Yuxarı

"İlahi, darıxma, rahat ol məndən..."

Vasif zohrabogluŞairin adı onun sözüdür. Ədəbiyyat adamları həmişə fərqli düşünər, sadə danışar… Onlar həyatı hamı kimi görsələr də, fərqli baxışları olur. Bu gün həmsöhbət olduğumuz Vasif Zöhraboğlu da muasir ədəbi mühitin seçilən qələm sahiblərindən biridir.

-Oxucu üçün Vasif Zöhraboğlu kimdi?

-Sadəcə, "Vasif Zöhraboğlu"..

-Bəs oxucu kimdir Vasif Zöhraboğlu üçün?

-Düşünürəm ki, əsl oxucu (Vasif üçün) şeiri həssaslıqla duyan, şeirdəki hissləri şair qədər yaşaya bilən, ancaq şeir yaza bilməyənlərdir.

-Oxucunun Vasifi hansı labrintdən keçməlidir ki, oxucu onu özününküləşdirsin?

-Vasif Zöhraboğlunun yaradıcılığı labirint şəkildə qurulmayıb ki, oxucunun bu kimi bir çətinliyi olsun. Mənim yaradıcığımda ancaq sevgi sistemi var. Şeirlərimi bütün səmimi oxucular özününkiləşdirə bilər.

-Qəzəbinizdən şeir yazmısınız?

-Olub elə vaxtlar…

-Eşidə bilərik?

-Olar...

Bilmədin dərd yedi, qəm yedi bəndən?

Hər gün taleyimi qarğışlamışam.

İlahi, darıxma, rahat ol məndən,

Səni təkliyinə bağışlamışam!

-Məncə, bu bir bənd sualı cavablandırır... Hansi ədəbi quruma üzvsünüz?

-Dünya Gənc Türk Yazarlar birliyinin üzvüyəm.

-Sİzcə, şairə kitabı ilə qiymət vermək lazımdır?

-Xeyr, kitab əsla şair üçün meyar deyil. Ədəbi ortamda iki-üç kitab müəllifləri var ki, yazdıqlarının şeirlə heç bir əlaqəsi yoxdur. Elə kitabsız şairlər tanıyıram ki, bu "qoltuğu kitablılara" ədəbiyyatdan dərs keçər.

-Ədəbiyyatdan "gənclərin işıq yolu" varmı?

-Əlbəttə, bir neçə gənc şairlər tanıyıram ki, onlar indidən o işıqlı yolu tutmağa müvvəffəq olublar. Ümidverici gənc dostlarım çoxdur...

-Bəs, "Gənclərin işıq yolu" kimdi?

-Əkbər Qoşalı, Ayaz Arabaçı, Fərqanə Mehdiyeva. Bax bu insanlar gənclər üçün əsil işıqlı yoldur. Daim biz gənclərdən öz dəstəklərini, qayğılarını əsirgəməyiblər.

-İlk şeirinizi xatırlayırsınız?

-Xatırlayıram, hətta kitaba da salınıb. Üç bəndlik şeirdir.

-Yaradıcılığınızda sizə uğur gətirən şeir?..

-Artıq az qalmışdır qaranlıq düşə,

Yolları görməyə göz işləmirdi.

Ya sən gecikmişdin o gün görüşə,

Ya mənim saatım düz işləmirdi.

Şeir ümumilikdə üç bənddir, ancaq bu bəndi mənə daha çox uğur gətirdi.

-Görüşə gecikmək adətdir, yoxsa naz?

Xanımlarda əlbəttə ki, nazdır. (gülür). Kişilərdə isə məsuliyyətsizlik ola bilər. Şəxsən mən gecikməmişəm(təbəssümlə)

-Vasif, ünvanlı şeirinizin ən gözəl hissəsini deyə bilərsinizmi?

-Gəlişim əzizdir sənə hər dəfə,

Gəlirəm, ay qəlbi yuxa, gəlirəm.

Səni görmək üçün ayda bir dəfə,

Bakıdan yol alıb Qaxa gəlirəm.

-ƏSL ŞAİR sizin üçün nəcə biridir?

-Şairin yarıcılığı ilə insani keyfiyyəti üst-üstə düşməlidir. Bunlar bir-birini tamamlamayanda riyakarlığa gətirib çıxardır.

-Bugünkü ədəbi tənqidə münasibətiniz necədir?

-Bu mövzudan həmişə narahat olmuşam... Heç kimin sözü, heç kimin boğazından keçmir. İndi "məmə" deyəndən- "pəpə" deyənə qədər hamı tənqidçidir. Heç kəs də özünə kənardan baxmaq istəmir. Hətta bəziləri bu tənqiddən özlərinə reklam çarxı da düzəldiblər. Bunlar keçicidir təbii ki…

-Muasir tənqidçilərimizdən nə dərəcədə razısınız gənc yazar kimi?

-Bu haqda fikrim yoxdur. Bəlkə də bu haqda fikir bildirməyim hələ tezdir...

-Ədəbiyyatda gördükləriniz sizi nə dərəcədə sevindirir, nə dərəcədə məyus edir?

-Ədəbiyyat mənə uğurlarla, dəyərli oxucularla yanaşı, dəyərli dostlar da qazandırıb. Onları gördükdə sevinirəm. Məyus olduğum bir şey yoxdur.

Əntiqə SƏMƏNDƏR