Yuxarı

“ÖMRÜMÜN SONUNA KİMİ ...ŞAİR OLACAM”

“ÖMRÜMÜN SONUNA KİMİ ...ŞAİR OLACAM”

serdar aminŞairin və ya yazarın ən birinci vəzifəsi sözə hörmətdir. Ümumiyyətlə, ədəbiyyat adamı öz sözünü hamıdan, hər şeydən yüksək tutmalıdır. Sözü müqəddəs bilməlidir. Bax, o zaman şair sözün zirvəsinə çata bilər. Bu gün həmsöhbət olduğumuz Sərdar Amin də sözünə dəyər verən gənc yazarlardan biridir. Bu minvalla, onun sözün zirvəsinə çatmağını heç də təəccüblü hesab etməmək olar.

-Sərdar Amin ədəbiyyatı hansı müstəvidə görür?

-Məncə, ədəbiyyat, ümumiyyətlə, müstəvi üzərində analiz olunası bir sahə deyil. Ədəbiyyata həndəsi gözlə bir cisim kimi baxsaq, ona fəza cismi demək olar, nəinki müstəvi...

- "Şeiraltı" ədəbiyyatda nə dərəcədə maraqla qarşılandı?

-“Şeiraltı”nı oxuculara yenicə təqdim etdik. Açığı gözlədiyimdən daha çox maraq görürürəm kitabıma qarşı. Hansı ki, bu marağı romanıma qarşı gözləyirdim. Amma müqayisədə “Şeiraltı” “Qaratoyuq nəğməsi”ndən daha çox səs çıxarır.

-Yaradıcılığınızda sizə uğur gətirən şeir və ya nəsr nümunəsi?

-Düşünürəm, mənə uğur gətirəcək mətnimi hələ yazmamışam. Bununla paralel hansısa yazımın nə vaxtsa mənə ciddi uğur gətirməyəcəyi ilə də barışmışam. Nə qədər qeyri-təvazökarlıq kimi alınsa da, onu deməliyəm ki, bu gün yazmaqla bir neçə ayın içində Azərbaycanın ədəbi, mədəni gündəminə gəlməyi rahatlıqla bacararam. Hətta bunu etmək üçün mənə bu günkü yazılarıma xərclədiyim qədər enerji də lazım olmaz. Çünki bu gün tanınmaq çox rahatdı. Sadəcə mən öz vicdanıma, barmaqla sayılacaq qədər olsa da, çox ciddi bədii zövqü olan oxucularıma xəyanət edərək, kütlənin sevdiyi rahat mətnlərə, bayağı mövzulara qaçmayacam. Buna görə də, bəlkə ömrümün sonuna qədər beləcə tanınmamış, görkəmsiz şair olacam.

-Oxucu seçmək imkanınız olsaydı necə oxucu seçərdiniz?

-Məncə, oxucu seçmək elə müəllifin özündən asıllıdır. Klişe bənzətmə olsa da, düşünürəm ki, müəllif balıqçı kimidir, balıqçı tilovun qarmağını seçəndə, qarmağa keçirdiyi yemi hazırlayanda tuta biləcəyi balığın növünü, böyüklüyünü təsəvvür edə bilir. Böyük balıq arzusunda olan balıqçı xırda qırmaqla göl kənarında gözləməz. Balıq tutma ehtimalı olmasa belə, dəli dalğaları görə bilməkçün dəryanı seçər.

-Jurnalistika sizi ədəbiyyatda ayırır yoxsa əksinə?

-Jurnalistika məni ədəbiyyatdan nə ayırır, nə də əksinə…

Razıyam, ədəbiyyatın içinə düşən adam nəylə məşğul olsa da, həmin peşə ona maneədir. Ədəbiyyat sərbəstlik, rahatlıq, sakitlik istəyir. Adam nə vaxt yazacağını özü seçmir. Bəzən işi başından aşanda yazmaq istəyir. Bunu başqa vaxta saxlayanda isə, düşündüklərin enerjisini itirir. Reallıq budur ki, ədəbiyyat bu gün yazıçıya çörək vermir. Yazıçılıq, şairlik peşə deyil. Yaşamaq üçün yazıçı da hamı kimi əlavə iş görməlidir. Bu yöndən baxsaq, məncə, jurnalistika yazıçı üçün uyğun çox da dağıdıcı iş sayılmaz. Çünki, bu peşənin yazıçıdan aldıqları ilə yanaşı verdikləri də çoxdur.

-Kimi müasir ədəbiyyatın yenilikçisi hesab edirsiniz?

-Bu mövzuda çox da maraqlı söhbət edə biləcəyimi düşünmürəm. Mən bu gün müasir filmdə daha ciddi yeniliklər görürəm, nəinki ədəbiyyatda. Sənətçilər filmdə daha çox cəsarətlidir. Bununla yanaşı müasirlərdən mətndə forma etibarı ilə Umberto Ekonun bəzən hoqqabazlıq qədər qeyri-adi yeniliklərini qeyd eləyə bilərəm. Azərbaycan ədəbiyyatında Kamal Abdulla, Orxan Fikrətoğlunu, Xanəmir Telmanoğlunu daha maraqla oxuyuram.

-Gənclərdən kimləri oxuyursunuz?

-Söhbət Azərbaycanın gənc yazarlarından gedirsə, həvəslə oxuduğum yazarlar çoxdur. İndi yadıma düşənlərdən Nərmin Kamalı, Dilqəm Əhmədi, Aqşin Evrəni, Günel Eyvazlınının adını çəkə bilərəm.

-Müasir ədəbi tənqiddən nə dərəcədə razısınız?

-Olmayan bir şey haqqında danışmağa cəhd etməyək.

-İndiki dövrdə kitab satışının səviyyəsi sizi qane edirmi?

-Təbii ki, yox. Son zamanlar tez-tez eşitdiyim bir söz var, deyirlər kitaba maraq artmağa başlayır, filan… Harda artır? Bir göstərin, gəlib feyziyab olaq. Kitab oxuyan yoxdur. Kitabı yazarlar, yaradıcı insanlar oxuyur. Bizdə sırf oxucu yoxdur. Hansı ki, sənayedə, kənd təsərrüfatında, tikintidə işləyən adam olsun, amma kitab oxusun. Bir metroya düşəndə diqqət eləyin, kitab oxuyan gınclərin 99 %-i dərslərinə hazırlaşır, nə bilim test doldurur, xarici dil öyrənir. Bədii kitab oxuyan adam tapa bilməzsən. Hələ bir regionlara gəlin. Dəhşətdi. Adamlar kitaba lazımsız bir şey kimi baxırlar. Kitab oxuyan adamı bikar sayırlar. Bu mənzərə fonunda hansı kitab satışından danışmaq olar?

-Yeni şeirlər kitabınız çap olunub (təbrik edirik),Bu kitab haqda biraz oxucuları məlumatlandıra bilərsiniz?

-Təşəkkür edirəm. Şeirlər kitabıdır. Adı “Şeiraltı”. Yarım saata oxuyub bitirmək də olar, bitirməmək də. Amma oxucuları aldatmaq fikrim yoxdur, şeirlərim sadə oxucu üçün deyil məncə. Mütaliə bazası olan oxucuların bəyənəcəyinə əminəm, belə oxucular oxuya bilər. “Kitabevim.az” kitab marketində satışdadır. Kitabda bəyənmədikləri məqamları facebook profilimə yaza bilərlər. Mənimçün də maraqlı olar.

Əntiqə SƏMƏNDƏR





Həftənin ən çox oxunanları