Yuxarı

"Teatrlarda qalmaqallar olub, olacaq da..."

[caption id="attachment_2245" align="alignleft" width="297"]Cavid zeynalli Cavid Zeynalov: "Aktyor xaraktercə emosional adamdır, bu qalmaqallar sənət uğrunda olduqca, qazanan teatrlar olur..."[/caption]

Bu gün cəmiyyətimizin mədəni inkişafında özünəməxsus yeri və rolu olan teatrlarımızda da sanki durğunluq yaşanır. Əvvəlki illərlə müqayisədə hazırda müxtəlif səbəblərdən teatr və tamaşaçı arasında müəyyən qədər uzaqlaşma var. Səbəblər demişkən... bu səbəbləri elə bu sahənin adamlarının öz dilindən eşitmək daha yaxşı olar. Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynalovla müsahibəni dəyərli oxucularımıza təqdim edirik.

- Hazırdakı dövrümüzdə Azərbaycan tamaşaçısının zövqü nə yerdədir?

- Zövq məsələsi hər zaman mübahisəli olub. Biz cəmiyyətdə, yaşadığımız mühitdə bütün sahələr üzrə zövq məsələsinin hər zaman dartışıldığını görmüşük. Ədəbiyyat, kino, teatr üzrə zaman-zaman müxtəlif aspektlərdə, mövzularda mübahisələr olub. Bura nəzəri məsələlərdən tutmuş, praktiki işlərə qədər bir çox şeyləri aid edə bilərik. Əsas odur, sənətin dəyəri itməsin, təqdim olunan material istedadlı adamın əlindən çıxsın. Belə olarsa, zövqündən asılı olmayaraq, bütün təbəqələrdən olan insanların diqqətini cəlb edə biləcək. Bu, əlbəttə, teatr sənətinə də aiddir. Tamaşaçı sözsüz ki, səhnədə yaxşı əsər görmək istəyir, yaxşı aktyor oyununa baxmaq istəyir. Bu baxımdan hesab edirəm ki, Akademik Milli Dram Teatrı ölkənin ən böyük teatrı olmaqla tamaşaçılarının zənnini yanıltmır. Bizim səhnəmizdə oynanılan bir neçə tamaşa var ki, həmin tamaşalar heç vaxt tamaşaçı qıtlığı yaşamayıb, alqışlarla keçib.

- Cəmiyyətdəki aktual olan problemlərdən bəhs edən əsərlər niyə səhnələşdirilmir?

- Bu, sizin subyektiv yanaşmanızdır. Akademik Milli Dram Teatrında ümumən insan və cəmiyyət amilini özündə ehtiva edən kifayət qədər əsərlər səhnələşdirilib. Bura həm tarixi, həm də müasir əsərlər daxildir. Son illərdə xalq yazıçısı Elçinin “Teleskop”, “Qatil” pyesləri, Afaq Məsudun “Qatarın altına atılan qadın”, xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşaları səhnələşdirilib. Burda məsələ bir qədər başqa cürdür. Müasir dövrlə bağlı keyfiyyətli, bədii məziyyəti yüksək olan əsərlər yazılıb teatra təqdim edilərsə, şübhəsiz ki, həmin əsərlərin səhnəyə qoyulmasında heç bir problem ola bilməz. Bu gün ümumən Azərbaycan teatrında dramaturq problemi yaşanır. Bu, teatrla məşğul olan hər kəsi narahat edir.

- Gəncləşən kollektivlə çalışmağın hansı mənfi və müsbət cəhətləri var?

- Akdemik Milli Dram Teatrında belə problem yoxdur. Ümumən teatrımız hər zaman istedadlı gənclərə meydan verib. Son illərdə tamaşaya qoyulan əsərlərə baxsanız, əksəriyətinin rejissoru gənclərdir. Teatrın ənənəsində gəncləşmə siyasəti hər zaman olub. Səhnəyə çıxan aktyorlar arasında gənclər üstünlük təşkil edir desəm, güman edirəm, yanılmaram. Məsələn, bu yaxınlarda təqdim olunan “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında 23-25 yaşlı gənc aktyor Murad İsmayılov Fuad Poladovla eyni səhnəni bölüşür.

- Teatrlar arasında olan münasibətlər qənaətbəxşdir?

- Teatrlar mədəniyyət ocağıdır. Söhbət mədəniyyət ocağından gedirsə, burda qənaətbəxş olmayan məqamdan söhbət gedəcəyini zənn etmirəm. Teatrlar arasında yaxşı mənada rəqabət ola bilər. Bundan sənət ancaq qazana bilər.

-Tanınmış teatr xadimləri arasında yaranmış qalmaqallardan teatrlar nə itirir?

- Teatrlarda qalmaqallar, söz-söhbət hər zaman olub, bundan sonra da olacaq. Aktyorlar xarakter və təbiət etibarı ilə emosional olurlar. Bu qalmaqalların yaranmasında yaradıcı məsələlər də, şəxsi münasibətlər də rol oynaya bilər. Arzu edərdim ki, bütün söz-söhbətlər yalnız sənət ətrafında olsun ki, teatr bundan qazansın.

-Teatra gələn tamaşaçıların yaş həddləri təxminən neçə yaşlar arasında dəyişir?

- Akademik Milli Dram Teatrında dünyanın ən tanınmış dramaturqlarının əsərləri ilə yanaşı uşaq tamaşaları da hazırlanır. Məsələn, “Nağıllar aləmində”, Qaraca qız”, “Biri var idi, biri yox…” tamaşaları azyaşlılara, məktəblilərə təqdim olunur.

-Teatrda nə kimi yeniliklər gözlənilir?

- Dekabr ayında Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley tədbiri keçiriləcək. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı hazırlanıb. Tədbirlər planında Cahangir Zeynalovun Akademik Milli Dram Teatrında yubiley tədbirinin keçirilməsi də nəzərdə tutulub.

Yubiley mərasimi çərçivəsində “Cahangirdən Cahangirə” adlı bədii layihə üzərində iş aparılıb. Layihədə yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun “Qu quşunun nəğməsi” əsəri əsasında tamaşa hazırlanıb.

Səhnə əsərinin baş rolunda Cahangir Novruzov çıxış edəcək.

Bundan başqa Məmmədrza Şeyxzamanovun, Səyavuş Aslanın, Ağakişi Kazımovun yubiley tədbirləri də qeyd olunacaq. Eyni zamanda teatr bir neçə tamaşanın premyerasına hazırlaşır. Tamaşaçılar noyabrın 6-da Qriqoro Qorinin “Herostratı” unudun tamaşana Mehriban Ələkbərzadənin quruluşundan baxa biləcəklər. Bundan başqa görkəmli rus yazıçısı və dramaturqu Nikolay Qoqolun “Müfəttiş” əsərinin məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. İnanıram ki, Azərbaycan tamaşaçısına teatrətrafı qalmaqallar və narazılıqlar yox, dəyərli və keyfiyyətli tamaşalar maraqlı olacaq.

Rəqsanə Qarabağlı

Rövşən Əsədov





Həftənin ən çox oxunanları