Yuxarı

“Fikrət Qoca “Daş yuxular”ı yaza bilməzdi”

“Fikrət Qoca “Daş yuxular”ı yaza bilməzdi”

[caption id="attachment_1264" align="alignleft" width="218"]aqsin evren Aqşin Evrən: “AYB-yə qarşı antoqonist mövqeyin kökündə ədəbiyyatdan çox sistem məsələləri durur” [/caption]

Yazıçı Aqşin Evrən “Cümhuriyət” qəzetinin Azərbaycanın ədəbi mühitində baş verən proseslərlə bağlı suallarını cavablandırıb.

- Aqşin bəy, başlayaq günümüzün ədəbi mühitindəki problemlərdən. Sizcə, bu mühitə baxanda nəzərə gələn ilk problem kimi nə görünür?

- Bəsit istedad bolluğu. Tutaq ki, çox gözəl rəsm çəkən və ya heykəl yonan gənclər tez-tez şeir göndərib fikrimizi soruşurlar. Baxıram ki, ya şeyx, bunun çəkdiyi rəsmin möhtəşəmliyinə bax, gəlib yapışıb əntəl bir heca şeirindən. Belə də biz gələcəyin böyük rəssamını da itiririk. Və yaxud sevdiyi kişi ilə ailə qurub, bütün gün xoşbəxtliyindən danışır, həyatında hər şey tam yerində, ancaq şeirini oxuyursan - hicran, vüsal, darıxmaq, həsrət kimi yüngül, standartlaşmış intonasiya. Səmimiyyət yoxdur, öz ağrısı deyil, problemlərini  rəfiqəsindən oğurlayıb. Ədəbiyyatda problemi iki şey yaradır: istedad və istedadsızlıq.

- Bu məsələ uzun müddət gündəmi zəbt etdi. Düzdür, yenidən polemika yaratmaq üçün istifadə müddəti ötmüş məsələdir. Lakin fikrinizi bilməkdə yarar var. Şair Vaqif Bəhmənlinin nazirə mədhiyyəsinə münasibətiniz necədir?

- Ümumiyyətlə, istənilən halda mədhiyyənin ədəbiyyata aidiyyatı yoxdur. Mədhiyyə -“JEK” müdirinə yazılmış məktub janrıdır. Tamam, Nizami də mədhiyyə yazıb, amma biz min il əvvəlin parametrləri ilə günümüzün ədəbi sferasını müqayisə edə bilmərik. Poeziyanın gəlib çatdığı vəziyyət göstərir ki, insan sarsıntısından, ağrısından və ya insan fövqəlxoşbəxtliyindən kənarda yaranan bütün mətnlər sabun köpüyüdür. Vaqif Bəhmənli hadisəsində faciə Vaqif müəllimin nazirə mədhiyyə yazması deyildi, faciə nazirliyin öz şairinə münasibəti idi. Sən nazirliksən, Vaqif Bəhmənli də sənin mədəni simandır, adam da öz sifətinə şapalaq vurar? Ədəbiyyat adamlarının çoxu da nazirliyə olan hirslərini Vaqif Bəhmənlinin üstünə tökdülər. Vaqif Bəhmənlinin yubileyi idi, adamın 60 yaşı oldu: bu cür doğum günü hədiyyəsi, yəni töhmət sadəcə, rüsvayçı bir davranış idi.

- Ümumiyyətlə, bir yazı adamının kimisə mədh eləməsi doğrudurmu?

- Yazı adamına məhdudiyyət qoymaq olmaz e, yəni sən tutalım, koalaların çoxalmasından yazma. Ürəyi istəyən mətni yazar. Sadəcə, məsələ budur ki, yazı adamın mədhiyyəsi ədəbiyyatdırmı, ya yox. Məsələn, Vaqif müəllimin mədhiyyəsi onun şeirlərinin çox altında idi. Zatən, nazirə və ya hansısa məmura yazılmış şeirin güclü mətn olması mümkün deyil. Amma Vaqif  Bəhmənlinin çox gözəl şeirləri var.

- Niyə bu tip nümunələr sırf Azərbaycan və Şərq ədəbiyyatı üçün xarakterikdir?

- Əslində, mədhiyyə Qərb ədəbiyyatında da var. Orta əsrlərdə şairlər, yazarlar və digər sənət adamları kralı mədh edərək yüksək məbləğdə mükafat alırdılar. Şekspirdə də mədhiyyə var. Ancaq Qərb mədhiyyədən əl çəkib, biz əl çəkməmişik. Üstəlik də, antik ədəbiyyatımızda olan mədhiyyələri də bu gün təmtəraqla üzə çıxarırıq. Həm də Şərq heç vaxt azad sənətkarları bağışlamayıb. Şərq sivilizasiyası ədəbiyyatı həmişə din və klassikləşmiş əxlaq qaydalarına qurban verib.

- Niyə yeni nəsil ədəbiyyat adamları köhnə yazarlara, məsələn, Anara, Fikrət Qocaya, ümumiyyətlə, AYB-nin keçmiş nəsil yazıçılarına qarşı barışmaz mövqedə dayanırlar?

- Anara qarşı bu mövqeyin 90 faizinin ədəbiyyatla əlaqəsi yoxdur. Anara qarşı olanların əksəriyyəti ona məişət səviyyəsində nifrət edirlər. Yəni AYB sədri olduğuna görə. Bu yaxınlarda Şirvan şəhərində parlament seçkilərində namizədliyini irəli sürmüş  Rafael Cəbrayılov bu şəhərdə sakinlərlə görüş təşkil edib. Görüş zamanı dostumuz, Şirvan şəhər kollecinin müəllimi  Nicat Həsənəliyev deyib ki, bizim kitabxanamızda çağdaş dünya və Azərbaycan ədəbiyyatına aid kitablar yoxdur. Rafael Cəbrayılov da ondan 300-400 kitablıq siyahı istəyib. Bir həftədən sonra kitablar artıq Şirvan şəhər mərkəzi kitabxanasında idi. Yəni deməyim odur ki, vəzifə insanla bağlı müsbət fikir də formalaşdıra bilər, mənfi də.

- Sizcə, iddia olunduğu kimi, Anar peşəkar yazıçı deyil?

- Bax, vəzifə məsələsinə görə çox vaxt haqsızlıq edirlər, Anarın mətnlərini də onun vəzifədə qalmasının gözünə qatıb pərdələyirlər. Vallah, ədəbiyyat adamlarına yaraşmır e, gərək əlini vicdanının üstünə qoyub danışasan. Anar kifayət qədər peşəkar yazıçıdır. Bu adamın əsərləri bizim həm ədəbiyyatımızın, həm də kinematoqrafiyamızın zənginləşməsində müəyyən rol oynayıb. İndi içi kinlə dolu olanlar deyəcək ki, yarınmaq-zad istəyir. Nənəmin pensiyasını gizlətdiyi corab haqqı, hamı çox yaxşı bilir ki, mən heç bir təşkilata-zada üzv deyil. Ümumiyyətlə, ədəbi qurumlar məni maraqlandırmır, təkliflər çox olub, getməmişəm. İndi adi status yaza bilməyənlər Anarı tənqid edirlər.

- Anar bir QHT sədridir, yəni AYB-nin. Bir yazıçının uzun müddət bir QHT-yə rəhbərlik etməsi niyə müzakirə olunmalıdır? Nə fərqi var, bu təşkilatın başında bir Anar dayandı, yaxud müəyyən bir gənc yazar?

- Məncə də, Anarın AYB-də bu qədər sədr qalması normal deyil. Başa düşə bilmirəm, əsrlərdir Yazıçılar Birliyində vəzifə tutmaq onların nəyinə lazımdır? AYB-nin strukturunda əsaslı dəyişikliklər aparmaq lazımdır. Yeni qan lazımdır, yenilik lazımdır. İndi hamı ədəbiyyatda eksperiment tələb edir, hətta Anar müəllim də. Bir də sistemdə eksperiment edib hansısa gənci AYB sədri seçmək olar. Məsələn, Kanadada 23 yaşlı “uşaq” nazir olur.

- Belə bir fikir var ki, gənc yazarlar gündəmə gəlmək üçün ilk növbədə, köhnə yazarların üzərinə gedirlər?

- Hə, bunun böyük qismi gündəmə gəlmək arzusundan doğur. Ancaq şüurlu və haqlı şəkildə yaşlı nəsli inkar edənlər də var. İnkarçılıq inkişafa yol açır: buğda özünü inkar edir, nəticədə, yaşıl bir bitki cücərir. Gündəmə gəlmək üçün hansısa addım atanları da qınamaq olmaz. Zatən, həmin adamlar öz mahiyyətlərini ortaya qoyurlar. Belə cılız, bayağı işlərlə məşğul olan adamların ciddi ədəbiyyat yaratması mümkün deyil.

- AYB yazarları ilə gənc ədəbiyyat adamları arasındakı uçurumu nə, yaxud kim yaratdı?

- Yazıçının təkcə mətnlə bağlı deyil, hər sahə ilə bağlı bir fantaziyası var. O, hətta marketlərin belə onun düşüncəsində olduğu kimi, fəaliyyət göstərməsini istəyir. O ki qaldı hansısa ədəbi qurumun. Yenə deyirəm, AYB-yə qarşı antoqonist mövqeyin kökündə ədəbiyyatdan çox sistem məsələləri durur.

- Tez-tez müzakirəyə çıxarılan başqa bir məsələyə münasibətinizi bilmək istərdim. Tutaq ki, Əkrəm Əylisli “Daş yuxular”ı yazmasaydı, necə olacaqdı? Niyə bu əsərdən sonra yaxşı yazıçı oldu? Əgər “Daş yuxuları” dəfələrlə tənqidlərə məruz qalmış Fikrət Qoca yazsaydı, o da bu səviyyəyə qaldırılacaqdımı, o da yaxşı yazar olacaqdı?

- Doğrusu, bilmirəm, bizim cəmiyyətin hansı qərarı verəcəyini kəsdirmək olmur. Fikrət Qoca heç vaxt “Daş yuxular”ı yaza bilməzdi. Əkrəm Əylisli isə həmişə yaxşı yazıçı olub. Sadəcə, “Daş yuxular” onunla bağlı bir oyanış oldu. Fikrət Qoca ilə bağlı durum məni çox məyus edir. Məsələn, bir müddət əvvəl Fikrət Qoca “Bakı 2015” adlı şeir yazmışdı. Şeiri oxuyub çox pis oldum, neçə gün özümə gələ bilmədim. Mədəniyyətimizə “Payız gəldi”, “Qaytar eşqimi”, “Bir xumar baxışla” kimi mahnılar bəxş edən bir insanın bu cür bayağı şeir yazması mənə çox pis təsir etdi. Həqiqətən, Fikrət Qocanın gözəl şeirləri var. İndi onun 80 yaşı var, 80 yaşlı biri haqda ittihamlar səsləndirmək çox asandır. Amma məncə, insanı dəfələrlə zəif yerindən vurmaq elə ən böyük zəiflikdir.

- Bəs, Vaqif Səmədoğlu da gənclərin işlərinə qarışsaydı, yaxşı şair statusunda qalacaqdı?

- Vallah, getdikcə özümü Vanqa kimi hiss edirəm. Vaqif Səmədoğluna görə, hətta Səməd Vurğunu da bağışlamaq olar. Vaqif Səmədoğlunun ölümü də istedadlı idi. Çox istedadla öldü. Zaman gələcək tarix qələm adamlarına şəxsiyyətinə görə yox, mətnlərinə görə qiymət verəcək, onda bütün bu suallara cavab tapılacaq. Vaqif Səmədoğlu və Əli Kərim bəşəri istedad idi, buna görə də onlar 1 əsr sonra tamam başqa bir donda - fizik kimi, astroloq kimi bizim qarşımıza çıxa bilərlər.

- Digər tərəfdə isə ara-sıra orta əsr Azərbaycan şairlərinin yaxşı yazıb-yazmaması məsələsi gündəmə gəlir. Məsələn, Məhəmməd Füzulinin yaxşı şair olub-olmamasını müzakirə etmək, sizcə, məntiqlidir? Belə desək, Füzuli öz dövrünün tələblərinə uyğun yazan bir şair idi.

- Heç kimə “Sən Füzulini tənqid etməməlisən”, - deyə bir qadağa qoymaq olmaz. Siyasi məsələlərdə söz azadlığı tələb edənlər, ədəbiyyata gələndə söz azadlığına qarşı çıxırlar. Füzuli təkcə öz dövrünün yox, minilliyin tələblərinə uyğun yazıb. Bizdə əksər oxucular ədəbiyyata, klassiklərə din prizmasından yanaşırlar. Məsələn, bir dəfə biri mənə yazmışdı ki, Səməd Vurğun çoxdan ölüb, ölünün dalınca danışmazlar. Bax, bu düşüncədə olan adam nə qanır Füzuli nədir, Səməd Vurğun nədir? Elə qoruyurlar ki, sanki Məhəmməd Füzuli Amerika robotudur.

Mənsur





Həftənin ən çox oxunanları