Yuxarı

Yazıçı Hədiyyə: "Onları ilk cümlədən və ya misradan tərk etmişəm "

Yazıçı Hədiyyə:

"Adam var, amma təyinatı yoxdur, yəni "o" deyil" Hediyye Ədəbiyyatda özünün kim olduğunu da bilmir heç... İlk qələm işindən "2" alıb... "Adam" onun üçün əbədi və əzəli mövzudur... Duyğusunun şəklini çəkməyi bacarmır.. Əslində, istəmir də... İşığa daha çox gözüyumulu baxır... Müsahibimiz Hədiyyədir... İmzasının varlığına hədiyyəsi olan Hədiyyə...   -Ədəbiyyatın Hədiyyəsini tanıyaq...   -Heç özüm tanıyıram ki? Həqiqətən, kiməm ki, mən? Sevinc Məmmədovayam məsələn, sənədlərə inansaq. Amma mən oyammı?Ya Hədiyyəyəm?!   -İlk qələm təcrübənizi xatırlayırsınız?   -Xatırlayıram. İnşa kimi yazmışdım, indiki baxışla, bahar haqqında esse mənə danlaq və "2" gətirmişdi.   -Doğmalarınzla bağlı xatirələrinizii poetikləşdirmisiniz?   -Hər mətndə onlardan nəsə var yəqin ki, şüuraltı yaddaşla yazıya gəlir. Hekayələrdə də var, şeirlərdə də. Bir də anam üçün yazdığım şeirim var. Hə, qeyd edim ki, mənim ailədən gələn travmalarım yoxdur, yəni zorakılıq, qadağa, anlaşılmazlıq və s. kimi. Bu barədə xoşbəxt övladam. Ancaq gözəl şeylər. Əlbəttə, başqa problemlər vardı, üstəlik sovetlərin dağılması fonunda, amma bu başqa mövzudur, bunlara birlikdə dözdük   -"O adam" indi hansı hekayənizə qonaq gəlib?   -Adam var, amma təyinatı yoxdur, yəni "o" deyil, "bu" deyil, ancaq ADAM var...   "Adam"ın mövcudluğu Hədiyyənin yazmağıdır?   -"Adam" əbədi mövzudur. Gəlib keçmiş zamanın əbədi mövzusu...   -Hədiyyə, uzaqlar sənə ən yaxınlardan nə verib?   -Mənim üçün uzaq və yaxın nisbi anlayışdır. Mən istədiyim an uzaqda ola bilərəm, istədiyim an özümdən ən uzağa gedə...   -Bəs işıq?   - Düşünürəm İşığı yumulmuş gözlərlə duymağımız lazımdır   -Nəyin şəklin sözlə çəkmək istəmisiniz,amma bacarmamısınız?   -Elə bir şey olmayıb, yəni şəklini sözlə çəkmək. Duyğunu sözə sığdıra bilmədiyim olub, çox olur hətta. Mən hələ o məqamda deyiləm. İndi o məqama özüm çata bilməyəndə əllərimi qaldırıram, rəqs alınır. Amma şeir yox. Amma məhz şəklini çəkmək-bunu istəmirəm də.   -Deyirlər dünya köhnə dünyadır, gülüşləri təzədir. Təzə gülüşlərin içində Hədiyyənin adını çəkmək olar?   -Dünyanın köhnəliyini nə ilə müqaisə edib deyirlər? Və gülüşlərin təzəliyi...  Üstəlik mən, ada heç bir önəm vermirəm, ad nədir ki, işarə vasitəsi, başqa heç nə... Hə, anlayıram, sual gülüş haqqındadır, lakin mənim buna cavabım yoxdur   -Cavabsızlıq cavabın bir növüdür?   -Bilmirəm, bəlkə də...   -Uğursuz yazınız olub?   -Əlbəttə. Daha çox... Amma onları ilk cümlədən və ya misradan tərk etmişəm. Bunlar ən uğursuzlarıydı. Qalanlar barədə də hələ demək tezdir ki, onlar uğurludur, ya yox.   -Hədiyyə, poeziyada özünü tapırsan, yoxsa nəsrdə?   -Mən və özümü tapmaq... Mən özümü sadəcə azad buraxmışam, getsin nə istəyir etsin. Ölsün, ya qalsın. Gözəldir... Azadlıq ruhda olunca….   -Hədiyyə, azadlıq nədir?   -Etmək istəmədiklərimizi etmək zorunda qalmamaq… Bunu mən deməmişəm, amma mən bunun tərəfindəyəm. Bu, azadlığın məhdudlaşdırılmasıdır, mən isə azadlığıma əl uzadan hər şeyə qarşıyam.   -Olubmu heç?   -Etmək istəmədiyimi mənə etdirəcək qüvvə yoxdur   - Bəlkə bir şeir eşidək...   -...Bəzən   Çiçək dərməyə yollarsan   Ya da xoşbəxtlik gətirməyə...   Bir də baxarsan ki, titrək-titrək açıb gəlir qapını,   Üzüntüsü damar-damar üzünə çıxıb,   Dişini-dişinə sıxıb   Ağlamasın deyə əllərin...   Və sən   Pəncərəyə tərəf çəkilərsən   Baxarsan küçəyə səpələnən həyata   Çərçivəyə söykənib...   İndi sən bilirsən   Bilirsən onlar-əllərin günahkar deyil....   Sənə açılan çiçəklərin fəsli keçib...   Sənə veriləcək xoşbəxtlik tükənib   -Gecikdiyiniz vaxt olub?   -Mən əbədi nizama inanıram, hər şey vaxtı gəlincə olar. Mənə, ya başqa birinə gecikmə kimi görünən bir şey, əslində elə olmaya da bilər. Gecikmək-nə deməkdir ki, vaxtında yetişməmək? Kim deyir ki, vaxt-məhz həmin andır?!   -Ədəbi qəhrəmanınızdan danışa bilərsiniz?   Belələri yoxdur. "Ədəbi qəhrəman" təyinatıyla razı deyiləm   -Hədəfiniz bəs?   -Mən nişançı deyiləm. Deməli hədəfim də yoxdur   -Sizcə, nişançı olmamaq yaxşıdır?   -Kimin nəzərində? Başqalarının? Axı mən başqalarına qarışmıram   -Nə səbəbdən sizi ədəbi qurumlara üzvlükdə heç görmürük?   Hə, mən ədəbi, bədii, siyasi, dini, ictimai və s. heç bir qurumda deyiləm.   -Niyə?   -Səbəbi yoxdur.   -Maraqlıdır, təmkinli görünürsünüz zahirən,daxilən də beləsiniz?   -O qədər də təmkinli deyiləm məncə. Daha çox susmaq olardı..   -Susmaq səni irəli aparıb, yoxsa geri?   -Bilmirəm...  İrəli nədir, geri nədir... Hər şey dairə boyu gedir, nöqtələr təkrar olunur. Əgər bu düz xətt boyu  gedirmiş kimi qəbul etsək, belə düşünməli olacağıq-üzümüzü hara tutmuşuq?   -Öz dünyanı təsvir edə bilərsən oxuculara?   -Xeyr, əvvəl dediyim kimi, mən təsvir edə bilmirəm   Əntiqə Səməndər





Həftənin ən çox oxunanları