Belə faktlar çoxdur, amma hamısını üzə çıxarmaq olmur. Bu müvafiq güclərdən asılıdır. Həmçinin kütləvi şəkildə əhali arasında təbliğat işi aparılmalıdır ”. Qeyd edək ki, ölkə başçısının 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" müasir dövrümüzdə böyük tarixi əhəmiyyət kəsb edir. Alçina Amilqızı





Həftənin ən çox oxunanları