Yuxarı

Sonuncu variasiya

Sonuncu variasiya

ertogrulNəyi görmək istərsiniz biləməm, Yanıyor zülm içində həp aləm! Görməməkçin bu çirkin işləri siz, Yalvarıb həqqə, həmdü şükr ediniz  

 “...Babam Hüseyn Cavid bir Günəş idi, yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Buludlar onun atəşli işıqlarını udmaq istədilər... Partlatmaq! O mənhus karvanı partlatmaq lazımdır. Top mərmiləriylə. Təbiətin anası Günəşi yavrusundan ayıran dumanlar səltənətini partlatmaq. Mən o atəşlərin səsini simfoniya ilə ifadə edəcyəm...”

... Radionun dalğalarını çevirirəm. Diktorun hüznlü səsi diqqətimi çəkir: “Hörmətli dinləyicilər, Ərtoğrul Cavidin əsərlərindən ibarət konsertimizə başlayırıq”. Skripka və fortopianodan variasiyaların ahəngi ağır-ağır ətrafa yayılır. Gənc müğənni bəstəkarın Nigar Rəfibəylinin sözlərinə bəstələdiyi “Eşq olsun” mahnısını ifa edir. Ardından skripka və fortopianonun ifasında bəstəkarın sonatinosu səslənir. Bu simfoniyanın səsində Hüseyn Cavid dustaqxananın kirli barmaqlarından nadinc və cəncəl dünyanı seyr edir, Mişkinaz xanım sim-simini bilmədiyi tilsimlənmiş dustaqxana qapısına hər gün yemək və dəyişək aparır, körpə Turan “Ana bu gün məni də apar atamı görüm” deyə fəryad edir. Gecə döyülən qapıların tükürpədən takkıltısı, Ərtoğrulun içində dəfn etdiyi üsyanları, əli və vicdanı qanlı Stalinin millətimizin düşünən beyinlərini yox etmək iştahasının fəsadları... nələr yox idi ki, bu variasiyada!? Cəmi onbeşcə dəqiqə, əzabla dolu nakam bir həyatın axırıncı variasiyası. Səs kəsilir, bundan sonra əbədi sükut başlayır. Rasional yazıçı təfəkkürü ilə Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatının ciddi bir mərhələsinə aparmaq, azadlığın ən möhtəşəm tablosunu yaratmaq, həyata tutunmanın ən gözəl simfoniyasını bəstələmək arzusu ilə yaşayan Ərtoğrul Cavid ümidlərə vida simfoniyasını yazdı nə yazıq...

Ertogrul-Cavid-bestekarDünya romantizm və realizm ədəbiyyatının Azərbaycanda şah əsərini yaradanlardan biri, böyük türk dramaturqu Hüseyn Cavid “Şeyx Sənan” da qəhrəmanın kor ərəbə verdiyi cavabda yaşadığı cəmiyyəti tərifi etmişdi: “Nəyi görmək istərsiniz biləməm, Yanıyor zülm içində həp aləm! Görməməkçin bu çirkin işləri siz, yalvarıb həqqə, həmdü şükr ediniz. Azərbaycanda türkçülük ideyaları M.F.Axundovdan başlayaraq H.Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə gerçəkləşdi. Sonra “Kaspi”, “Həyat”, “Füyuzat”, “Şərqi-rus” un ətrafına toplaşan maarifçilər, ışıq sevdalıları bu böyük missiyanı öhdələrinə götürdülər, son nəfəslərinədək mücadilə etdilər. Həyatları da, ölümləri də uğrunda savaşdıqları istiqlal mücadiləsinə, türkçülük ideallarına layiq şəkildə oldu. Onlar türkçülüyün Azərbaycanda təşəkkül və inkişafına milli zəmin yaratdılar. Bu vəsilə ilə mədəni və siyasi türklüyün Azərbaycanda oyanışı sürətlə baş verdi. Əlbəttə bu ideologiya, oyanış boş və zəminsiz deyildi. Çünki ideologiya anlayışının nüvəsində milli-mədəni, əxlaqi, dini, fəlsəfi, siyasi, iqtisadi və mənəvi maya var. O irfan çobanlarının da köksündə bəslədikləri türkçülüyün nüvəsində idi bunlar. Uğrunda mücadilə etdikləri türkçülük-millətçilik ideologiyası mahiyyəti etibarı ilə heç bir xalqın, dövlətin və də heç bir ideologoyanın, quruluşun əleyhinə yönəlməmişdi. Türk dövlətlərinin müstəqilliyini, strateji birliyini, inkişafını nəzərdə tutan mədəni tendensiya idi. Qeyd etmək yerinə düşər ki, XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının həyatı bahasına başa gələn milli özünüdərk prosesinin güclü gedişi əsrin sonunda yenidən ortaya çıxdı. Artıq heç kim Hüseyn Cavidi Osmanlı Universitetində oxuduğuna görə qınamır, “dvornik Nağı”lar ləhcəsində türk sözləri olduğu üçün cavidlərdən Mərkəzi Komitəyə yazmır.

Qısaca həyatı boyu bu qədər güclü zehniyyətə, istedad və dözümə sahib olmasının qaynağı da təsəvvüfü dərk etməsiydi, babasından gələn türklüyə körüklənməsiydi bəlkə. İdeallıqla reallıq arasındaki ziddiyyətləri dərk edir, lakin bunun həll edilməsi üçün heç bir təcrübə olmadığını görüncə təfəkkürünə söykənərək yollar arardı. Dövrün məzmununu müəyyən edən düzgün qərarlar versə də, yaşadığı cəmiyyətin ab-havası heç bir doğru düşüncə və qərarın həyata keçirilməsi üçün müsayit deyildi.

Onun təfəkküründə zaman və dövran ağır xəstə idi, faciələrin və sonu görünməyən bəlaların hər gün daha qorxunc şəkil aldığını görür, dərk edir və buna rəğmən yaşına uyuşmayan bir təmkinliklə səbr, dua və ümid edirdi. Ərtoğrul yaşından tez böyüyürdü, 1932-ci ildə, 5-ci sinifdə oxuyarkən yazdığı “Sönük həyat” şerində təsəvvüfün işartıları var:

Bir çiçək ki, yeni açmağa başlar,

Görənlər bir yarpaq həmən qoparar.

Ona toxunanlar həpsi vicdansız,

Könül çalan əfi, canavar, qansız,

Sonra çiçək incə boynunu büküb,

Göz yaşı yerinə zəhərlər töküb,

Gündən-günə solur, tikənə dönür,

Gözündə parlayan səadət sönür.

Hər şey üçün tələsirdi sanki, dünya klassik romansların mətnini Azərbaycan türkcəsinə çevirdi. Sevimli müəllimi Üzeyir Hacıbəyliyə ithaf etdiyi “9 variasiya” simfonik əsəri XX əsr Azərbaycan musiqi mədəniyyətinin dəyərli örnəklərindən biri oldu. Yaşasaydı elm, fəlsəfə, ədəbiyyat, rəssamlıq və musiqi sahələrinin hər birini zənginləşdirəcəkdi. Klassik Azərbaycan muğam və təsniflərini Azərbaycan və fars dillərində incələdi, araşdırdı. Bu qədər gənc ikən onun musqi mədəniyytimizə əvəzsiz xidmətlərini görən dahi bəstəkar Üzeyir Hacıbəyli və Bülbül Ərtoğrula haqq etdiyi özəlliyi göstərir, öz övladları kimi sevir, özünə, ana və bacısına diqqət və qayğılarını əsirgəmirdilər. Tiflisdə xəstəxanada yatarkən Konservatoriyadan yardım bağlaması da yollamışdılar...

1918-1920-ci illərdə Cümhuriyyət parlamentnin orqanı olan “Azərbaycan” qəzetinin baş redaktorlarından biri, 1937-ci ildə xalq düşməni kimi güllələnmiş Xəlil İbrahimin qızı, Solmaz İbrahimova 1946-cı ildə Mirzə İbrahimovun yardımı ilə qardaşı Elxanla Moskvaya qaçmış, bu günədək orada yaşayır. Bəlkə də Hüseyn Cavidi və Ərtoğrulu həyatda görmüş son insanlardan biridir Solmaz xanım. Ömrünün ahıl çağında Bakıya tez-tez gəlir. Onunla dəfələrlə görüşüb o zamanın olub keçənlərini canlı salnamə kimi dilindən dinləmişəm, dəfələrlə mətbuatda yazmışam. Bir gün mövzumuz Cavidlər idi, xüsusən də Ərtoğrul. Çünki böyük Hüseyn Cavidin oğlunun əziz xatirsəsinə övladımıza Ərtoğrul adını vermişik...

“...Ərtoğrulun da, qardaşım Elxanın da adını Hüseyn əmi qoymuşdu. Mənimsə adımı Cəfər əmi, Cəfər Cabbarlını deyirəm. Mən Azərbaycanın ilk Solmazı, qardaşım ilk Elxanıdır. Ərtoğrul isə yeganə ad idi məncə, sonradan insanlar qorxudan o adı övladlarına vermədi. Biz İçərişəhərdə yaşayırdıq, daha doğrusu kirayə qalırdıq, Əhməd Cavadın ailəsi ilə həm qonşu, həm də bir ailə kimiydik. Onun uşaqlarıyla bir yerdə oynayıb, bir həyətdə böyümüşük. Hüseyn əmi gil bizdən biraz aralıda yaşayırdılar, Kommunust küçəsində. Xatirələrim qırıq-qırıqdır. Hüseyn əmiyə Hüseyn əfəndi, ya da Cavid əfəndi deyirdilər. Osmanlıda oxumuşdu, hər kəs ona hörmətlə-izzətlə yanaşırdı, geyimi, tərzi-hərəkəti də bir az fərqlənirdi. Yadımdadır ki, biz atamıza ata, Ərtoğrulla Turan isə baba deyirdilər.

Mən uşaq olanda Ərtoğrul gənc kavaler idi. Çox səliqəli, kamali-ədəbli və yüksək tərbiyəli gənc idi. Analarımızın da, atalarımızın da çox mehriban münasibətləri vardı. Hərdən qardaşımla mən Mişkinaz xala gilə gedərdik. Qardaşım Elxan Turanla bir sinifdə oxuyurdular-132 nömrəli məktəbdə. Evlərinin quruluşu, hətta küncdəki sandıq da gözümün önündədir. Nə vaxt Mişkinaz xalagilə getsəm Ərtoğrulu ya musiqi çalan, rəsm çəkən, ya da kitab oxuyan görürdüm. On illik fortepiano məktəbini bitirmişdi, Üzeyir bəyin tələbəsi idi, Bülbülün sinfində oxuyurdu. Onu hamı tərifləyirdi, riyaziyyatdan fenomenal qabiliyyətə malik imiş, bir sözlə, çox istedadlı olub. Mən uşaq olduğumdan bunu ancaq danışıqlardan, söhbətlərdən eşidirdim. ...Bakını qəflətən elə bir qasırğa bürüdü ki, qiyamətə qədər unutmayacağam, illah da gecələri. Qapılar daha çox gecələr döyülür, ailələr bədbəxt olurdu. 1936-ci ilin noyabr ayı idi. Atamı, Hüseyn Cavidi, Əhməd Cavadı və o zaman tanımadığım yüzlərlə ziyalını tutmuşdular. Hər həftənin beşinci günləri anam, Mişkinaz xala və Şükriyyə xala NKVD-nin zirzəmisinə yemək və paltar aparırdılar. Tutulanların əksəriyyəti orada idi. 1937-ci il martın 23-də atamı güllələdilər. Hüseyn əmiylə Əhməd əminin taleyi necə olacaq bəlli deyildi, amma ailələri tez-tez NKVD zindanına gedirdi. Şəhər təkcə gecələr deyil, gündüzləri də qorxu saçırdı. Evimizdə nəki vardı, vətən xaini deyə yığıb apardılar, amma evdən çıxartmadılar, çünki kirayə qalırdıq. Mişkinaz xalagili isə Kommunist küçəsindəki evlərindən çıxartdılar, Sovetski küçəsində bir daxma vermişdilər. Atam tutulandan sonra qardaşım Elxan məktəbi atmışdı deyə, Turanla da əlaqələrimiz kəsilmişdi.

... Müharibənin çox ağır günləri idi - almanlar Moskvaya qədər gəlmişdilər, yanılmıramsa 41-ci ilin son payız günləriydi. Bakıda güclü səfərbərlik elan olundu.

Bizim kimi “xalq düşmənı”nin evladlarını yığıb cərimə batalyonlarında ön cəbhəyə göndərdilər. Yadımdadır ki, qardaşım Elxanı, Ərtoğrulu və Əhməd Cavadın üçüncü oğlu Tukayı bir yerdə həmin cərimə batalyonlarında Mozdoka apardılar. Lakin olardı bir ildən sonra Elxan da, Ərtoğrul da kəskin vərəm xəstəliyi diaqnozu ilə arxa cəbhəyə göndərildilər. Ərtoğrulu Tiflis xəstəxanalarından birinə yerləşdirmişdilər, qardaşımı Bakıya yollamışdılar. Biz Elxanı burada müalicə elətdirir, Mişkinaz xala da Ərtoğrulun dalınca Tiflisə gedib gəlirdi. O qanlı-qadalı illər bir çox ailələri yarı yolda qırdı, ağır xəstəliklər, üzücü həyat, üzərimizdəki “xalq düşməni” damğası, ard-ardından gələn bəlalar, müharibə ölkəni iflic vəziyyətinə salmışdı. Qanlı rejim atalardan sonra evdəki yetkin oğulları bir-bir aradan götürürdü. Bir gün eşitdik ki, Ərtoğrulun vəziyyəti Tiflisdə ağırlaşıb və onu Naxçıvana aparıblar. 1943-cü il oktyabrın 14-də aldığımız xəbərdən sarsıldıq. İndi də yadıma düşəndə ürpənirəm. Ərtoğrul dünyasını dəyişmişdi...” Solmaz xanım göz yaşlarına hakim ola bilmədi. Ərtoğrul 1943-cü il aprelin 26-da Tiflis xəsətəxanasından böyük müğənni Bülbülə məktub yazır.

Hörmətli Bülbül dayı, salamlar

Bir ədib söyləmiş ki, həyat insanlardan da insafsızdır. Doğrudan da belə imiş. Tale məni elə bir dərdə saldı ki, bütün planlarım, arzularım alt-üst oldu. Qarşıdakı əsas məsələ möhkəm yemək, təmiz hava udmaq və dincəlməkdir. Bəlkə kiçicik ömrümə bir neçə gün əlavə edə bildim. Vəziyyətim çox da yüngül deyil. Aprel ayının 7-dən başlayaraq ta 18-nə qədər döşümdən qan gəldi. Temperaturum səhərlər 38-dən aşağı enmir, gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm. Yerimdə otura bilmirəm. Doktor yazmağa yol vermir. Məktubu gizli, uzandığı halda yazıram. Vəziyyətin bu qədər ağırlığına baxmayaraq, gizli bir mənbə mənə daim qüvvət verir. Məni yaşadan bu qüvvə, sarsılmaz iradə və möhkəm inamdır; mən öz məqsədimə - idealıma çatacağam. O musiqidir. Anam salamat gəlib çatdı. Üzeyir bəyin, sizin və Konservatoriyanın mənə yardım etdiklərini söyləyincə gözlərim doluxsundu. Demək mən xatirələrdə yaşayıram. Yardımınıza görə çoxlu-çoxlu təşəkkürlər edirəm. Sağlıq olsun heç bir yaxşılıq əvəzsiz qalmır.

Mənim indiki planım Naxçıvana getməkdir. Orda hər bir şey var. Nənəmlə qonşu kəndlərə gedəcəyəm. Əgər səhhətim imkan versə, kabineti maraqlandıran materiallar toplayacağam. Yanımda xeyli not və yazı kağızı var. Artıq yazacaq bir şey yoxdur. Vaxt edə bilsəz cavab yazın. Yardımınıza görə yenə də dönə-dönə təşəkkür edirəm. Məndən hamıya - kabinetin əməkdaşlarına, müəllimlərimə, xatırlayanların hamısına salamlar. Əllərinizi sıxıram

Sizin Ə.Cavid.

...Ümidlərə vida simfoniyası çalınır. Qaval səsiylə gənc bir qızın incədən incəyə söylədiyi türkünün sözləri qulağı dəlirdi (Azər Turan “Cavid Əfəndi”)

Hanı mənim tırmandığım təpələr?

Hanı mənim yıxandığım dərələr?

İnlə qaval, qəlbim kimi inlə, dur!

İnlə qaval, dərdlərimi sən susdur!

Rəsmiyyə MƏMMƏDQIZI





Həftənin ən çox oxunanları