Yuxarı

"O, mənasız yazının küyünə düşdü”

resad mecidMüasir ədəbiyyatda gənclər qayğısızlıqdan nə qədər giley etsələr də, nə qədər diqqətsizliyi önə çəksələr də, bu gün həmsöhbət olduğumuz Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcidin gənclərə dəstəyini və qayğısını danmağı birmənalı şəkildə ona qarşı haqsızlığın son həddi adlandırardım. Çox uzun şərh etməyib müsahibimizlə söhbətə başalayaq:

-Rəşad Məcid özünü hansı müstəvidə görür?

-Rəşad körpəlikdən ədəbiyyatı sevən, ədəbiyyatla məşğul olan və ömrünü ədəbiyyata bağlayan və ədəbiyyata xidmət edən insandı. Ədəbiyytda müəyyən qədər rolum var. Özünü hansı müstəvidə görmək məsələsi isə bunu biz yox, oxucu təyin etsə yaxşı olar.

-Əsasən şair kimi qələminizi uğurlu hesab edirsiniz, yoxsa nasir kimi?

-Bilirsiniz, mən çox şeirlər yazmışam. Amma buna baxmayaraq, nəsr əsərlərim də var. Mən şeir, yaxud da nəsr əsərini yazanda onun nə dərəcədə uğur gətirəcəyini fikirləşmirəm, beynimi bu ideayaya kökləyib yazmıram. Məsələn, qalın-qalın kitablar yazmağı mənasız hesab edirəm. Çünki indi onlar heç oxunmur. O qalınlıqda kitab yazınca, mənalı qısa bir status yazıb gəncləri ədəbi hadisə ilə tanış etməyi daha məqsədəuyğun iş hesab edirəm. Yenə də deyirəm, hansı nə dərəcədə uğurlu alınır, buna oxucu qiymət versin.

-Təbii ki, Ağdamın işğalı sizin də yaradıcılığınızdan təsirsiz ötüşə bilməz… Ağdamla bağlı xatirələrinizi əsərlərinizdə canlandırmısınız?

-Mən təkcə Ağdamı yox, bütün Qarabağı sevirdim, hələ də sevirəm. Hər dəfə yolum Ağdama düşəndə o tərəflərə baxa bilmirəm. Baxanda elə bil məni elektrik vurur. Hətta Şuşa işğal olunanda mən elə sandım ki, dünyam işğal oldu. Şuşa ən sevdiyim məkan idi. Doğulduğum Laçın torpağını da unutmuram. Mən Qarabağ haqda, Şuşa haqda dəfələrlə qəzetlərdə, jurnallarda yazılar yazmışam.

- Sizcə, mətbuatda öz yerinizi tapmağınız sizi ədəbiyyatdan ayırırmı?

-Əlbəttə, bu belədir. Mən buna görə heç də təəssüf etmirəm. Çünki bu bir tarixdir, bu bizim taleyimizdir. Mətbuatda olmaq mənim beynimdəki o süjetləri, əsərləri yazmağa imkan vermirdi. Amma indi şeirlərimi son zamanlar telefona qeyd edirəm. Mən nə qədər nəsr əsərləri yazsam da, daha sonra şeirə qayıtdım.

-Gəncləri çox dəstəkləyirsiniz. Onlar da sizi çox sevirlər, lakin buna baxmayaraq, haqqınızda mənfi fikirdə olan gənclər də var...

-Bilirsiniz, əslində, biz bütün gənc yazarlara qapıları açmışıq. İstedadı olan gənclər özlərini yazdıqları şeirlə və yaxud da nəsrlə göstərirlər. İstedadsızlar isə müxtəlif saytlarda və qəzetlərdə yazdıqları mənasız yazılarla özlərini gülünc vəziyyətə salırlar. Bilmirəm, yəqin bu hal onların psixi durumu ilə əlaqədardır.

Mən bu halları nə ciddi qəbul etmirəm, nə də ədəbiyyat hadisəsi saymıram. Kimsə mənasız yazılarla boşboğazlıq edib gündəmdə olmaq istəyirsə, bunun ədəbiyyatla heç bir əlaqəsi yoxdur. Dəyər verdiyimiz istedadlı gənclərə o biri gənc həmkarları çox qısqanclıqla yanaşırlar.

-Gənclərdən biri Gənc Ədiblər Məktəbinin verdiyi diplomdan imtina etməsinə reaksiyanız necə oldu?

-Siz Vasif Əlishüseyni deyirsiniz. O, AYB-in üvzüdür, hətta prezident təqaüdü də alıb. Diplomu qəbul etmirdisə, əvvəldən gəlib almazdı, hələ həmin diplom təqdimatında kitabını da mənə hədiyyə etdi Vasif (kitabı göstərir). Bir də, axı heç bir vəsiqə, diplom və ya serfikat kiminsə şairliyini təsdiq etmir. Şairi şair edən yalnız onun şeiridir. Sadəcə, o, səs-küyə düşdü (gülümsəyir). Kəramətin yazdığı mənasız və boşboğaz yazının küyünə düşdü.

-Bu hərəkəti nankorluq adlandırmaq olar?

-Mən mətbuatda olduğum əvvəlki dövrüm olsaydı, deyərdim ki, hə. Amma artıq illərdi belə hadisələrin şahidi oluram və bunu normal qarşılayıram.Yenə də qeyd edirəm, bu kimi halları birbaşa olaraq həm də həmin şəxslərin psixoloji durumu ilə bağlayıram.

-Ümidverici gənc yazarlarımz var?

-Əlbəttə, var. Barmaqla sayılacaq qədər az olsa da, var. Mən 1-ci Gənc Ədiblər Məktəbindən Cavid Zeynallını, Pərvini, Feyziyyəni kifayət qədər inadcıl və istedadlı yazar hesab edirəm. Hətta bunların sırasına rəhmətlik Zərdüşt də daxildir. 2-ci Gənc Ədiblər Məktəbindən isə Ramil Əhmədi tanıdım. Bir çoxunun adını çəkmək olar. İndi Ramil Türkiyədə təhsil alır. İnanıram ki, o, ədəbiyyata layiqli xidmət edəcək.

-Son vaxtlar Salam Sarvanın AYB-in üzvlüyündən imtina etməsi haqda söz-söhbət yayılıb. Hətta özü bu haqda müsahibə də verib…

-Salam çox istedadlı şairdi. AYB-in üzvü olmaq tək həmin qurumun vəsiqəsini daşımaq deyil. Həmin qurumda faydalı və gərəkli işlər görmək, ədəbi tədbirlərdə iştirak etmək, ictimai fəaliyyət də önəmli sayılır. Salam şeirdə güclü olsa da, bu işlərdə çox zəif idi. Onun AYB-nin üzvlüyündən imtina etməsi isə AYB-yə heç bir zərbə vurmur. Sadəcə, onu deyə bilərəm ki, görünür, Salam Sarvana vaxtilə kömək edən dostlara dəqiq qiymət verə bilmir və o üzdən də belə bir aqressiv addım atır. Hər halda, özü bilər. Kimə necə qiymət verməyi öz vicdanının öhdəsinə buraxsın.

-Yanvar ayında 3-cü Gənc Ədiblər Məktəbi başlayacaq.. Bu haqda planlarınız barədə danışardınız…

-Burda qeyri-adi başqa bir yenilik olmayacaq. Eynilə 1-ci və 2-ci GƏM-dəki kimi gəncləri toplayıb yazıçı və şairlərlə görüş keçirəcəyik, onların yaradıcılığı ilə tanış olacağıq. Yenə də məqsəd eyni olacaq:-Gənclərə diqqət və qayğı. Indi gənclər özləri də yaxşı bilirlər ki, onlara böyük dəstək var AYB tərəfindən. Gənc Ədiblər Məktəbini yaratmaqda da məqsəd elə, məhz edəbiyyatda gənclərin inkişafı ilə bağlıdır.

-Rəşad Məcidin ədəbi mühitdə görmək istədiyi nələr var?

-Mənim ədəbi mühitdə görmək istədiyim çox çatışmayan cəhətlər var. Mütaliə zəifdir gənclərdə (təbii ki, hamıya şamil edilmir).

Əsasən, çox oxumalıdırlar gənclər. Əsas məsələ etik normaları qorusunlar. Qara piarla məşğul olmaqdansa, bir bənd yaxşı şeir yazsınlar. Məncə, bu, gəncləri daha çox diqqətdə və gündəmdə saxlayar, nəinki mənasız və boşboğaz qara piarlar.

-Gənclərə arzularınız…

-Gənclərə sanballı oxucu kütləsi arzulayıram. Çox çalışmağı və ədalətli olmağı, dəyərli əsərlər yazmağı arzulayıram. Çünki ədəbiyyatın dəyərli əsərlərə və savadlı oxucu kütləsinə böyük ehtiyacı var.

Əntiqə Səməndər





Həftənin ən çox oxunanları